Əliyev xalqdan necə qorxdu?

20-ci sahədəki mitinqdən narahatçılığı dövlət başçısını xalqı təhqir etməyə vadar etdi

Ilham Əliyevin bir fikrinə reaksiya verəcəyik. Amma bir az gec. Gecdir ona görə ki, bəzi fikirlərə dərhal cavab vermək onu ciddiyə almaq kimi yozula bilər. Ilham Əliyevin siyasət barəsində, daha doğrusu siyasətə dəxli olan fikirlərinə həmişə belə – iki üç gün sonra cavab vermək lazımdır. Ona görə yox ki, onun fikirləri cavab tələb edir, ona görə ki, onun fikirlərinə istinadən hansı durumda olduğunu xalqımıza çatdırmaq lazımdır.
Ilham Əliyev yağlı yeməklərdən danışdığı müşavirədə siyasətə də vaxt ayırıb. Deyib ki, bizdə sərbəst toplaşmaq azadlığı var, müxalifət də layiq olduğu yerdə aksiyalar keçirir. Bu da bir aşağılama cəhdi. Amma bilmədən özünə ağır zərbələr vurub Ilham Əliyev. Öz hökumətinin nə qədər insanlara və insanlığa uzaq bir siyasət içində olduğunu göstərib.  Iyirminci sahə lənətlənibmi? Orda yaşayan insanlar alçaldıqları üçünmü oraya köçürülüblər, məskunlaşıblar? Təbii ki, bu yanaşma Ilham Əliyevin insana, vətəndaşa olan səmimi mövqeyi, münasibətdir. Yəqin ki, 20-ci sahəni insanları ilə birlikdə Ermənistana, Rusiyaya bağışlamaq da olar. Axı oralar varlıların məhəllələri deyil.

Müxalifət ora layiqdir…

Ilham Əliyev düz deyir. Azərbaycan müxalifəti ora layiqdir. Azərbaycan xalqına, onun bütün zümrələrinə layiqdir bu müxalifət. Hər qarış torpağa layiqdir. Bizim üçün şərəflilik mənasında bu ölkənin hər qarışı eynidir. Biz torpağa korrupsiya ölçüsü, göydələn üçün yararlılıq səviyyəsinə görə qiymət vermirik. Bizim üçün vətənin hər qarışı eynidir, onun uğrunda savaşıb ölərik. Ilham Əliyev müxalifəti ora layiq bilməklə özünü layiq bilmədiyini deyib. Onu da düz deyib. O, bu ölkəyə, bu xalqa layiq rəhbər deyil. O, milləti alçaldaraq, yalnız baha qiymətə satdığı torpaqları yüksək qiymətləndirərərk özünün siyasətçi kimi, dövlət başçısı kimi münasibətini ortaya qoydu.

Bəlkə oyun oynayır cənab Əliyev?

Ola bilsin ki, Ilham Əliyev bir az da siyasətçilik eləmək istəyib. Mitinq məkanını aşağılamaqla insanların ora gəlişinin qarşısını almağa cəhd edib. Amma yenə səhv edib.  O bilmir ki, bütün ölkə onun başçılıq etdiyi sistemə nifrət edir? Insanlar etiraz üçün ən ucqar yerlərə getməyə hazırdılar və gedirlər. Ilham Əliyev əyalətlərdən devrilən diktatorları unudubmu? Yəqin unutduğuna görə 20-ci sahə ona çox uzaq gəlir. Bir zalımı devirməyə yaranan inam bəs edir. Inam olduqdan sonra məsafə yox kimidir. Başlıcası da Əliyev hamıya göstərdi ki, insanların müxalifətin mitinqinə getməsindən narahatdır. ONA GÖRƏ DƏ ƏZIZ XALQIM, BIZ BU HAKIMIYYƏTI TƏKCƏ NARAHAT ETMƏYƏK, HƏM DƏ MƏĞLUB EDƏK, TARIX EDƏK. Siz meydanlara gəlin!

Seymur Həzi