Türkiyənin əfsanə sənətçisi dünyasını dəyişdi

 

Türkiyənin tanınmış müğənnisi, türk cazının usta ifaçısı Aytən Alpman ötən axşam vəfat edib. Azərbaycan tamaşaçılarının “Aliye” serialında “Ben varım” mahnısı ilə səsini tanıdığı müğənni 1974-cü il Kipr hərəkatı vaxtı “Məmləkətim” mahnısı ilə bütün dünya türklərinin ürəyini fəth etmişdi.

Aytən Alpman 1930-cu ildə Türkiyənin İstanbul şəhərində dünyaya gəlib. Səhnə ilə tanışlığı orta məktəbdə olsa da, peşəkar səhnə fəaliyyətinə 1952-ci ildə başlayıb. “Sayonara/Passion Flower” adlı ilk albomu isə 1959-cu ildə çıxıb. 1963-cü ildə İsveçə gedən müğənni peşə fəaliyyətini bu ölkədə davam etdirib və bir müddət sonra Türkiyəyə qayıdıb.

Vaxtaşırı müxtəlif müğənnilərlə albomları çıxan sənətçi 1995-ci ildə səs tellərindən əməliyyat olunub. 1999-cu ildə isə ən məşhur mahnılarından ibarət son albomu çıxıb.

Sətəlcəm diaqnozu ilə bir müddətdir xəstəxanada yatan 83 yaşlı müğənninin ötən axşam vəziyyəti qəflətən pisləşib. Bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb (ans press).

Allah rəhmət eləsin!