Səyavuş Novruzov İlham Əliyevi hədəfə gətirir

YAP-çı deputat düşük açıqlamalar verərkən prezidenti haqqında düşünmək istəmir

YAP-çı deputat Səyavuş Novruzov növbəti dəfə müxalifət haqqında səviyyəsinə uyğun fikirlər səsləndirib. O, AXC hakimiyyəti dövrünə işarə edərək deyib: “Onlar hakimiyyətə gələndə Azərbaycanda prezident, parlament sədri və baş nazir akademiyada laborant işləyirdilər. Bu üçlükdən hansı dövlətçilik siyasəti gözlənə bilərdi ki? Bu insanlar Azərbaycanı idarə etmək iqtidarında deyildilər”.
AXC hakimiyyəti dövründə Azərbaycanın prezidenti Əbülfəz Elçibəy, parlamentin sədri Isa Qəmbər, baş naziri isə Pənah Hüseyn olub. Hər üç şəxsin Səyavuş Novruzovdan üstünlüyünü  sübut etməyə ehtiyac yoxdur. Heç belə niyyətimiz yoxdur. Sadəcə Səyavuş Novruzova bir iki məqamı xatırlatmaq istəyirik. Əvvəla, Səyavuş Novruzov bilməlidir ki, Əbülfəz Elçibəy Azərbaycanın prezidenti olub. Özü də Heydər və Ilham Əliyevlər kimi hakimiyyəti zəbt etməyib. Xalqın etimadı ilə bu postu tutub. Ona görə də Novruzov onun haqqında aşağılayıcı tərzdə danışarkən utanmalıdır, əgər nə danışdığını anlayırsa. Üstəgəl Əbülfəz Elçibəy dünyasını dəyişib. Dünyasını dəyişmiş bir şəxs haqqında bu sayaq fikirlər səsləndirmək də etikadan kənardır.
Üçüncüsü, Səyavuş Novruzov unutmamalıdır ki, əgər Əbülfəz Elçibəy, Isa Qəmbər, Pənah Hüseyn lobarant olubsa belə, onun özü qapıçılıqdan və cangüdənlikdən siyasətə gəlib. Təmsil etdiyi hakimiyyətin məmurları, ARDNŞ prezidenti Rövnəq Abdullayev sürücü, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov qapançı, nəqliyyat naziri Ziya Məmmədov çilingər, fövqəladə hallar naziri Kəmaləddin Heydərov biznesmen, yerdə qalanları da Allah bilir kim olub. Onun prezidenti Ilham Əliyevə gəlincə, bu şəxs gödəkçə alverilə məşğul olub. Səyavuş Novruzov danışanda bu barədə düşünməlidir. Amma nədənsə düşünmək istəmir. Görünür, YAP-çı deputatın ya düşünmək imkanları məhduddur, ya da qəsdən bu cür açıqlamalar verməklə təmsil olunduğu hakimiyyətin yüksək vəzifəli şəxslərini, bu hakimiyyətin başında duran Ilham Əliyevi hədəfə gətirir.

Vidadi