Əzizim Aidə, sənsizliyin bir ili tamam olur. Sənə birinci məktubumu sənsizliyimin qırxıncı günündə yazdım. İndi ikinci məktubu yazmamaq mənim gücüm xaricindədir.
Bu günlərdə dost-tanışı, qohum-əqrəbanı il mərasiminə dəvət edəndə çoxundan eyni şeyi eşitdim: “Bir il nə tez keçdi?” Hardan bilsinlər ki, bir ilin hər günü mənim üçün bir əsrə bərabər idi. Hardan bilsinlər ki, gecələr bu qədər uzun olarmış.
Nəvəmiz Nicatın Almaniyadan “Facebook” səhifəmə göndərdiyi Könül Xasıyevanın ifasındakı “Gecələr” şərqisi hər gecə könül həmdəmim olur. Bir də mənim gecə həmdəmim dəyərli dostumuz Şahbaz Xuduoğlunun sənin haqqında çap etdirdiyi “Gözlərin buraxmır məni” kitabıdır. Şahbaz bəyə bu ərməğan üçün həmişə mənən borclu olacam (O, madiyyətə yönəlik düşüncə sahibi deyil).
“Dəyərlər” saytından gözəl jurnalist Kamal bu yaxınlarda mənimlə bir saatlıq söhbət elədi. Axırıncı sualı beləydi: “Aidə xanımsız bu bir ildə həyatınız necə keçdi?” Əzizim, əfsuslar ki, sən o cavabı oxuya bilmirsən. Ancaq əminəm ki, o cavab ruhuna hopub: Əgər buna həyat demək olarsa, bu bir ildə bir an belə olmayıb ki, mən onun ruhu ilə bir yerdə olmayım. Ancaq nə etmək olar?”
Dünyanın çoxsaylı ölkələrindən olan dostlarımız sənin haqq dünyasına qovuşmağınla əlaqədar başsağlıqları göndərərkən həyata fəlsəfi baxmağı, ailəmizin qalan üzvləri üçün, el üçün, xalq üçün yaşamaq gərəkdiyini tövsiyə edirdilər. Böyük şairimiz Nazim Hikmət demişkən, onsuz da birimiz o birimizdən nə vaxtsa tez getməliyik.
Hörmətli yazarımız və dostumuz Elxan Xanəlizadə səndən sonra “Bizi tanıdanlar” adlı bir film çəkdi. Düşünürəm ki, sənsizliyimin acılarını və iztirablarını çox ustalıqla verib.
“Gözlərin buraxmır məni” kitabında dəyərli şairimiz Mübariz Məsimoğlunun yazdıqları necə də həyatidir. Jurnalist Mübariz bəydən soruşur ki, yeni yaranan ədəbiyyatımızda qadına ali, ilahi sevgini görmürük. O isə cavabında deyir ki, bu günlərdə mən bu sevgini gördüm və çox təsirləndim, Rafiq Əliyevin qadınına yazdığı məktubu oxudum, bu, əsl ədəbiyyat nümunəsi idi.
10 fevralı – doğum günümü birinci dəfə sənsiz keçirdim. Yalnız bacıların, Kəmalə və Şamil, bir də dostlarım Pərviz və Ramin mənimlə idi. Hamımız səninlə görüşə gəldik. Pərvizin və Raminin həmin gündən yazısına sənin ruhun necə də hopmuşdu…
Əzizim Aidə, minnətdaram ki, mənə Kəmalə, Zülfiyyə, Rəşad kimi övladlar bəxş etmisən, Leyli kimi gəlin qismətimizə çıxıb. Bu bir ildə onlar məni heç tənha qoymadılar. Həmişə yanımda oldular.
Hərdən Kəmalə mənə irad tutur ki, niyə yeməyini axıra kimi yemirsən. Görən, o bilirmi ki, hər dəfə sənin payını saxlayıram?..
Həyatın qəribə anları varmış. Təzada bax. İndi hər an mən üzülürəm ki, niyə mənimlə bir yerdə deyilsən. Əminəm, sən də düşünürsən ki, nə yaxşı bir yerdə deyilik.
Tanrı bilən yaxşıdır. Geci-tezi var.