İcra başçısının müavini qəza törədib?

Bir qədər əvvəl Lənkəranda baş vermiş ağır yol qəzası gündəlik informasiya agentliklərinin büllütenlərində adi bir hadisə kimi yayınlandı. Söhbət Lənkəran rayon sakini Zaur Aslanovun idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçmək istəyən iki piyadanın vurulması barədə idi.
Yayılan xəbərdə o da deyilirdi ki, hadisə nəticəsində piyadalar – 1963-cü il təvəllüdlü Kərimova Zəminə Fərhad qızı və 1967-ci il təvəllüdlü Əliyeva Arzu Fərhad qızı hadisə yerindəcə ölüb.
Dünən Lənkərandakı mənbələrdən aldığımız məlumata görə, əslində həmin maşının sükanı arxasında şəhər icra hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Səmədağa Mirhəmzə oğlu Abdullayev olub. Qəzanı da məhz o törədib. Sadəcə məsuliyyətdən yayınmaq üçün sürücüsü Zaur Aslanovdan hadisəni törətməsini boynuna götürməsini xahiş edib.
Faktla bağlı Səmədağa müəllimin icra hakimiyyətinin rəsmi saytında göstərilmiş nömrəsinə zəng vursaq da, telefona cavab verən olmadı.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Informasiya şöbəsi