340 manat

Hər bir insanın ən böyük inandırıcılıq gücü onun səmimiyyətidir. Fikirlərində, mövqeyində səmimi olmayanlar həmişə gülüş və ikrah hədəfinə çevrilirlər. Dəxli yoxdur, bu, həm tənqidçilərə, müxalif mövqedə dayanan, həm də yaltaq və məddahlara aiddir. Adam var ki, onun hakimiyyət əleyhinə dedikləri mənə hansısa məddahın rejimi vəsf etməsindən daha iyrənc, idbar görünür. Ad çəkib yeni polemikaya girməyə həvəsim, enerjim yoxdur. Onsuz da son günlərin “Anar çəkişməsi” məni yetərincə yorub.
Tutaq ki, mən Zəlimxan Yaqubu əlbəttə, sevmirəm. Qəbul etmirəm. Amma mən onun bu hakimiyyətə rəğbətinin səmimiliyinə inanıram, o, Əliyevlərə oxuduğu mədhnamələrində zərrəcə saxtakarlıq eləmir, rola girmir. Adam başından bəri belə düşünür və belə yazır. Ona görə də mən heç vaxt Zəlimxan Yaqubla, məsələn, nəinki Elçin Əfəndiyevi heç vaxt tərəzinin eyni gözünə qoymaram. Əlbəttə, hər ikisi mənim üçün sinfi düşməndir, amma Tanrının haqqı Tanrıya, Qeysərin haqqı Qeysərə – məddahlar da bircinsli deyil. Içərilərində səmimi olan və olmayanlar, aktyorluq edənlər və etməyənlər var. Tıpkı Zəlimxan Yaqubla Elçin Əfəndiyev kimi.
Birinci öz saray şairliyində, rejimə xidmətində səmimidir, ikincinin məddahlığı isə adamın ürəyini ikiqat bulandırır. Niyə? Təsəvvür edin ki, Elçin Əfəndiyev 70-ci illərin sonlarında ədəbiyyatla bağlı məruzəsində yaşadığı dövrü bəh-bəhlə mədh edir, 70-ci illəri Azərbaycan mədəniyyətinin inkişafı üçün ən əvəzolunmuz, ələdüşməz dövr adlandırır. Eyni Elçin Əfəndiyev 80-ci illərin sonlarındakı müsahibə və çıxışlarında, həmçinin “Ölüm hökmü” romanında 70-ci illər haqqında “durğunluq dövrü” kimi bəhs edir, həmin illərin Azərbaycan insanının mənəviyyatına və əxlaqına vurduğu ağır yaralardan danışır.
Məddahlar həmişə qorxuludur, amma məddahlığında belə riyakar olanlar daha qorxuludur. Çünki belələri bir gecənin içində qəhrəmana da çevrilə bilər. Hansısa “JEK”i, təhsildəki hansısa problemi, hansısa xəstəxanada tibb bacısının xəstədən rüşvət almasına od püskürərək keçmişlərini, keçmişdəki iyrəncliklərini asanlıqla unutdururlar. Son bir ildə biz çoxlu belə yeni “qəhrəman”ları gördük, tanıdıq. Dərinə getmirəm, arif olanlar söhbətin nədən, kimlərdən getdiyini onsuz da başa düşürlər.
Bəli, insan səmimiyyətini itirəndə o artıq bütün varlığını itirmiş olur. Yaltaqdırsa, ikiqat, üçqat, beş qat nifrət və ikrah qazanır, tənqidçidirsə məddahlardan daha gülməli vəziyyətə düşür. Məni bu moizəni oxumaya vadar edən çoxlu səbəblər var, onlardan bir çoxu ilə son vaxtlar tez-tez qarşılaşıram. Dünən filologiya elmləri doktoru Nizaməddin Şəmsizadənin hakimiyyət qəzetlərindən birindəki müsahibəsini oxuyanda isə bu yazını yazmaq qaçılmaza çevrildi. Təsəvvür edin, adam əvvəlcə həyat şəraitindən gileylənir, maaşının azlığından şikayətlənir, hətta Ilham Əliyevin iqtisadi məsələlər üzrə müşaviri Vahid Axundova müraciət edir ki, bu maaşla 3-4 nəfərlik ailəni necə dolandıra biləcəyini izah etsin. Çox keçmədən isə tamam başqa söz deyir və həmin sözlər iri hərflərlə müsahibənin başlığına çıxarılır: “Ziyalılıq xalqın səviyyəsi ilə eyni yaşamaqdır”.
Gülünc mənzərədir: ziyalılıq xalqın səviyyəsində yaşamaqdırsa, daha nədən narazısan? Xalqın 60-70 faizi üçün sənin aldığın maaş, ümumiyyətlə, yuxudur. Ziyalı deyilsənmi, daha niyə etiraz edirsən, niyə xalqın səviyyəsində yaşamağa qane olmursan? Bu nə qeyri-səmimilikdir? Özünə ziyalı demirsən? Onda buyur, yaşa da xalqın səviyyəsində!
Ən dəhşətli odur ki, müsahibəsində cənab professor hamını Ilham Əliyevin ətrafında birləşməyə çağırır. Guya möhtərəm xalqı yağ-bal içində üzdürmək istəyir, amma bəzi işbazlar ona mane olur. Mən Nizaməddin müəllimə demək istəyirəm ki, o, söhbətə çox gec qoşulub, artıq “padşah yaxşıdır, ətrafı pis” kimi köhnəlmiş, qıcqırmış, şiti-şoru çıxarılmaş laflar işləmir, bununla indi nəinki babat maaş, yüksək orden-medallar almaq, heç çürük qoz da əldə etmək olmaz.
Yeni qafiyə tapmaq lazımdır, Nizaməddin müəllim, yeni qafiyə! Bəlkə bir işə yaradı.