Polis cəbhəçiləri Masazıra qədər “ötürüb”

AXCP-nin Sumqayıt şöbəsində keçirilən iclas şəhərdə fövqəladə vəziyyətin yaranmasına səbəb olub

AXCP Sumqayıt şəhər şöbəsinin məclisinin iclası keçirilib. Bu barədə “Azadlıq”a AXCP yetkilisi Asəf Quliyev məlumat verib: “Iclasda partiyanın rəhbərliyindən mən və sədrin müşaviri Asif Yusifli iştirak edirdi.

Tədbirdə ölkədəki ictimai-siyasi vəziyyət, təşkilati məsələlər, 22 aprel mitinqi ilə bağlı müzakirələr aparılıb. Həmçinin iclasda Sumqayıt şöbəsinin 7 dayaq dəstəsi yaradılması təsdiqlənib. Iclasda şöbəyə yeni sədr də seçilib. Bu, Kəmaləddin Rəhimovdur. Əvvəlki sədr Mahir Qulubəyli isə AXCP Ali Məclisinə üzv seçilib”.

Asəf Quliyev bildirib ki, toplantıdan çıxandan sonra Sumqayıt polisləri onların olduğu avtomobilin qarşısını kəsiblər: “Biz başqa bir görüşə getmək istəyirdik. Lakin imkan vermədilər. Bir qədər mübahisə oldu. Biz qarşıdurmaya getmək istədik. Polislər Masazıra qədər bizi ”ötürən”dən sonra geri qayıtdılar”.

azadliq.info