Pulları o qədər çoxdur ki, qanun-filan yadlarına düşmür.
Bunun tək bir səbəbi var.
Idarəetmə sistemi rüşvətlə tənzimləndiyi üçün qorxmurlar.
Vəssalam.
Rüşvət ver, vəzifəyə keç və sonra da nazirlikdə, komitədə, icra hakimiyyətində, xəstəxanada, məktəbdə, universitetdə AĞA ol.
Azərbaycanın evini rüşvət yıxıb.
Rüşvət qanunun çiynində oturub, oturmasaydı, kiçik məmurun, icra başçısının, nazirin ağzı nəydi ki, özünü qoçu kimi aparsın.
Görün, qanun nə qədər tapdaq altındadır ki, adamların evlərini başlarına uçururlar, obyektlərini dağıdırlar, görəvini yerinə yetirən jurnalistləri vəhşicəsinə döyürlər.
Elçibəy hakimiyyəti zamanı bir nazir bir qəzet işçisinə bir şapalaq vurdu, düz 20 ildir ki, milli hakimiyyətdən söhbət düşəndə bu faktı baş qaxıncı edirlər.
Özləri isə nə qədər mətbuat işçisini ölümünə döyüblər.
Idrak Abbasovun günahı nə idi ki, huşunu itirənə qədər döyüldü?
Nədən müxalif qəzet əməkdaşları Azərbaycanı tərk etmək məcburiyyətində qalır?
Elmar Hüseynovu, Rafiq Tağını qətlə yetirənlər nəyə görə hələ də cəzasızdır?
Xədicə Ismayılovaya qarşı etdikləri kişiliyə sığışan hərəkət idi?
Hakimiyyət, var-dövlət hərisliyi harınların gözlərini tutub.
Xalqın böyük əksəriyyətini it günündə yaşatdıqları bəs deyil, üstəlik, hər kəsin qarşılarında boyun əyməsini də istəyirlər.
Istəyirlər ki, yarımac yaşatdıqları müəllim, həkim, alim ikiqat dayansın hüzurlarında.
Istəyirlər ki, Azərbaycan kişilərinin başları dizlərinin arasına girsin.
Istəyirlər ki, qaçqınlar, didərginlər, sərgərdanlar haramla sahib olduqları villaları, obyektləri, maşınları görəndə “halaldır”, desin.
Bir sözlə, özlərindən olmayanları, onlara çəpik çalmayanları qul kimi, kölə kimi itaətdə saxlamaq fikrindədirlər.
Və məhz bu istəklərinə rəğmən xalqa qarşı pressinqi gündən-günə artırırlar.
Bıçaq sümüyə dirənir.
Və bu dirənmənin bumeranq effektini hesablamaq iqtidarında deyillər.
Ən böyük bədbəxtlikləri da elə bundadır.
Anlamırlar ki, ərşə çıxan ZÜLM çox ağır fəsadlar verə bilər.
Anlamırlar ki, bu xalqın, bu millətin də SƏBR KASASI bir gün dolub-daşa bilər.
Anlamırlar ki, nifrət və qəzəb intiqama çevrilə bilər.
Quba üsyanından görünür ki, nəticə çıxara bilmədilər.
Taxt-tacı ordu gücünə, polis gücünə deyil, QANUN gücünə qorumaq gərəkdir.
Çünki xalq qanunun bərqərar olması üçün ayağa qalxanda ZOR duruş gətirə bilmir.
Misirdə və Liviyada ZOR nəyə nail oldu?
Qoruya bildimi, Mübarəkin, Qəzzafinin taxt-tacını?
Ya o ZOR bu gün Suriyada Bəşər Əsədin oturduğu taxtı qorumaq iqtidarındadır?
Azərbaycanda QANUN başa keçirilməlidir. Və bu qanunu tapdalayan rüşvətxor məmur dəstəsi cəza almalıdır.
Dövlətin sərvətini talan edənlər cəza almalıdır.
Insanlarla INSAN kimi rəftar etməyənlər cəza almalıdır.
Bıçağı xalqın sümüyünə dirəyənlər cəza almalıdır…
Bıçağın sümüyə dirənişi Azərbaycanı yerindən oynada bilər.
Bunu kimsə yaddan çıxarmasın.

Bıçaq sümüyə dirənir
•