Aslan İsmayılov: «Rüşvət verməyə pulu olanın qanunsuz tikilisi yoxdur»
«Vəzifəli şəxslərin səlahiyyət həddini aşması ilə bağlı cinayət işi qaldırılmalıdır»
Sulutəpədə evləri sökülən insanlarla ARDNŞ əməkdaşları arasında baş verən qarşıdurma ilə bağlı cinayət işi başlanılıb. Qeyd edək ki, Daxili Işlər Nazirliyinin məlumatında söküntülərə etiraz edən qəsəbə sakinlərinin şirkət əməkdaşlarına xəsarət yetirdiyi bildirilirdi. Bu da artıq onu deməyə əsas verir ki, baş verənlərin günahı məhz qəsəbə sakinlərinin üzərinə qoyulacaq və həbs edilənlər də olacaq.
Hadisədə diqqət çəkən məqam evlərin Dövlət Neft Şirkəti əməkdaşları tərəfindən sökülməsidir. Məhkəmə qərarı varsa, bunu niyə məhkəmə icraçıları yox, şirkət əməkdaşları yerinə yetirir? Digər tərəfdən, evləri sökülən insanların əksəriyyətində sənəd var və bu sənəd də dövlət qurumlarından verilib. Əgər evlər qanunsuzdursa, buna görə ilk növbədə tikintiyə icazə verən qurum məsuliyyətə cəlb olunmalıdır. Lakin bütün bunları nəzərə alan yoxdur. Başqa bir məqam isə qəsəbədəki evlər arasında ayrı-seçkiliyin salınmasıdır. ARDNŞ yalnız yeni tikilən evləri sökdüyünü deyir. Əgər ərazidə neft varsa, niyə evlərin hamısı yox, yalnız bir qismi sökülür?
Bütün bu məsələlərlə bağlı fikirlərini bildirən tanınmış vəkil Aslan Ismayılov ilk növbədə xuliqanlıqla bağlı cinayət işinin açlımasını düzgün saymır. Çünki baş verənlər xuliqanlıq deyil və hadisənin motivi var: “Xuliqanlıq o vaxt baş verir ki, heç bir səbəb olmadan kimsə kiməsə xəsarət yetirir və yaxud təhqir edir. Burda insanların evini sökürlər, onlar da müqavimət göstərir. Burda davanın motivi var. Xuliqanlıq davanın motivi olmayanda olur. Ona görə cinayət işinin qaldırılma əsası düz deyil. Burda vəzifəli şəxslərin səlahiyyət həddini aşması ilə bağlı cinayət işi qaldırılmalıdır”.
A.Ismayılovun sözlərinə görə, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq hər hansı şəxsin mülkiyyətini əlində almaq, sökmək üçün məhkəmə qərarı lazımdır. Məhkəmə qərarını da ancaq məhkəmə nəzarətçiləri icra edə bilərlər. Hansısa mühafizə xidməti, qoçu dəstəsi bunu edə bilməz. SOCAR-ın mühafizəçilərinin xəsarət alması ilə bağlı məlumat bir daha sübut edir ki, vətəndaşların evini yıxanlar məhkəmə icraçıları yox, şirkət əməkdaşları olub. Bu cür özbaşınalığın dərəbəylikdən başqa adı yoxdur”.
Iki-üç ildir məhkəmə qərarı olmadan da qanunsuz tikililər adı altında vətəndaşların əmlaklarının söküldüyünü, darmadağın edildiyini deyən vəkilin fikrincə, sənədsiz evlərə görə bu tikintilərə icazə verənlər cəzalandırılmalıdır: “Əgər qanunsuz tikililər varsa, deməli, onların qarşısını almağa borclu olan vəzifəli şəxslər vəzifə səlahiyyətlərini yerinə yetirməyib. Burda vəzifə cinayətləri var. Rayon icra nümayəndəsi, bələdiyyə sədri, sahə inspektoru, idarə rəisi, rayon icra hakimiyyəti var. Bunlar hamısı hər bir tikili üçün rüşvət alırlar. Azərbaycanda rüşvət vermədən bir metr hasarı heç kim qaldıra bilməz. Niyə bu şəxslər barədə qanunsuz tikiliyə icazə verdiyinə, bunun üçün rüşvət aldığına görə cinayət işi qaldırılmayıb? Bu, sadəcə olaraq Azərbaycan hakimiyyətinin, bu sahəyə cavabdeh olanların xalqa hörmətsizliyi, nifrətindən irəli gələn bir haldır. Bu bir mexanizmdir. Evi sökülən vətəndaşların hər biri nə vaxt, kimə nə qədər rüşvət verdiyini deyir. Niyə onların birinin ifadəsi alınmır, həmin şəxslər həbs olunmur. Ona görə ki, o şəxslər də rüşvəti yuxarıya verir. Yuxarıdakı da özündən yuxarıya verir”.
Hakimiyyətin bu insanlara düşmən olduğunu deyən vəkil vətəndaşlara da irad tutdu: “Görürüsünüz ki, bu hakimiyyət sizə düşməndir. Niyə rüşvət verib sonra evinizi uçurtdurursuz. Hamısı yazıq, yetim-yesir, əlacsız, kasıb, boğazından kəsib qəpik-qəpik yığıb daşa verənlərdir. Indi bu harınlamışlar onların evini uçururlar. Evləri sökülənlər rayon icra hakimiyyətinin başçısı və Kərəm Həsənova rüşvət verməyə pulu olmayanlardır. Rüşvət verməyə pulu olanın heç vaxt qanunsuz tikilisi yoxdur. Rüşvətini verib sənədini alıb. Həmin sökülən yerlərdə çoxlu sayda sənədi olan evlər var. Əgər o sahədə qanunsuz tikinti gedibsə, o evlər niyə qalıb?”.
Fizzə