Turqut Özal ölmədən öncə nəyi planlaşdırırmış?

Türkiyənin səkkizinci prezidentinin oğlu atasının həyata keçməyən planlarını açıqlayıb

Türkiyənin səkkizinci prezidenti Turqut Özalın şübhəli ölümüylə bağlı danışan oğlu Əhməd Özal “atam ölməsəydi 1 aydan sonra çıxış edəcəkdi və o, həmin çıxışda istefa verdiyini açıqlayacaqdı” deyib. Atasının ölümüylə bağlı sualları cavablandıran Əhməd Özalın sözlərinə görə, keçmiş prezident oğluyla söhbətində ölümündən öncə – 1993-cü il mayın 19-da xalqa müraciətində istefasını açıqlayacağını deyibmiş.
Özal istefa verdikdən sonra yeni partiya qurmağı və onun sədri olmağı planlaşdırırmış. Əhməd Özal atasına qarşı bir neçə sui-qəsd cəhdlərinin də olduğunu deyib: “Turqut Özala bir neçə dəfə sui-qəsdlər hazırlanmışdı. Biz sonradan onların sui-qəsd olduğunu anladıq. Məsələn, baş nazirin  təyyarəsində qəza oldu. Təyyarənin içində 13 nəfər idik. Salonda yanğın baş verdi, az qalırdı təyyarə yerə çırpılsın. Yanacaq deposunun içində dəmir qandalların ətrafı elektrik kabelləri ilə örtülmüşdü. Onlar da bir-birinə sürtülüb yanğın yaratmışdı. 60 milyon dollarlıq təyyarədə belə şeylər ola bilməzdi. Indi aydın olur ki, bu, çoxsaylı sui-qəsd cəhdlərindən biriymiş. Rəhmətlik Turqut Özal əgər siyasətə yenidən qayıtsaydı ikinci dəyişiklik proqramını həyata keçirəcəkdi. Hazırda konstitusiya, dövlət və hüquq sistemində aparılan islahatlar da onun yeni proqramında var idi”.