Müxalifətin ikinci mitinqi daha möhtəşəm alındı

22ap18Növbəti mitinq mayın 6-na təyin olundu (FOTO/VİDEO)

Hakimiyyət qarşısında sərt tələblər qoyuldu

İctimai Palata “20-ci sahə”də növbəti uğurlu aksiyasını keçirdi. Saat 16-ya təyin olunan aksiyanın alınmaması üçün hakimiyyət yenə də köhnəlmiş vərdişlərinə əl atdı. Mitinqdən bir gün əvvəl razılaşdırılmış aksiya üçün çağırış vərəqələri yayan gənc fəallar saxlanıldı, həbslər baş verdi.

Yolkəsmə şakəri

“20-ci sahə”yə gələn bütün yollar bu dəfə aksiyanın başlanmasına 1 saatdan da çox vaxt qalanda bağlanıldı. Daha doğrusu o yollarda işləyən marşrutlar xəttən çıxarıldı. Sürücülər etiraf edirdilər ki, onlara saat 18-dən sonra işləmək göstərişi verilib. Lakin hakimiyyətin bu cığallığı baş tutmadı, minlərlə insan yollardakı maneələri aşaraq, piayada, taksi ilə meydanda yer ala bildi.

Polis siyasətə qarışır

Təşkilatçıların məlumatına görə, hakimiyyət bütün gücü ilə mitinqi önləməyə çalışıb. Sumqayıtda mitinqə getmək istəyənlərə əngəl yaradılmasının monitorinqini aparan 3 fəal saxlanılıb. Monitorinqi yerli “Yüksəliş Naminə” qəzeti təşkil edib. Saxlanılanlar qəzetin əməkdaşları Vüsal Teymurov, Aqil Əliyev və Süleyman Fətullayevdir.
Göyçaydan redaksiyamıza verilən məlumata görə, rayondan Bakıya mitinqdə iştirak üçün gələn 15 nəfər yolda saxlanılıb. Saxlanılanlar arasında siyasi məhbus Vidadi İsgəndərlinin qardaşı da olub.

18 yaşdan kiçiklərə qadağa

Mitinq meydanı yenə də Çevik Polis Alayı və mülki geyimli güc orqanları əməkdaşları ilə əhatələnmişdi. Aksiyaya gələnlər xüsusi alətlə yoxlanılıb meydana buraxılırdı. 18 yaşdan kiçiklərin meydana buraxılmaması bir neçə dəfə polislərlə qarşıdurma yaratdı. Şəhərin ən ucqar nöqtələrindən uşaqları ilə mitinqə gələn adamlar polisin tələbini qanunsuz sayır və buna görə mübahisələr düşürdü.

Şüarlar: “Yetər, düş taxt tacından, millət öldü acından”

Mitinqin əsas hissəsi İP-də təmsil olunan partiya fəallarından ibarət idi.  Aksiyada İP-dən kənar siyasi partiya üzvləri, Ziyalılar Forumunun, REAL vətəndaş hərəkatının nümayəndələri, hicab məhbuslarının yaxınları var idi. Bundan başqa, müxtəlif sosial qrupları təmsil edənlər – şəhid ailələri, mülkiyyətlərinə qəsd olunanlar da aksiyadaydılar.
22 aprel mitinqinin ana şüarı – “Sahib ol” idi. Buna görə cəbhəçi gənclər neftinə, təhsilinə, gələcəyinə sahib ol şüarları yazılan köynəklər geymişdilər. Müsavatçı xanımların bəzisi qulaqlarından vicdan məhbuslarının fotolarını sırğa kimi asmışdılar.
Azad Gənclər Təşkilatı, NİDA vətəndaş hərəkatı da orjinal məzmunlu şüar və plakatlarla aksiyadaydılar. Şüarlar arasında vicdan məhbuslarının dərhal azad olunması, yeni parlament seçkisinin keçirilməsi  və ciddi sosial tələblər yer almışdı. Mitinqi bir sıra əcnəbi qəzet və televiziyalardan jurnalistlər də işıqlandırırdı.

Təlaş var, təlaş…

Mitinqin aparıcısı İP KŞ-nın üzvü İbrahim İbrahimli oldu. O, açılış nitqində hakimiyyətin keçirilən aksiyalardan ciddi təlaşlandığını vurğuladı. İlham Əliyevin keçirdiyi müşavirədə “20-ci sahə” barədə ikrahla danışmasını İbrahim İbrahimli ciddi tənqid atəşinə tutdu və bildirdi ki, normal düşüncəli rəhbər öz vətəndaşlarını, ölkəsinin müxtəlif yerlərini sortlara bölməz. İ.İbrahimli dedi ki, meydana toplaşan insanlar Azərbaycanın hər guşəsini əziz vətənin bir parçası bilən insanlardır və məhz onlar ölkədə müsbət dəyişikliyə nail olacaq.

“Hakimiyyətin yeganə ideologiyası görməmişlikdir”

Mitinqin ilk çıxışçısı Müsavat başqanı İsa Qəmbər oldu. Başqan çıxışında hazırda xeyirlə şər arasında mübarizə getdiyini bildirdi: “Mən hələ ötən mitinqdə bildirmişdim ki, xeyirlə şər arasında mübarizə gedir. Əslində bu mübarizə daimi xarakter daşıyır. Biz bu mübarizənin indiki mərhələsini yaşadırıq, yaradırıq. Sonrakı günlərdə də təsdiq olundu ki, sizlərin, xeyirli, işıqlı  qüvvələrin təmsilçiləri ilə hakimiyyətin, şər qüvvələrin arasında mübarizə gedir. Biz bura işıq gətiririk, hakimiyyət isə buranın işığını kəsmək istəyir. Hecə ki, bütün Azərbaycanın işığını kəsməyə çalışır. Biz deyirik ki, yolumuz haqq-ədalət, Rəsulzadə-Elçibəy yoludur. Bunlar isə Leninin, Stalinin yolunu gedirlər. Təsadüfi deyil ki, hakimiyyətin təmsilçilərindən biri deyir ki, İctimai Palata Leninin ad günündə, yəni aprelin 22-də mitinq keçirir. Axı niyə sənin fikrin-zikrin Leninin, Stalinin yanındadır? Axı 22 aprel həm də Milli Qəhrəman Allahverdi Bağırovun ad günüdür. Azərbaycan uğrunda Allahverdi kimi yüzlərlə dəyərləri övladlarımız şəhid olublar. Şəhidlər ölməz – Vətən bölünməz.
Bunlar deyirlər ki, 22 aprel Leninin doğum günüdür, mən isə deyirəm ki, 22 aprel Seymur Baycanın doğum günüdür. Azad düşünməyi bacaran, həqiqəti cəsarətlə deyən gəncliyin doğum günüdür. O gəncliyin ki, hakimiyyətə cəsarətlə sözlərini deyirlər, kefləri istəyəndə müxalifəti də tənqid edirlər, cəmiyyətin nöqsanlarını göstərirlər. Biz burada işıqlı adamların doğum gününü qeyd edirik. Siz isə gedin Leninin dərdini çəkin, Stalinin yolunu gedin, görək hara kimi gedəcəksiniz”.

Bizim yolumuz qələbə yoludur

Ziyalıların cəmiyyətdəki barışdırıcı missiyasından söz açan Müsavat başqanı bildirdi ki, artıq ziyalılar xalqla hakimiyyətin arasında dayanmağın mümkün olmadığını görürlər:
“Bu gün hakimiyyətin ətrafında, demək olar, heç kim qalmayıb. O cümlədən çox az sayda ziyalılar qalıb. Çünki Azərbaycanın əksər dəyərli ziyalıları görür ki, artıq onlar xalqla hakimiyyət arasında qalanda dəyərdən düşür. Ona görə də xalqın yanında dayanmağa üstünlük verirlər.
İctimai Palata ilə Ziyalılır Forumu təmsilçiləri arasında danışıqlar yeni mərhələyə daxil olub. Müzakirələr nəticəsində birgə qərarlar qəbul edilib. Biz tezliklə bu qərarların müsbət nəticələrini görəcəyik. Ona görə də mən hörmətli ziyalılırımız Rafiq Əliyev, Rüstəm İbrahimbəyov,  Ramiz Rövşən, Cəmil Həsənli, Əkrəm Əylisli və Eldar Namazovu salamlayıram.
Artıq onlar hakimiyyətlə xalqın dialoqunun mümkünsüzlüyünü görürlər və bu baxımdan xalqın yanındadırlar. Ona görə də biz onların mövqeyini yüksək qiymətləndiririk. Bizim yolumuz qələbə yoludur. İlham Əliyevin hakimiyyəti isə sıradan çıxmağa, məğlubiyyətə məhkumdur”.

Xalq dəyişiklik istəyir

İsa Qəmbər dedi ki, xalqın qələbəsini təmin edən səbəblərdən biri də dünyanın Azərbaycanda demokratik dəyişiklikləri dəstəkləməsidir: “Həqiqət uğrunda mübarizə aparan dünya artıq bizimlədir. 10 il əvvəl baş verənlər yadınızdadır. Həmin vaxt dünya hansısa səbəblərdən avtoritarizmə dəstək verdi. Heydər Əliyevlə bağlı bir əməliyyat keçirdilər. Onu Türkiyədə yerləşən Gülhanə xəstəxanasından Rusiyanın nəqliyyat təyyarəsində Klivlendə apardılar, guya müalicəyə. Amma indi dünya dəyişib. Dünya ədalət tələb edir”.
Ölkədəki ədalətsizliklərdən söz açan İsa Qəmbər söylədi ki, xalqın seçdiyi komanda hakimiyyətə gələndə bütün sahələrdə düzgünlük, inkişaf olacaq, mülkiyyət toxunulmazlığı təmin ediləcək.
İsa Qəmbərin sözlərinə görə, hakimiyyət böyük görməmişlik edir, öz ətrafındakı milyonçuların da milyonlarını əlindən alır, kasıbların daxmalarını da: “İndi hakimiyyətdə olanlar sabah hakimiyyətlərini itirəndə öz mülkiyyətlərinin toxunulmaz qalmasını istəyirlərsə, mülkiyyət toxunulmazlığına indidən əməl etməlidirlər.
Hakimiyyətin yeganə ideologiyası görməmişlikdir. İqtidar indi məhz bu mərhələdə – görməmişlik mərhələsindədir”.
İsa Qəmbər ölkədə vətənpərvər, azadlıqsevər gəncliyin yetişdiyini dedi: “Gəncliyin bizimlə bir yerdə olması qələbəmizə təminat verən amillərdən biridir”.
Çıxışının sonunda İsa Qəmbər vurğuladı ki, bütün xalq dəyişiklik istəyir və mitinqə gələn insanların sayının artması da bunu sübut edir.

Keçmişi hakimiyyət təmsil edir, müxalifıət yox

Politoloq  Ərəstun Oruclu çıxışında hakimiyyətin müxalifəti keçmişin qalığı kimi təqdim etməsinə toxunaraq dedi ki, 22 aprel mitinqinə qatılanların əksəriyyəti gənclərdir. Onun fikrincə, bu fakt hakimiyyətin iddialarının əsassız olduğunu göstərir. Politoloq hakimiyyətin beynəlxalq aləmin demokratiya tələblərinə dirəniş göstərməsinin perspektivsiz olduğunu vurğuladı və sual etdi: ”Hansı güclə dirəniş göstərirsən?” Çıxışının sonunda o, Azərbaycan hakimiyyətinin bu günü, nə də gələcəyi yox, keçmişi təmsil etdiyini qeyd etdi.

İlaham Əliyev, sənə istefa yaraşır!

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxışında İlham Əliyevi “20-ci sahə” haqqında işlətdiyi ifadələrə görə qınadı. “O, deyir ki, bizə bu meydan yaraşır, amma biz də deyirik ki, İlham Əliyev, sənə istefa yaraşır, istefa ver və get”. AXCP rəsmisi hökumətin veteranlara, pensiyaçılara, müəllimlərə və həkimlərə yetərli maaş və pensiya vermədiyini dedi: “Qarabağ veteranına 27 manat, pensiyaçıya 80 manat, müəllimə 150 manat, həkimə 200 manat verməklə deyirlər ki, sən buna layiqsən”.

Hər yer Sulutəpə olmadan…

Fuad Qəhrəmanlı Sulutəpədə baş verənlərə toxunaraq, hökumətin dinc insanların evlərini başına uçurmasını faşızm, vəhşilik adlandırdı. O, bu hadisəyə istinad edərək əhalini fəal mübarizəyə səslədi. Dedi ki, insanlar düşünməsin ki, siyasətlə məşğul olmuram deyərək hakimiyyətin zülmüdən yaxa qurtara biləcək. Bu yanlış düşüncəni dəyişmənin zamanı çatdığını bildirən natiq dedi ki, şər hamının qapısını döymədən ona qarşı səfərbər olmaq lazımdır.

Məmurda fərasətə bax!

Daha sonra tribunaya mülkiyyət hüquqları pozulmuş insanların nümayəndələrindən biri Münəvvər Həsənova çıxdı. O, “Azadlıq” meydanının mitinqlər üçün qadağan edilməsini qınadı. Bildirdi ki, o meydanı rusun tankından azad edən insanları indi Bibiheybətə mitinq üçün göndərənlər ciddi səhvə yol verir.
Münəvvər xanım varlı məmurların Bakının, rayonların müxtəlif ərazilərini hasarlamasını görməmişlik kimi dəyərləndirdi: “Bəyəm bu vaxta qədər bunlar kimi fərasətli insanlar olmayıb, o yerləri hasarlasın?”. Münəvvər xanım dedi ki, məmurlar yaxşı olar ki, insanların mülkiyyətini qəsb edib hasarlayınca Qarabağ torpaqlarının heç olmasa bir metrini almağa çalışsın. “Şüşə sındırmaq bəhanəsi ilə millətin qiymətli oğlanlarını həbsə atmısınız, amma özünüz xalqın qürurunu sındırısınız” – deyə xanım çıxışında vicdan məhbuslarına dəstək ifadə etdi.

Bir olalım, iri olalım, diri olalım

Müsavat başqanının müavini Gülağa Aslanlı çıxışında başda İsa Sadıqov olmaqla xaricdə yaşayan mühacir azərbaycanlıların  salamını aksiya iştirakçılarına çatdırdı və bildirdi ki, qürbətdəki soydaşlarımız İP-ın başladığı mübarizəyə inamlıdır.
Gülağa Aslanlı növbəti mitiqndə vicdan məhbuslarının iştirak edəcəyinə inamını ifadə etdi. Daha sonra o, hakimiyyətin analoqsuz siyasətini tənqid etdi. Çıxışçı bildirdi ki, analoqsuz səhiyyəmiz olduğundan azərbaycanlı xəstələr kor bağırsaq əməliyyatını belə yerli xəstəxanalara etibar etmir, xaricə gedir. Ölkənin rüşvət və hüquqsuzluq girdabında boğulduğunu vurğulayan G.Aslanlı hakimiyyəti dəyişmək üçün hamını birliyə səslədi və çıxışını da bu məzmunda şeirlə tamamladı.

Bu meydanda ona görə varıq ki…

AXCP-nin Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı isə çıxışında gənclərin tələblərini səsləndirdi: “Bu meydanda ona görə varıq ki, Azərbaycan gəncliyi indiki kimi yaşamamalıdır. Azərbaycan gəncliyi bu zülmə məruz qalmamalıdır, bu əziyyətləri çəkməməlidir. Hakimiyyət illərdir gəncliyi zülmlərə, əzablara düçar edir. Bu ölkənin gəncliyi işsizlik ucbatından ölkəni tərk edəndə yalandan bir milyonluq iş yerindən danışırlar.  Müraciət edirəm Azərbaycan gəncliyinə: Azərbaycanın tələbə gəncləri, siz baxmayın ki, təhsilə qiymət verilmir, Siyavuş Novruzov dərrakəsində olanlar ölkəyə rəhbərlik edir. Baxmayın ki, bizim təhsil sisteminiz məhv olur, gəlin öz imkanlarımızdan istifadə edək, oxuyaq, bu ölkənin gələcəyinə layiqli, intellektual bir nəsil kimi yetişək. İkincisi, bu ölkənin 30-35 faizini təşkil edən gənclik, bəsdir evlərinizdə sakit durdunuz. Bu mübarizədən qıraqda qaldınız. Sizin adınıza bu ölkədə gənclik proqramları tətbiq olunur, amma bunun sizə dəxli olmur. Hər tərəfdə gəncliyin adına evlər tikilir, şəhərciklər salınır, amma siz o evləri nəinki ala bilmirsiniz, heç yanından ötüb keçə bilmirsiniz. O zaman susmalıyıqmı? Xeyr! Biz bu günə qədər olanlara Azərbaycan hakimiyyətinin siyasətinin nəticəsi kimi baxmalıyıq. Dünən pis idi, bu gün də pisdir, amma gələcək belə olmamalıdır!”.
 
 Rədd ol ölkəmizdən!

Evi sökülənlərin daha bir nümayəndəsi Şirinbacı isə başına gələnləri bu cür nəql etdi: “Ağ saçlı ananın başına öz damını yıxdılar. Allah onlara lənət etsin. Nəsimi rayonunda, Mirzağa Əliyev küçəsində yaşayırdım. İndiyədək evimi neçəyə alacaqlarını deməyiblər. Evimi satmaq fikrində deyiləm – işğalçı, korrupsioner, quldur, terrorçu dövlətə. Bir il iki aydır ki, Bakı meri Hacıbala Abutalıbov ilə, onun işğalçı dəstəsi ilə müharibədəyəm. Hüqurlarım pozulur, oğlumu polis idarəsində döyüblər, hadisələr zamanı hamilə gəlinim uşağını itirib”. O, hakimiyyətə də səsləndi: “Axırınız çatıb. Dövlət başçısı tez-tez çıxış edib deyir ki, mənzillərimizin kvadratmetrinə 1500 manatdan pul verir. Mən evimi vermirəm ona. Rədd ol, ey diktator, rədd ol ölkəmizdən. Azərbaycan prezidentinin səlahiyyəti çatmır mülkiyyət haqqında qərar versin. Artıq sənin vaxtın çatıb. Rədd ol ölkəmizdən!”.

İP üzvü Yeganə Əmiraslanova dinc dövrdə əsgərlərimizin ölməsi faktlarından danışdı. O, buna görə nazir Əbiyevi və öıkə başçısını suçladı: “Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, əsgər ölümləri durmadan artsın, amma müdafiə nazirliyi hələ yerində qalsın. İstəyirəm buradan gənclər çağırış etsinlər – “Ar olsun Səfər Əbiyevə!”. Atəşkəs olan bu ölkədə əsgər özünü güllələyir. Ar olsun İlham Əliyevə! Moldovada istiqlala imza atan millət vəkillərinə istiqlal ordeni verildi. Bu orden Milli qəhrəman statusu ilə eynidir, amma bizim ölkədə istiqlala səs verən Arif Hacılı həbsdədir. Ar olsun bu hakimiyyətə! Bu gün insanların hüquqlarını müdafiıə edən Oqtay Güləliyev həbsdədir. Biz haqqımızı müdafiə etməyi bacaran insanlarıq. Bu gün Azərbaycan qadını ləyaqətsizliyə sürüklənmək üzrədir. Bu cəmiyyət 14 vicdan məhbusunun arxasındadır, onlarla siyasi məhbusların arxasındadır. Verin millətin haqqını, bu millət haqqını istəyir. Haqqına sahib ol, Azərbaycan gəncliyi!”.

Qorxaqsınız!

Gənclərin daha bir nümayəndəsi, Müsavat Gənclər təşkilatında sədr müavini  Səxavət Soltanlı da İlham Əliyevin məlum müşavirəsini tənqid etdi. O dedi: İlham Əliyev urək ağrısı ilə mətbəx verilişlərində yağlı yeməklərə baxdığı kimi, ölkədə evi başına ucurulan , evindən bayıra atılan insanlara biz də ürək ağrısı ilə baxırıq”. O, hakimiyyətə “gözünüzü açın, ölkədəki vəziyyətə baxın” dedi. Lakin dərhal əlavə etdi: “başa düşürük, onlar gözlərini açmağa qorxur, çünkü qorxaqlar üzərlərinə hədəf gələrkən qorxurlar və qeyri-ixtiyarı hərəkətlər edirlər”.

İşıqsöndürənlər

Mitinqə yekunu İP KŞ-nın üzvü AXCP sədri Əli Kərimli  vurdu. Əli Kərimli çıxışa başlama ərəfəsində meydanda işıqlar söndürüldü. Mitinqin aparıcısı İbrahim İbrahimli bildirdi ki, bu, Əli Kərimlinin çıxışına qarşı dözümsüzlükdür və elektrikin kəsilməsini bir polis zabiti yuxarıdan aldığı göstəriş əsasında edib. Bir qədər çəkən danışıqlardan sonra elektrik bərpa olundu

“İlham Əliyev məğlub olacaq”

Əli Kərimli 8 aprel mitinqindən sonra hakimiyyətin ciddi narahat olduğunu bildirdi: “8 aprel mitinqi hədəfinə çatıb. Artıq hakimiyyət qorxu, təlaş içindədir. Fövqəladə müşavirələr, yolkəsmələr, avtobusların qarşısını almaq, mitinqə bu qədər maneələr yaratmaq onun etirafıdır ki, Azərbaycan hakimiyyəti bu xalqdan qorxur. Biz azərbaycanlıların çox probelmləri var. Lakin ən əsas problemimiz eşidilməməkdir. Bizim xalqı heç bir dövlət orqanı, heç bir məmur eşitmir. Ona görə də ayrı-ayrılıqda eşidilməyən insanlar bir yerə toplaşaraq problemlərini səsləndirməyə məhkumdur. Bizim artıq problemlərimizi onminlərin, yüzminlərin dililə səsləndirmək vaxtımız gəlib çatıb. Biz hamımız məhbus dostlarımıza, məhbus Azərbaycanımıza azadlıq tələb edək”.
O, İlham Əliyevin bu meydanla bağlı dediklərinə də toxundu: “Xalqı aşağılamağa cəhd etmək, aqressiyaya çağırış, bunların hamısını başa düşmək mümkündür. Qorxuya düşmüş, qaçıb dağılmaqda olan komandasına ürək-dirək vermək istəyir. Bütün məğlub olan avtoritar liderlər sonda belə edirlər. Öz xalqlarına həqarət edirlər, anlamadan uçuruma gedirlər və məğlub olurlar. İlham Əliyev də məğlub olacaq”.

İki dəfə demokratiyanı qurduq, üçüncü dəfə də quracağıq

“Azərbaycan xalqı böyük bir mübarizə yolu keçib. Xalqımız böyük mübarizələrdə bərkimiş bir xalqdır. Onun qarşısını bu yollarla almaq olmaz. Bu gün əslində siz böyük fədakarlıq edərək bəziləriniz piyada, bəziləriniz taksilərlə mitinqə gəlmisiniz. Faktiki olaraq icazəsiz mitinqə gələn kimi gəlmisiniz və sübut etmisiniz ki, artıq mübarizənin yeni mərhələsi başlayıb. Bu mərhələni səciyyələndirən cəhətlər Azərbaycan gəncliyinin bu prosesdə iştirakıdır. Bu mərhələni səciyyələndirən cəhətlər ziyalıların ana müxalifətə dəstəyidir. Bu yeni mərhələ mütləq və mütləq qələbə ilə nəticələnəcək. Ona görə də mən deyirəm ki, qətiyyən xalqdan bədgüman olmayın. Azərbaycan xalqı bu mübarizənin bu mərhələsini qələbə ilə başa vuracaq.
Bu gün dünyada 150-ə qədər demokratik, ya da yarım demokratik ölkə var. Onların yalnız 10-15-i öz xalqlarının səyilə demokratiyanı bərqərar edib. Qalan xalqlara dünya kömək edib. Amma Azərbaycan xalqı iki dəfə, 1918 və 1992-ci ildə azad olan kimi öz daxili gücü ilə demokratiyanı qurub. Bu demokratiyanı xarici qüvvələrin səyilə məğlub ediblər. Artıq dünya dəyişib. Artıq irticaya xaricdən dəstək olmayacaq. Azərbaycan xalqının bir də toparlanması demokratiyanın qələbəsi ilə nəticələnəcək. Atalarımız 3-dən deyib. İki dəfə demokratiyanı qurduq, üçüncü dəfə də quracağıq”.

Bu mübarizə davamlı olacaq

“Biz dostlarımızın həbsdən azad olunmasını, yeni parlament seçkilərinin keçirilməsini, köklü dəyişikliklər, demokratik yolla inkişaf tələb edirik. Əgər bu hakimiyyət demokratik tələblərimizi anlamasa, sivil yolla, addım-addım Azərbaycana demokratiya gətirmək istəklərimizi başa düşmək istəməsə, əgər bu xalqı eşitmək istəməsə, bütün Azərbaycan Quba kimi ayağa qalxacaq. O gün uzaqda deyil”.

Mitinqin qətnaməsini “NİDA”nın İdarə heyətinin üzvü Üzeyir Məmmədli oxudu. Qətnamədə vicdan məhbuslarının azadlığa buraxılması tələb olunur. Qətnamə layihəsində həmçinin söz və mətbuat azadlığına basqılara son qoyulması, əmək haqqı və təqaüdlərin artırılması, bahalaşmanın qarşısının alınması,vətəndaşların mülkiyyət hüquqlarının qorunması tələb olunub.

Sonda İbrahim İbrahimli elan etdi ki, növbəti mitinq mayın 6-da olacaq.

Natiq Güləhmədoğlu