O yerdə mitinq keçirmək artıq insanlıq borcudur

Ilham Əliyev yağlı yeməkləri itsürütməsi etdiyi məlum, məşhur və məşum çıxışında müxalifətin icazəli mitinqini ölkədəki sərbəst toplaşmaq azadlığının təsdiqi adlandırıb.
Ardınca da Əli Həsənov əlahəzrətlə eyni havanı çalıb.
Indi razılaşdırılmış mitinq tənqidçiləri bunlardan həvəslənərək deyirlər: “Görürsünüz, biz deyəndə ki, müxalifət Bibiheybətə getməməlidir, dünyada öz demokrat imicini yaratmaq üçün hakimiyyətin əlinə bəhanə verməməlidir, nə qədər haqlı və uzaqgörən olmuşuq”.
Allahı sevərsiniz, bəsdirin! Ilham Əliyevdən də, onun böyür-başındakılardan da belə reaksiyaların gələcəyini nəinki sizin qədər hamı təxmin edirdi, hətta gün kimi aydın bilirdi.
Siz onu deyin görək, sanki bunlar mitinqlərə icazə verməyəndə “Düzdür, razıyıq, boynumuza alırıq, etiraf edirik, ölkədə sərbəst toplaşmaq yoxdur”mu deyirdilər? Ya da bəlkə, dünya mitinqlər keçirilməyəndə sərbəst toplaşmaq azadlığını təmin etmədiyinə görə rejimin pişiyini ağaca dırmaşdırırdı, bizim xəbərimiz yox idi?
Dünya Azərbaycanda nə baş verdiyini bizdən gözəl bilir. Bu, Əliyev irticası haqqında planetin ən nüfuzlu, prestijli yayın orqanlarında yazılıb-pozulanlardan aydın görünür. Iş o yerə çatıb ki, əvvəllər biz Azərbaycan reallıqları haqqında dünyaya məlumat ötürürdük, amma indi biz özümüz Azərbaycan reallıqlarını “Şpigel”dən, “Guardian”dan, “Vaşinqton Post”dan, “Euronyus”dan-zaddan baxıb, oxuyub öyrənirik.  
Artıq dünya ucqardakı bir mitinqlə Əliyev rejiminin demokratik, sərbəst toplaşmaq, söz, ifadə azadlığına sayğılı olduğuna inanacaq qədər sadəlövh deyil. Sadəlövh olsaydı, mitinqləri neyləyirdi, elə təkcə “Azadlıq” qəzetini, “Turan” Agentliyini, Leyla Yunusu göstərib Azərbaycanda demokratiyanın fontan vurduğunu söyləyərdi, söhbət də bağlanardı.

***

Bu yazdıqlarım bir yana.
Ilham Əliyevin mitinq üçün ayrılan yer üzərindən müxalifətə həqarət etməsindən sonra o yerdə mitinq keçirmək artıq bir insanlıq, bir vətənsevərlik borcudur.
Bu iki səbəbdən:
BIR: Ilham Əliyev mitinqin keçirildiyi yeri ələ salmaqla o ərazidə yaşayan minlərcə insanı ələ salmışdır, onların hissiyyatı ilə oynamışdır. Təkcə həmin insanların qüruru, şərəfi naminə həmin yerdə mitinq keçirmək qutsal bir görəvdir.
IKI: Ilham Əliyev mitinq yerinə həqarət dolu sözləri ilə heç bir bəraəti olmayan bölücülüyün altına imza atmış, Azərbaycanın onun üçün sadəcə Bakının mərkəzindən, Prezident Administrasiyasının böyür-başından ibarət olduğunu açıq-açıq ortaya qoymuşdur. Bu ayıba “dur” demək, bu bölücü zehniyyətə son qoymaq üçün 22 aprel mitinqinin də mütləq və mütləq həmin ərazidə keçirilməsi mütləq zərurətə çevrilmişdir.

O zirvənin adı – Fazil

Dünən saytlarda Fazil Qəzənfəroğlunun partiyaların büdcədən maliyyələşməsi ilə bağlı içində parlament olmayan parlament binasındakı çıxışını gördüm.
Deyib ki, AXCP-yə maliyyə ayrılmamalıdır.
Mənə qalsa, bugünün reallıqlarında heç bir partiya büdcədən maliyyələşməməlidir. Axı bu, azad, ədalətli seçkilərə söykənən bir ənənədir. Seçkilərin demokratik olmadığı, milli iradəni əks etdirmədiyi bir ölkədə partiyaları maliyyələşdirmək nazirliklərdə verilən “paket maaş” kimi bir şeydir.
Bu öz yerində.
Bəs görək Fazil Qəzənfəroğlu AXCP-nin büdcədən maliyyələşməsinə niyə etiraz edir? Sitat: “Bu, AXCP xarici səfirliklərin AXCP-sidir, Elçibəyin AXCP-si deyil”.
Bu, utanmazlığın ən son həddidir. Artıq illərdir ki, özü Elçibəyin Fazili yox, hakimiyyətin Fazili ola-ola, bir başqasını Elçibəyin yox, səfirliklərin AXCP-si olmaqda ittiham etmək insanın bütün vicdani, əxlaqi hisslərini itirməsindən xəbər verir.
Üstəlik, Qəzənfəroğlunun məntiqindən belə çıxır ki, guya hakimiyyət Elçibəyə dəhşət sayğılıdır, onun yolu ilə gedənləri çətiri altına almaq üçün sinov gedir. Ayıbdır, ayıb! Elçibəy haqqında həqarətlərin ən böyüyünü, ən bağışlanmazını etmiş bir adamın yanına düşüb baxça açılışına getməkdən utanmaq, qızarmaq yerinə, başqalarının Elçibəyə sevgisini, Elçibəy sədaqətini sorğulamaq üçün insan əxlaqsızlığın zirvəsinə yüksəlməlidir.
Bu qədər.