Yevlaxda dələduzluqla məşğul olan dəstə ifşa edilib. Modern.az-ın məlumatına görə, polisin keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərin avtomobilindən külli miqdarda çek və jurnalist vəsiqələri aşkarlanıb.
Saxlanılan şəxslər özlərini vergi idarəsinin işcisi və jurnalist kimi təqdim edərək, qanunsuz yollarla vətəndaşlardan pul alıblar.
Yevlax şəhər Polis İdarəsindən bildirilib ki, dələduzluqla məşğul olan mütəşəkkil dəstəyə Gəncə şəhər sakinləri – 63 yaşlı Akif Rzayev, 61 yaşlı Saday Rzayev və 30 yaşlı Hüseyn Rzayev daxildir.
Əməliyyat-axtarış tədbirləri Yevlax rayonu Varvara və Salahlı kənd sakinlərinin Yevlax şəhər 11 saylı Ərazi Vergilər İdarəsinə daxil olmuş şikayət ərizələri əsasında aparılıb. Dələduzluqla məşğul olan cinayətkar dəstənin üzvləri özlərini həm “Dövlətin Yaşadılması” qəzetinin əməkdaşları, həm də Vergilər Nazirliyinin “Vergilərə nəzarət“ şöbəsinin işçiləri kimi təqdim edərək müxtəlif regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən və dükan sahiblərindən müəyyən nöqsanlarının olduğunu bəhanə gətirərək, xeyli miqdarda pul alıblar.
Aparılan əməliyyatlar zamanı saxlanılan şəxslərin avtomobillərindən külli miqdarda çek və onlara məxsus olan “Dövlətin Yaşadılması” qəzetinin vəsiqələri aşkarlanaraq götürülüb. Cinayətkar qrupun törətdikləri əməllərin sayının artacağı istisna edilmir. Elə bu məqsədlə polis saxlanılan şəxslərin çirkin əməllərinin qurbanı olan şəxslərə müraciət edib.
Qeyd edək ki, mütəşəkkil dəstənin başçısı Akif Rzayev əvvəllər Azərbaycan Texniki Universitetində kafedra müdiri işləyib, elmlər namizədidir.