Elektron poçt ünvanıma tez-tez dünya ölkələrindən müxtəlif petisiyalara – kampaniyalara dəstək çağırışları gəlir. Bu kampaniyalar insan haqlarından tutmuş mədəni irsin qorunmasına, ekoloji problemlərə, heyvan və bitki növlərinin mühafizəsinə kimi çeşidli məsələləri əhatə edir. Son zamanlar dünyanın gündəmini məşğul edə bilən belə böyük kampaniyalardan biri xüsusi diqqətimi çəkdi. Bu, dünya sularının bəzəyi olan “gözəllik pəriləri”nin qətliamına qarşı başladılan “Delfinlərə azadlıq!” aksiyasıdır.
Bəlkə xatırlayanlar var. Iki il əvvəl məşhur amerikalı fotoqraf Lui Psihoyosun delfinlər haqqında çəkdiyi “Körfəz” sənədli filmi “Oskar” mükafatına layiq görülmüşdü. Bu film zərif “su pərilərinin soyqırımı”nı ortaya çıxaran danılmaz bir fakt idi. “Körfəz” bir Yaponiya qəsəbəsində balıqçıların 23 min delfini ət satışı məqsədilə ovladığını təsvir edirdi. Filmdə həmçinin onların dünya ölkələrindəki əyləncə mərkəzlərinə “sürgün”ündən qazanılan böyük pullardan söhbət açılırdı. “Körfəz”in məqsədi qəti və açıq idi – o, əyləncə mərkəzlərinə axışıb delfin şoularına bilet alan insanları bu köləlik və qətliam işgəncəsinə “yox” deməyə çağırırdı…
Azərbaycanda keçiriləcək beynəlxalq musiqi müsabiqəsi ərəfəsində sosial şəbəkələrdə yayılan “Siyasi məhbuslarsız ”Eurovision!”” çağırışı da mənə bu kampaniyanı xatırladır. Həqiqətən, bəşəri dəyərlər naminə əyləncələrə hədd qoymaq, onları məhdudlaşdırmaq, lap onlardan imtina etmək belə olar! Axı Tanrıdan gəlmiş öz azadlıq haqqını istəyən günahsız insanlar məhbəsdə yatacaqsa, şou və əyləncə mənim nəyimə gərək? Məsum insanların dustaq həyatı yaşamağa davam etdiyi bir ölkədə belə əyləncəli tədbirlərə bilet almaq delfin işgəncə şoularına pul xərcləməkdən daha betər deyilmi? Bu, haqsızlığa, qanunsuzluğa, vicdansızlığa dəstək vermək deyil, bəs nədir?
Bəlkə insanlar bu cür əyləncələrdən imtina etməklə nələrə nail ola biləcəklərinin fərqində deyillər. Amma “Körfəz” faktı göstərdi ki, belə addımlarla böyük dəyişikliklərə yardım göstərmək mümkündür. Film nüfuzlu mükafatı almaqla dünyanın diqqətini bu məsələnin üzərinə çəkdi. Sonradan məlum oldu ki, filmi çəkən heyətə Amerika polisi belə yardım göstərib.
Şübhəsiz, film ətrafında açılan müzakirələr və mübahisələr nəticəsiz ötüşmədi. Ictimaiyyətdən böyük təpkilər gəldi. Tədricən dünyanın bütün sənət adamları, nüfuzlu şəxsləri də bu kampaniyaya səs verməyə başladı. Sonda Isveçrə real addım atdı – Senatdan keçən qərarla delfinlərin əyləncə hovuzlarında, akvariumlarda həbs olunmasını, o cümlədən onların satışını qadağan etdi. Bir çox dünya ölkəsi onların bu humanist qərarına səs verdi.
Hazırda belə bir kampaniya “Delfinlərə azadlıq Platforması” tərəfindən Türkiyənin ən gur turisti mərkəzlərindən sayılan Antalya şəhərində delfinariumların qapadılması çağırışıyla başladılıb. Artıq real nəticələrin əldə olunduğu, yeni hovuzların açılmasının qarşısının alındığı açıqlanıb.
Ingiltərə delfin əyləncə mərkəzlərinin sonuncusunu 90-cı illərdə bağladıb, belə şouları da qadağan edib. Amma bizdə bu, yeni dəb halını almış əyləncə forması sayılır. Bütün sivil cəmiyyət qurmuş xalqlar bu səviyyəyə böyük fədakarlıqlar və qurbanlar bahasına gəlib çıxıb. Bizim insanlar da buna inanmalı və irəli doğru cəsur bir addım atmağa cəsarət göstərməlidirlər. Baxın, Azərbaycanın siyasi məhbusları və siyasi azadlıqları ilə bağlı başlanan kampaniyaların səs-sədası da yavaş-yavaş dünyanın qulağına yetişir. Son bir ildə ölkədə baş verənlərə həmin ölkələrdən gələn reaksiyalar da bunun real sübutudur…
Delfinlərin xilas kampaniyası ilə bizim məhbusların xilas kampaniyasını həm də ona görə qarşılaşdırdım ki, hər iki halda söhbət zorakı dustaqlıqdan gedir. Tibbi baxımdan əsaslandırılır ki, təbii həyatında 40-45 il ömür sürən delfinlərin yaşam müddəti hovuzlara qapadıldıqdan sonra 5 ilə enmiş olur. Azadlığın dəyərini ölçmək üçün bundan real nümunə nə ola bilər ki?!

Delfinlərin və məhbusların xilası
•