«Ölkə qoçu qanunları ilə idarə olunur»

Oliqarx-nazirlər qoçu dəstələrinin ümidinə qalıb

Qurban Məmmədov: «Azərbaycan xalqı belə vəziyyətin davamını istəmirsə, ayağa qalxıb öz taleyini həll etməlidir»

Azərbaycanda zaman-zaman məmurların qeyri-qanuni qoçu dəstələrinin, mini-ordularının olmasına dair məlumatlar yayılırdı. Son vaxtlar baş verən hadisələr bu məsələni yenidən gündəmə gətirib. Müxtəlif qurumların əhaliyə qarşı həyata keçirdiyi tədbirlərdə məhz belə dəstələrin iştirakı gözə çarpır.
Məsələn, Nəqliyyat Nazirliyinin həyata keçirdiyi əməliyyatlarda heç bir sənədi olmayan və sürücülərə qarşı qəddarlığı ilə seçilən insanlar iştirak edir. Onların əməllərindən zərər çəkən sürücülər də bu şəxslərin heç bir sənəd təqdim etməyərək özbaşınalıq etdiyini təsdiqləyir. Sulutəpə və digər ərazilərdə Dövlət Neft Şirkətinə məxsus ərazilərdə evlərin söküntüsünü də məhkəmə icraçıları deyil, məhz ARDNŞ-nin mühafizə dəstələri həyata keçirir və bu da heç bir qanuna cavab vermir. Şəhərin digər ərazilərində Bakı Şəhər Icra Hakimiyyətinin sökdüyü evlərdən sakinlərin zorla bayıra atılmasını da bu tip dəstələr həyata keçirir. Bütün bu faktlar məmurların qoçu dəstələri saxlaması ilə bağlı deyilənləri bir daha təsdiqləyir. Bəs belə halların baş verməsinə, yəni dövlət qurumlarının həyata keçirməli olduğu tədbirləri qanunsuz dəstələrin həyata keçirməsinə ad vermək olar?
Hüquqşünas Qurban Məmmədov hesab edir ki, Ilham Əliyev prezident postunu qanunsuz olaraq zəbt etdiyi gündən Azərbaycan hüquq müstəvisindən çıxıb. Artıq ölkə yazılı qanunlarla yox, yazılmayan, xalqa bəlli olmayan və yalnız bu rejimin müəyyən etdiyi qaydalarla idarə olunur. Bu üzdən də qeyri-qanuni silahlı qüvvələrin, qoçu dəstələrinin vasitəsilə istədiklərini edirlər.
Q.Məmmədovun sözlərinə görə, bu, artıq bütün dünyaya bəlli olan bir faktdır. Buna təəccüblənməyə dəyməz. Əgər Azərbaycan xalqı belə vəziyyətin davamını istəmirsə, ayağa qalxıb öz taleyini həll etməlidir.

Fizzə