Oqtay Gülalıyevi Müdafiə Komitəsi yaradıldı

Ölkənin vətəndaş cəmiyyəti institutlarının bir qrup təmsilçiləri şənbə günü “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin Hüquqlarını Müdafiə Komitəsi təsis ediblər.

RATİ-də keçirdikləri toplantıda təsisçilər O.Gülalıyevin həbsini birmənalı pisləyiblər. Bu həbsi siyasi sifariş adlandırıblar.

Təsisçilər arasında Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi, Sənayedə Şəffaflıq Koalisiyası, Milli Büdcə Komitəsi, Şərq-Qərb Mərkəzi və s. var.

İctimaiyyət nümayəndələri bu həbsi vətəndaş cəmiyyəti institutlarına təzyiq hesab edirlər. Gülalıyevin Hüquqlarını Müdafiə Komitəsi də məhz bu səbəbdən yaradılıb.

Eyni zamanda, “Kür “qərargahının fəaliyyətinin bundan sonra da davam etməsi önəmli sayılıb. Qərargahın fəaliyyətini gücləndirmək üçün və O.Gülalıyevin həbsinə etiraz olaraq toplantının gedişində 20-yə yaxın ictimai qurum və fərdi şəxs qərargaha üzv olmaq qərarı verib.

Komitə beynəlxalq və yerli ictimaiyyətə Gülalıyevin işinin gedişatı haqqında məlumat verəcək və onun maraqlarının müdafiəsini təşkil edəcək.

* O.Gülalıyev 2010-cu ildə baş vermiş sel daşqınlarının əhatə etdiyi ərazilərdə insanların rastlaşdıqları problemlərin monitorinqini aparan “Kür” qərargahı tərkibində fəaliyyət göstərirdi. Monitorinqlər fəlakətlə bağlı vətəndaşlara ayrılan maliyyə vəsaitlərinin mənimsənilməsi və s. kimi neqativləri üzə çıxarmışdı.  

2012-ci il aprelin 8-də Sabirabadın Minbaşı kəndində növbəti monitorinq apararkən saxlanılıb. Aprelin 18-də cinayət məcəlləsinin 220.2-ci  (hökumət nümayəndəsinin tələblərinə fəal şəkildə tabe olmamağa, kütləvi iğtişaşlara çağırış) maddəsilə ittiham irəli sürülərək, barəsində həbs qəti-imkan tədbiri seçilib (contact.az).