BMT Suriyadakı müşahidəçilərin sayını artırdı
Suriyada Bəşər Əsəd rejimi ilə müxaliflər arasında atəşkəs elan olunmasına baxmayaraq ölkənin müxtəlif yerlərindən ölüm xəbərləri gəlir. Müxalif fəalların bildirdiyinə görə, ötən gün hökumət qüvvələrinin açdığı atəş nəticəsində Homs şəhərində 2 nəfər ölüb. Dəraa vilayətinin Qara mahalında ordudan ayrılaraq müxaliflərin tərəfinə keçən əsgərlərlə Bəşər Əsədin əmrindəki hökumət qüvvələri arasında şiddətli döyüşlərin getdiyinə dair xəbərlər yayılıb.
Bundan başqa, ötən gün paytaxt Dəməşqdəki hərbi hava limanında güclü partlayış baş verib. Suriya Milli Inqilab Şurası aeroportun yerləşdiyi Məzzə bölgəsi tərəfdən qalın tüstünün qalxdığını bildirib. Partlayışla bağlı ətraflı məlumat verməyən şura Əsəd rejiminin iki gün ərzində 141 nöqtədə Annan sülh planını pozduğunu və Curut əl Şeyx şəhərində snayperlərin yüksək binaların damlarından vətəndaşları nişan aldığını açıqlayıb. BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi elçisi Kofi Annanın sözçüsü Əhməd Fəvzinin verdiyi məlumata görə, ölkədə vəziyyət yaxşı deyil və atəşkəs rejimi pozulur, hər gün itkilərlə bağlı məlumatlar gəlir.
Bu arada BMT Təhlükəsizlik Şurası uzun sürən müzakirələrdən sonra Suriyada beynəlxalq müşahidəçilərin sayının 30-dan 300-dək artırılmasını nəzərdə tutan yeni qətnamə layihəsi ilə bağlı razılığa gəlib. Layihə həm Rusiyanın, həm də Avropa Birliyinin təkliflərindən ibarətdir. Sənədə əsasən, müşahidəçi qrupu Suriya təhlükəsizlik qüvvələrinin mühafizəsi altında ölkə ərazisində azı 3 ay qalacaq. Sənəddə həmçinin BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın 6 bənddən ibarət sülh planının dərhal icrası, müxalifət və hökumətdən isə zorakılığa dərhal son qoymaq tələb olunur.
Informasiya şöbəsi