Prezident Qvardiyasını məhv etmək tapşırığı verilmişdi

isa sadiqovOnların olduğu avtobusu 709-un qabağına apardılar

Heç bir günahı olmayan gəncləri gülləbaran etdilər

Biz çirkabın, qanın içində idik və tüstü şaşkalarının hisi də üz-gözümüzü tanınmaz hala salmışdı. Bir taksi saxlatdırdıq və təcili olaraq MTN-in idarəsinə sürməyi xahiş etdik. Orada biz Qabil Məmmədovu, Sülhəddin Əkbəri və başqalarını gördük. Prezident Qvardiyası da orada idi. Azərbaycanın gənc, sağlam, seçmə oğulları. Mən onlardan 709- cu briqada ilə bağlı məlumat almaq istədim, amma onlarda heç bir informasiya yox idi. Mən sir-sifətimi təmizlədim. Amma üz-gözüm şişmişdi və hələ də tanınmaz haldaydım. Onlar mənim yaralarıma sarğı qoydular və dərhal da əsgərlərimin arxasınca getmək istədiyimi bildirdim. Onların taleyi ilə bağlı heç nə bilmirdim və bərk narahat idim. Onlar məni dilə tutmağa çalışsalar da qulaq asmadım və maşına əyləşərək 709- un yanındakı 123-cü hərbi hissəyə, əsgərlərimin dalınca getdim. Orada hərbi hissənin yaxınlığında əsgərlərimi tapdım. Onları sağ-salamat tapdığıma görə qanadlanıb uçmaq istəyirdim. Amma onların arasında rota komandiri, ən cəsarətli və mərd döyüşçülərdən biri olan Müşfiq Məmmədovu görmədim. Təkidlə soruşduqdan sonra mənə onun öldürüldüyünü söylədilər…

İsa Sadıqov

Əvvəli ötən saylarımızda

Burada bir qədər geriyə ekskurs etmək istəyirəm.
Əsgərlərim məni görəndə şoka düşmüşdülər, çünki onlara öldüyümü söyləmişdilər. Amma onlar mənim meyitimi də axtarmaq üçün 709-un bütün ərazisini ələk-vələk eləmişdilər. Dedilər ki, mən 709-a əmri aparan zaman onlar mənim göstərişimə əsasən xeyli gözləyiblər. Sonra narahat olmağa başlayaraq 709-a gəliblər və mənim harada olduğumla maraqlanıblar. Mənim həlak olduğumu deyiblər. Bu zaman onlar 709-un ərazisinə giriblər ki, mənim ya özümü, ya da meyitimi götürsünlər. Onların qarşısını kəsə bilməmişdilər. Onları hətta silahlı müdaxilə ilə durdurmağa cəhd ediblər, amma bu kiçik döyüşçü qrupu bütün təhdidlərə baxmayaraq briqadanın ərazisinə keçib. Surətçilər onları sakitləşdirməyin başqa yolunu tapmadıqları üçün mülki şəxsləri onların önünə çıxarıblar. Amma bütün bunlara baxmayaraq, əsgərlər 709-a daxil olublar. Amma orada nə MTN-in, nə də DIN-in qüvvələri olub. Mənim israrla tələb etdiyim, xahiş etdiyim əlavə qüvvə hər bir halda, gəlib çıxmamışdı. Müşfiq Məmmədov mülki şəxslərə izah etməyə başlayıb ki, burada silahlı qarşıdurma var, dinc əhali bu prosesə qatılmamalıdır, xəsarət ala bilərlər. Bu zaman qadınların arxasında gizlənən hansısa şərəfsiz onu düz ürəyindən güllələyib.
Atışma başlayanda Gəncə batalyonunun komandiri Mehman Ələkbərov da irəli duraraq bu qarşıdurmanı dayandırmaq üçün cəhd göstərib, amma 709-un nəzarət-buraxılış məntəqəsinin üstündə quraşdırılmış pulemyotçu onu vurub öldürüb. Onu vuran isə öz əsgəri idi. Bundan sonra 709-cu briqadanı artıq kimsə saxlaya bilməyib, cəhd də etməyiblər, çünki artıq onları saxlamaq mümkün olmayıb: briqada şəhərə yayılıb. Şəhərdə hərbi çevriliş planı işə düşdü. Və bu, təbii ki, qabaqcadan planlaşdırılan bir əməliyyat idi. Ayın 4-də də olmasa, 5-də, 6-da və ya 7-də olacaqdı. Hökmən olacaqdı.
Beləliklə, əsgərlərimi tapdıqdan, baş verənləri özüm üçün dəyərləndirdikdən sonra başa düşdüm ki, baş verənlərin qarşısında tamamilə gücsüzəm və əsgərlərimi də götürüb Kür qəsəbəsinə, nazirin oradakı müvəqqəti qərargahına getdim. Onu orada da tapa bilmədim və kimsə də onun harada olduğunu deyə bilmədi. Artıq Tovuza tərəf gedərkən, mən yolda onu tankın üstündə, balaca bir hərbi kalonun qabağında gördüm və o, guya bu dəstə ilə mənim köməyimə gəlirmiş. Yəqin ki, hamı nəyi isə başa düşdü. Bütün bu günlər ərzində axtarılan və heç yerdə tapılmayan Müdafiə naziri Tovuzda imiş və mənə yardım etmək üçün 50 nəfərlik bir dəstə toplaya bilmiş, bu dəstə ilə də mənim yardımıma gəlirmiş. Tam yerinə düşərdi ki, onu elə oradaca, həmin tankın üstündə güllələyim. Bir qədər əvvəl də söyləmişdim ki, Dadaş Rzayevin nazir vəzifəsinə təyinatı ən yaxşı seçim deyildi və bu təyinat ölkədə onsuz da gərgin olan hərbi münasibətləri daha da dolaşığa saldı. Bir qədər sonralar mən onu məhkəmədə də müşahidə etdim və çox təəssüfləndim. Keçmiş Müdafiə naziri özünün yazıq və qorxaq davranışı ilə sadəcə, ikrah doğururdu.
709-cu briqada şəhərə dağılandan sonra onlar bütün inzibati binaları, o cümlədən də KQB-nin binasını mühasirəyə aldılar. Artıq qan tökülməsinin qarşısını almaq üçün belə razılıq əldə olundu ki, Prezident Qvardiyası Bakıya qayıtsın. Avtobusa həm də iki nəfər Surətçi oturdu ki, onları şəhərdən çıxana qədər müşayiət etsinlər və ya yolu göstərsinlər. Amma nəyə görəsə, Bakıya yollanmalı olan avtobusu 709-un qarşısına gətirib çıxardılar. Və burada şübhəsiz, komanda verilərək, heç bir günahı olmayan gəncləri gülləbaran etdilər. 18 qvardiyaçı, o cümlədən komandir Tahir Məmmədov həlak oldu. Avtobusu deşik-deşik etdilər, güllələmə soyuqqanlıqla, qəddarcasına və düşməncəsinə aparıldı.
Bu toqquşmanın gedişində 22 nəfər həlak oldu. 18 qvardiyaçı, Müşfiq Məmmədov, Mehman Ələkbərov və daha iki nəfər. Onların hamısını surətçilər öldürdülər. Ya da bunu etməklə hansısa məxfi göstərişi yerinə yetirən provakatorlar. Buna görə də mən bir daha geriyə ekskurs edərək bəzi mətləblərə aydınlıq gətirməyə çalışacağam. Bu hadisələr hələ də aydın deyil, amma nəhayət, nə zamansa olmalıdır və mənim buna şübhəm yoxdur.

ardı var