Əliyev rejiminə təzyiq artacaq

“Sərhədsiz reportyorlar”dan Azərbaycan hakimiyyətinə kəskin ittihamlar

“Jurnalistlərin qatilləri, basqınçılar, basqınların səbəbkarları cəzasız qalır və buna görə məsuliyyət hakimiyyətin üzərinə düşür”

“KİV-in əksəriyyətinin bir qrup yırtıcının maraqlarının müdafiəsi üçün alət olduğu bir ölkəyə kim vəsait yatıracaq?”

“Sərhədsiz reportyorlar”ın Avropa ölkələri Bürosunun rəhbəri Yohan Bira “Turan” agentliyinlə müsahibə verib. Müsahibəni təqdim edirik:

– Sizin təşkilatın, həmçinin Freedom House, HRW və digər təşkilatların son hesabatları göstərir ki, Azərbaycanda insan və KİV hüquqları kobud şəkildə pozulmaqda davam edir, ölkədə plüralizm yoxdur. Srağagün İdrak Abbasov vəhşicəsinə döyülüb. Məsələ nə yerdədir, nə üçün vəziyyət düzəlmir, Səbəblər nədir?
– Dünya ölkələrində illik azadlıq indeksində Azərbaycanın  reytinqi bu illər ərzində aşağı göstəriciyə enib (179 ölkə arasında 162-ci yer). 2011-ci ilin yazında Bakıda müxalifətin etirazlarına qarşı sərt repressiyaların, həmçinin İranla münasibətlərin pisləşməsi, kəskinləşməsi nəticəsində  son bir neçə ayda vəziyyət olduqca pisləşib.
Müxalifət jurnalistlərinə hücum, onların oğurlanması faktları da daxil olmaqla, tənqidi səslərin susdurulması üçün bütün tədbirlərə əl atılıb. Qənimət Zahid və onun ailə üzvləri ölümlə hədələnib, nümayişləri işıqlandıran jurnalistlərə təzyiqlər edilib, xarici jurnalistlər üçün viza məhdudiyyəti  tətbiq edilib, müxalifətçi blogerlər və dini jurnalistlər azadlıqdan məhrum ediliblər.
Medianın plüralizmi son illərdə kəskin şəkildə azalıb və yalnız bir neçə KİV və İnternet-resurs hazırda dövlət nəzarətindən kənarda qalır.
KİV işçilərinin qatilləri, basqınçılar və bu basqınların səbəbkarları cəzasız qalır və bu vəziyyətə görə ən çox məsuliyyət hakimiyyətin üzərinə düşür.
Görünür, kütləvi neft dollarlarının axını və Azərbaycanın strateji vəziyyəti hakimiyyətə özünü getdikcə daha əmin hiss etmək və vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətin tənqidlərini daha az eşitmək imkanı verir.

– İdrak Abbasovun başına gələn hadisə ölkənin beynəlxalq imicinə necə təsir edəcək?
– Bu hadisələr ölkənin beynəlxalq imicinə güclü təsir etməlidir. Bakı beynəlxalq aləmdə geniş piar-kampaniya həyata keçirir, əsas diqqəti paytaxtın sürətli dəyişməsinə və iqtisadi inkişafına çəkir. İndiyədək bu kampaniya kifayət qədər səmərəli idi. Amma biz ictimaiyyətin vəziyyətdən getdikcə daha çox xəbərdar olduğunu və Azərbaycanda bir çox beynəlxalq QHT-lərin qoşulduğu Eurovision müsabiqəsi ilə əlaqədar etirazların artdığını görürük.
Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev mətbuat azadlığı, əhalinin qanunsuz köçürülməsi, toplaşmaq azadlığının pozulması və s. ilə bağlı tənqidi iradlara cavab vermək məcburiyyətində qalıb. O, kafi cavab verməsə də, bu məsələlərə toxunması faktı özü çox şeydən xəbər verir.

– İnsan hüquqları və KİV azadlığı nöqteyi-nəzərdən Azərbaycanla bağlı proqnozlarınız necədir?
– Çox şey yerli və beynəlxalq QHT-lərin nüfuzlu beynəlxalq təşkilatları məlumatlandırmaq imkanlarından asılı olacaq. Bu orqanlar Azərbaycan hakimiyyəti ilə insan hüquqları, vətəndaş cəmiyyəti ilə ciddi dialoq qurulması məsələləri üzrə ciddi işləməlidir.
Onlar Bakıya izah etməlidir ki, ölkə insan hüquqları problemini həll etməsə beynəlxalq aləmdə uzunmüddətli uğur əldə edə bilməz.
Bakı başa düşməlidir ki, azad KİV-lərin mövcudluğu ölkənin uzunmüddətli iqtisadi inkişafı maraqlarına cavab verir. Ciddi iqtisadi araşdırmaların mümkün olmadığı, KİV-in əksəriyyətinin bir qrup yırtıcının maraqlarının müdafiəsi üçün alət olduğu bir ölkəyə kim vəsait yatıracaq?

– Azərbaycan məmurları insan hüquqları haqqında danışarkən adətən bütün ittihamları təkzib edir, bunu beynəlxalq aləmdə nailiyyətləri, Avropa Şurasına, ATƏT və BMT-yə üzvlüyü, Eurovision-un ölkədə keçirilməsi ilə əsaslandırır. Siz Azərbaycanın dünyada real imicini necə təsvir edərdiniz?
– Azərbaycanın bütün dünyada yayılmış imici və “real mənzərə” arasında hədsiz ziddiyyət var.
Böyük vəsaitə malik olan hakim rejim müsbət imicin təbliği məsələsini uğurla həll edib. Bu, neft satışından əldə olunan böyük məbləğlərlə əlaqədar baş verib. Bu bum BTC boru kəmərinin açılışı ilə də bağlı olub, bu boru kəməri Bakını qərb ölkələrinin strateji partnyoruna çevirib.
Ümid edirik ki, hüquq müdafiəçilərinin  kampaniyaları sayəsində xaricdə Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında məlumatlılıq artacaq. Bundan başqa, Azərbaycan hakimiyyətinə təzyiq artacaq ki, bu da çox vacibdir.