Misir Mərdanov böyük güclərin hədəfində

Təhsil naziri iri çəkili məmurlarla üz-üzə gəlib; onun karyerasına son qoyula bilər

Xəbər verildiyi kimi, orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi və dərsliklərin monitorinqinin aparılması Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına (TQDK) verilib. Bununla da təhsil naziri Misir Mərdanovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb. Bu da səbəbsiz deyil.
Misir Mərdanovun hakimiyyət daxilində xeyli rəqiblərinin olması onun getdikcə portfelsiz nazirə çevrilməsini şərtləndirir. Təhsil nazirinin əsas rəqibi bəllidir: Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev. TQDK sədri Məleykə Abbaszadənin Misir Mərdanova qarşı çıxması da Ramiz Mehdiyevdən gələn sifarişdir. Lakin təhsil nazirinin başqa iri çəkili məmurlarla da münasibətləri kəskindir. Bunlardan biri baş prokuror Zakir Qaralovdur. Zakir Qaralovla Misir Mərdanovun münasibətlərinin pozulması təhsil nazirinin dərslik biznesini ələ keçirməsi ilə bağlıdır. Bundan əvvəl dərslik biznesi Zakir Qaralovun əmisi, sabiq YAP-çı deputat Zahid Qaralovun nəzarətində idi. Lakin bir neçə il əvvəl Misir Mərdanov Zahid Qaralovun bu biznesinə əl qoydu, bununla da baş prokurora ciddi zərbə vurmuş oldu.
Misir Mərdanovun ARDNŞ prezidenti Rövnəq Abdullayevlə də münasibətləri korlanıb. Bunun səbəbi isə təhsil nazirinin müavini Elmar Qasımovu vəzifədən uzaqlaşdırmasıdır. Elmar Qasımovun Rövnəq Abdullayevlə isti münasibətləri var. Elə bu baxımdan ARDNŞ prezidenti təhsil nazirinin sabiq müavinini işsiz qoymadı. Elmar Qasımov bu günlərdə ARDNŞ-in nəzdindəki Bakı Ali Neft Məktəbinə rektor təyin edildi.
Misir Mərdanov rəqiblərinin hücumlarından sığortalanmaq üçün Paşayevlərə sığınsa da, görünən odur ki, bunun heç bir nəticəsi olmayıb. Əksinə, nazir getdikcə küncə sıxışdırılır və bunun sonu güman ki, Misir Mərdanovun vəzifəsini itirməsilə nəticələnəcək.

Informasiya şöbəsi