“Azərbaycandakı durumundan narahatlıq rəsmi Berlinin mövqeyidir”
Alman ombudsman Markus Löninq azərbaycanlı fəalla birgə mətbuat konfransında sərt danışıb
Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Almaniya görüşlərində ölkədə insan hüquq və azadlıqlarının durumu əsas müzakirə obyekti olub. Görüş iştirakçılarından “İnsan Hüquqları” Klubunun rəhbəri Rəsul Cəfərov bu haqda aprelin 20-də RATİ-də keçirdiyi mətbuat konfransında bildirib. Səfərin məqsədi Azərbaycanda insan haqlarının durumunu nəzərə çatdırmaq və onu müsbətə doğru dəyişmək üçün beynəlxalq birliklərin dəstəyini qazanmaq olub.
Səfər aprelin 16-dan 19-na kimi davam edib. Almaniya Xarici İşlər Nazirliyində, Almaniya kanslerinin dəftərxanasında görüşlər olub. Almaniya insan haqları komissarı Markus Löninqin iştirakı ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında M.Löninq vurğulayıb ki, Azərbaycanda insan hüquq və azadlıqları sahəsində durumundan narahatlıq təkcə Almaniya mətbuatının, ayrı-ayrı siyasətçilərin, vətəndaş cəmiyyəti təmsilçilərinin yox, həm də rəsmi Berlinin mövqeyidir. Azərbaycanın Avropa Şurasına üzv olarkən üzərinə öhdəliklər götürdüyü, həmin öhdəlikləri yerinə yetirməyə borclu olduğu mövqeyi səslənib.
Həmin mətbuat konfransında Azərbaycan təmsilçilərinin ölkədə insan hüquq və azadlıqlarının təmin olunmaması haqda düşüncələri Almaniyanın 26 qəzet, radio və telekanallarında əksini tapıb. Azərbaycan, Ukrayna və s. kimi dövlətlərdə insan haqlarının pis olması durumuna Avropa Şurasının tutduğu biganə mövqedən narazılıq ifadə edilib. Şuraya üzv olan ölkələrdə insan haqlarını pozan məmurlara sanksiya tətbiq olunması, Şuranın işlək və “dişli” hala salınması məsələsi müzakirə edilib (“Turan”).