İsrailin İrana hücum planı yayıldı

İranın nüvə proqramının dinc məqsədlər naminə davam etdirilməsinə və problemin diplomatik yolla həllinə şübhəylə yanaşdığını bildirən İsrailin Tehran rejiminə qarşı planlaşdırdığı hərbi müdaxilənin detalları açıqlanıb. İsrail televiziyası hərbi mənbələrə istinadən əməliyyatın detallarını yayımlayıb. “Chanel 10” televiziyasının xəbərinə görə, İsrail mayın 23-də İstanbul müzakirələrinin davamı kimi baş tutacaq Bağdad danışıqlarının nəticəsiz qalması halında hökumət orduya İranın nüvə obyektlərinə hücum əmri verəcək.
Əməliyyatda hücum təyyarələri, onları müşaiyyət edən reaktiv təyyarələr, havada yanacaq doldurulması üçün tanker təyyarələr, elektron skaner tipli “AWACS” helikopterləri, axtarış-xilasedici vertolyotları istifadə olunacaq. İsrail ordusunun ən çox güvəndiyi uzun məsafəyə uçma imkanına sahib “F-15” döyüş təyyarələri də bu əməliyyatın ön cəbhəsində olacaq.

Bununla yanaşı Hərbi Hava Qüvvələrinin balansındakı “Eitan” adlı pilotsuz hərbi təyyarə də İran səmasında reydlər keçirəcək. Prosesin ciddiliyini qəbul edən İsrail artıq indidən əməliyyata qatılacaq pilotların ailələri üçün hərbi bazalardan uzaq yerlərdə təhlükəsiz yaşayış bölgələri yaradıb. İsrail İranın bütün nüvə proqramını yox edə biləcək gücə sahib olub-olmadığını dəqiq bilməsə də, hücumun qısa vaxtda, qətiyyətlə və peşəkar həyata keçirilməsi planlaşdırılır. İsrail hökuməti əməliyyatdan sonra Livandakı “Hizbullah” terror təşkilatının hücum edəcəyini nəzərə alaraq ölkənin şimalında son 30 ildə görünməmiş savaş yaşanacağını düşünür.

İnformasiya şöbəsi