Surət bizi həbs edərək bunkerə atmaq əmri vermişdi

Dişinə qədər silahlanmış böyük bir cinayətkar dəstənin arasında tənha qalmışdım

Hamı qərarın icrasına yekdilliklə razı idi. Mən xeyli rahatlaşmışdım və əmin idim ki, işlər başa çatır. Saat 11-i keçmişdi və heç bir fövqəladə hadisə də baş verməmişdi. Zabitlər kabinetdən çıxmamışdan öncə onlardan xahiş etdim ki, şəxsi heyəti meydana yığsınlar ki, onlarla söhbət edək. Kabinetdə isə mən, Eldar Əliyev, Maqomedov və Prezident Qvardiyasının nümayəndəsi qaldıq. Əliyev mənə təklif etdi ki, şəxsi heyət toplaşana qədər səhər yeməyi yeyək və biz belə də etdik. Bu əsnada bir nəfər gələrək Eldar Əliyevi çağırdı. Bir neçə dəqiqə sonra geri qayıdan Eldar Əliyevin rəngi ağappaq ağarmışdı.

İsa Sadıqov

əvvəli ötən saylarımızda

O dedi ki, Surət Hüseynov gəlib və mənimlə görüşmək istəyir. Anladım ki, mənim bütün ümidlərim o qədər də optomist əsaslara söykənmirmiş və Surət Hüseynovu həbs etməli olan qrup bunu etməyib, o da gündüz saat 11-də şəhərin o başından bura qədər rahatca gəlib çıxıb. Amma geri çəkilməyin də mənası yox idi. Əlavə yardım da gəlib çıxmamışdı və mən dişinə qədər silahlanmış böyük bir cinayətkar dəstənin arasında tənha qalmışdım. Maqomedov bildirdi ki, məni tək buraxmayacaq və bizi birlikdə Surət Hüseynovun kabinetinə müşayiət etdilər.
Surətin qəbul otağında 10-15 nəfərlik bir mühafizə qrupu vardı. Içəridə isə Surət və Nüsrət Budaqov – gələcək müdafiə naziri əyləşmişdi.
Mən özümü təqdim etdim, dərhal da Surətə bildirdim ki, əmrin icrasına dəstək versin və briqadanın buraxılması əməliyyatına başlayaq. Elə bu anda qapılar açıldı və qəbul otağında gözləyən dəstə içəri soxularaq mənim üzərimə atıldı. Maqomedov məni qorumağa cəhd etdi, amma onu da mənə qatdılar və bizi nəylə gəldi, – təpiklə, stullarla, avtomat qundaqları ilə vurmağa başladılar. Mən belə vəhşiliyi heç zaman görməmişdim. Onlar bilirdilər ki, mən Seyfəlidəki hərbi hissəni tərk-silah edərək silahları təhvil almışam.
Təbii ki, bu nəhəng dəstəyə müqavimət göstərmək mümkün deyildi, amma mən döyülə-döyülə də tələb edirdim ki, əmri icra etmək lazımdır, çünki ölkədə müharibə gedir və belə hərəkətlər xəyanətdən başqa bir şey deyil.
Mən nə ağrı hiss edir, nə də bu yaramazların sifətini ayırd edə bilirdim.
Nəhayət, bizi yarımcan vəziyyətdə parka tərəf sürüdülər. Surət bizi həbs edərək bunkerə salmağı əmr etmişdi. Bizi bunkerə doğru sürükləyənlər 10 nəfərə qədər silahlı adam idi və onlar davamlı olaraq məndən susmağı tələb edirdilər. Amma mən susa bilmir və bu it uşağının hansı yaramazlıqlar etdiklərini onların sifətinə çırpırdım. Bu zaman onlardan biri avtomatı hərləyərək mənim bütün sifətim boyu sərt bir zərbə endirdi və bu çapıq bütün həyatım boyu üzümə həkk olundu. Dodaqlarım, burnum, yanaq sümüklərim, qaşım uzunu böyük bir yarıqdan qan fışqırmağa başladı. Amma mən yalnız nifrət hiss edirdim və sanki ağrı bu nifrəti deşib yuxarı çıxa bilmirdi. Amma bütün bu müddət ərzində də susmaq, bunların qarşısında azacıq da olsa geri çəkilmək fikrinə düşmədim. Mən hər şeyə hazır idim. Düşünürdüm ki, ən ağır döyüş məydanlarında bələ qorxunun nə olduğunu bilməyib də bu kiçik köpək sürüsünün önündə geri çəkilmək, onlardan qorxmaq olmaz.ÿ
Hər ikimiz qan içindəydik və bizi beləcə sürüyüb bunkerə atdılar.
Bu bunker nə olan şeydi? Bu, böyük dəmir sistern idi. Onu ortasından kəsib bütünlüklə torpağa basdırmışdılar. Yuxarısındakı balaca bir dəlikdən içəri hava və işıq gəlirdi. Gecə yağış yağdığına görə bunkerin içində dizə qədər çirkli su yığılmışdı. Bizi buraya tullayıb yuxarıda quraşdırılmış ağır dəmir qapını kilidlədilər. Içəridə tam qaranlıq idi və heç nə görünmürdü. Mən ətrafa göz gəzdirdim və balaca bir deşik kəşf etdim. Maqomedova dedim ki, güllə yoluna bənzəyən bu dəliyin altından çəkilərək divara doğru sıxılsın, çünki oradan gülləni tuşlayıb içəridəki adamı öldürmək rahat idi. Az sonra bir taqqıltı gəldi. Düşündüm ki, onlar qapını aralayıb içəri qumbara atdılar. Amma fışıltıya bənzər səs eşidən kimi başa düşdüm ki, onlar içəriyə iki ədəd tüstü şaşkası atıblar. Belə şəraitdə sağ qalmaq, demək olar, mümkün deyildi və təbii ki, onlar bizim axırımıza çıxmaq üçün bu variantı seçmişdilər. Biz boğulmağa başlayırdıq. Balaca bunker iki tüstü bombasının havası ilə sürətlə dolurdu. Maqomedova dedim ki, alt köynəyini çıxararaq islatsın və ağzına dolasın. Özüm də belə etdim. Qapının yanına atılaraq oradakı balaca deşikdən gələn havanı udmaqla özümüzü xilas etməyə cəhd etdik. Çox ümidsiz vəziyyət yaranmışdı və sağ qalacağımıza inamım tamam yox olmuşdu. Birdən bayırdan Maqomedovu çağıran bir səs gəldi. Bu, onun Surətin yanında qulluq eləyən həmyerlisi idi və onu tanımışdı. Maqomedov çətinliklə də olsa cavab verdi. O, bizə yardım etməyə gəlmişdi. O, dərhal qapını açaraq bizi oradan sürüyüb çıxardı, çünki özümüzün oradan çıxmağa heyimiz qalmamışdı. Xilaskar bizi dəhlizə uzatdı və qapını əvəz edən dəmir barmaqlıqları bağladı. Tüstü bu balaca dəhlizdən keçərək yavaş-yavaş dağılmağa, bizim vəziyyətimizsə yüngülləşməyə başladı. Amma o, bizi tamam-kamal aradan çıxarmağa da qorxurdu. Digər tərəfdən də hamı bizi yüzdə-yüz ölmüş zənn edirdi. Belə vəziyyətdən salamat çıxmaq mümkün deyil.ÿ
O, bizi dəhlizdə buraxdı və dönəcəyini vəd edərək getdi. Bayırda, briqadanın həyətində güllə səsləri gəlirdi. 123-cü hərbi hissənin ərazisində qalan əsgərləri düşündüm və onların vəziyyəti mənə əzab verirdi.
Özümdə güc toplayaraq çıxış yolu aramağa başladım. Maqomedovla birləşib dəmir barmaqlığı qırmaq istədik, amma bacarmadıq. Bu halda onu əyərək qatlamaq və altından keçməyi yoxlamağa qərar verdik. Bu, alındı. Maqomedovdan xahiş etdim ki, o birinci çıxsın və mənə də yardım etsin.
Biz çıxa bildik, amma hələ aşağıda, bunkerin girişində idik. Ətrafda atışma səsləri səngimirdi. Bunkerin çıxışında isə buranı qoruyan silahlılar otururdu.
Biz sakitcə bayıra çıxdıq. Bunkerin mühafizəçisi orada idi, amma ətrafdakı atışmadan bərk qorxu içindəydi və panikaya düşdüyü aydın sezilirdi.
Maqomedova dedim ki, mən mühafizəçini nəzarət altında saxlayacağam, o isə yavaş-yavaş hasara doğru getsin. Sonra o nəzarət edəcək və mən qaçacaqdım. Biz belə də etdik və qısa zamandan sonra artıq hasarın o üzündə, azadlıqda idik…

ardı var