On minlərin etiraz günü

14Avtoritarizmin daş tanrılarını və rəhmsiz kahinlərini məğlub etmək sənin əlindədir

Əliyevlər rejiminin böyük təlaşla gözlədiyi bir gündür. Saat dörddə 20-ci sahədə daha bir etiraz dalğası baş qaldıracaq. 8 apreldə xalqın Azərbaycan müxalifətini dəstəkləməsi, onun səsinə səs verib, meydanlara çıxması hakimiyyətdə böyük məyusluq yaradıb.
Ilham Əliyev hətta son çıxışında, mitinq meydanını və yaxın əraziləri aşağılamaqdan belə çəkinməyib. Bu o deməkdir ki, diktator artıq xalqdan qorxur, onu meydanlara çıxmaqdan çəkindirmək üçün meydanları aşağılayır. Mitinqə gələn insanları təhqir edir. Bu, Azərbaycan xalqı üçün bir stimul olmalıdır, çünki artıq rejimin heç bir resursu qalmayıb. Indi Əliyevlərin tək ümidi Azərbaycan xalqının bu provokasiyalara gedib etiraz etməməsinədir. Indi rejim gecə-gündüz çalışır ki, mütiliyi dinə çevirsin.  Insanları onun təsirində saxlasın. Amma siz bu tilsimi 8 apreldə sındırdınız. Bu din də, onun daş tanrıları, rəhmsiz kahinləri də gördülər ki, daha onlara səcdə etmirlər. Insanlar həqiqi ədalətin gücünə inanırlar.
Əziz həmvətənlərim, bu hakmiyyətin sonuncu nəfəsini də tükətmək üçün xalqın mübarizəyə ümidi daha da artmalıdır. Meydanlardakı qələbəlik dəfələrlə böyüməlidir ki, bu hakimiyyətin qorxusu artsın, gücsüzlüyü özünə və dünyaya dəfələrlə məlum olsun. Bu mitinq günü üzürsüz səbəbdən evdə oturub, etirazlara qoşulmayan həmvətənlərimiz həm də bu hakimiyyətdən narazıdırlarsa, bilsinlər ki, evdə oturmaqla avtoritarizmə güc verirlər. Bu rejim yalnız yaratdığı xofa, ətalətə istinad edir. Əgər hələ bu yazını oxuyanda da özünüzdən başqa yaxınlarınızı mitinqə dəvət etməmisizsə, bunu indi edin.
Deyin ki, uçan evlərimizin, şərlənərək tutulan yaxınlarımızın, məhkəmələrdə sürünən günahsızların, hərbi xidmətdə yiyə dərdindən güdaza gedənlərin, xarici ölkələrdə çörəkpulu ucbatından küçələrdə yatıb, canına qıyılanların haqqını aramaq üçün meydanlara çıxsın. Deyin ki, onlar meydanlara çıxmasalar, bu rejim hələ milyonlarla ev yıxacaq, nə qədər insan tutduracaq, neçə milyonu dünyaya perik salacaq, ona səs verməyənlərdən qisas alacaq, sonuncu qəpiyinizə göz dikəcək, gözünüzün önündə haqqınızı qamarlayacaq, özünüzün dünəninizi və bu gününüzü məhv etdiyi kimi balalarınızın da sabahını qaranlığa çevirəcək. Deyin ki, siz bu etiraza qoşulsanız, daha sizi əzməyəcəklər, aşağılamağa cürət etməyəcəklər, sizin insan olduğunuz gerçəyini qəbul edəcəklər. Haqqınızı tapdamayacaqlar, yetər ki, siz bir qədər yol tapdayıb bu meydana gəlin, sizinlə eyni dərdi bölüşənlərə şərik olun, dəstək olun.

Seymur Həzi