Dəyərli ziyalı, dünya şöhrətli Rüstəm Ibrahimbəyovun “Azadlıq” radiosuna verdiyi müsahibədə bir məqam xüsusilə diqqətimi çəkdi. Rüstəm bəy deyir:
“Bizim söhbətlərimiz, çıxışlarımız – bizim qələbəmizdir. Çünki bizim üçün, mənim üçün çox vacibdir ki, alçaldıcı vəziyyətdən azad olaq. O alçaldıcı vəziyyət ki, səni avam, axmaq, qul sayırlar, hesab edirlər ki, ölkədə nə baş verdiyini anlamırsan”.
Rüstəm bəy çox incə məqama toxunub. Bəlkə də çoxları bu incəliyi anlamır. Elə anlamadığına görədi ki, bu ölkə bu durumdadı, onu idarə eləyənlər azğınlığın son həddindədi. Elə bu səbəbdəndi ki, ölkə başçısı belə deyə bilir: “Bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki, mən bu kürsüdəyəm, heç vaxt olmayacaqdır”.
Çünki bu rejim əmindir ki, Azərbaycanda vətəndaş cəmiyyəti formalaşmayıb, kütlə özünü “avam, axmaq, qul sayır və özünü elə aparır ki, sanki ölkədə nə baş verdiyini anlamır. Ləyaqət hissinin dəhşətli defisiti ilə qarşılaşırıq. Hər bir kəs özünün avam görünməməsinə, onların köləsi olmadığını onlara hiss elətdirməyə çalışmalıykən, sükuta üstünlük verir, əslində hər şeyi anladığı halda anlamayan kimi görünməyə üstünlük verir. Bu, bir növ mimikriyadı. Ətraf mühitin rəngini almaq, yan-yörədəki otdan-ələfdən, bördən-böcəkdən, ağacdan, torpaqdan seçilməmək üsulu. Mənzərəni xəyala gətirəndə belə adam dəhşətə gəlir. Az qala bütöv bir xalqı, onun canlı fərdlərini bir-birindən və ətraf mühitdən seçilməyən şəkildə təsəvvürümüzə gətirək. Sanki insan deyilən varlıq yoxdu – hamısı bir rəngdə olan şüursuz canlı mühit. Görün, nə qədər alçaldıcı mənzərə çıxır qarşıya və əlbəttə ki, belə bir mühitdə hakimiyyət başında vecsiz bir uşağı belə oturtsan o, belə deyəcək: ”Bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki, mən bu kürsüdəyəm heç vaxt olmayacaqdır”.
Rüstəm bəy də məhz bu alçaldıcı məqama diqqət çəkir: qoy onlar elə bilməsin ki, biz heç nə anlamırıq və özümüzü onların qulu sayırıq.
Mənə elə gəlir ki, bu elə bir məqamdı kı, cəmiyyətdə birinci olaraq məhz ziyalılar bu addımı atmalı, onlara qul olmadıqlarını anlatmalı, bir az əl-ayaqlarına fikir vermələri olduqlarını xatırlatmalı və sonunda bu ləyaqət hissini cəmiyyətin aşağı hissəsinə də təlqin etməlidirlər. Bir dövlətdə hər bir vətəndaş özünü ağa kimi hiss eləməyənə qədər o ölkə heç bir vaxt müzəffər ola bilməz. Özünü Qarabağ torpaqlarının və bütövlükdə Azərbaycanın ağası saymayan, saya bilməyən sıravi vətəndaş, gənc heç bir vaxt o torpaq uğrunda ürəkdən döyüşə bilməz, o ölkə üçün can-başla çalışmaz. Özünü qul hesab eləyən hər kəs nə qədər vətənpərvər olur-olsun bir gün, dar bir məqamda mütləq belə deyəcək: “Eh, bu ölkədən mənə nə? Onsuz da onu bir ovuc ağa yeyir. Bizə heç it p..u da çatmır…”. Bu boyda pərişanlıq insanı heç vaxt qələbəyə apara bilməz. Əsil hökmdar isə kölələrin deyil, azad insanların hökmdarı olmağa can atan şəxsdi. Kölə əxlaqsızdı, əxlaqsızla isə haraya qədər getmək olar… bunu ərəb baharı bizə açıq-aydın görsətdi. Qəzzafini it kökünə salan məhz onun özünü yetişdirdiyi kölələr idi…
Rüstəm bəy müsahibəsinin sonunda bir daha vətəndaş cəmiyyətinin, ictimai-siyasi aktivliyin artmasının vacibliyindən danışaraq hakimiyyət Olimpinin başında oturanların məzmunuyla bağlı deyir: “…Çünki kimlərisə yenidən tərbiyə etməyə ümid yoxdur, onları indi başqaları ilə əvəzləmək də o qədər real deyil. Amma onları hansısa ictimai, demokratik normaları yerinə yetirməyə məcbur etmək mənə az-çox real görünür”. Bu bədbin və bəlkə də sevindirici notdan sonra bir daha əvvələ qayıdırıq: birinci addımımız onlara qul olmadığımızı hiss etdirməyimiz və alçaldıcı vəziyyətdən azad olmağımızdı.

Onlara qul olmadığımızı anlatmaq
•
•