“Oqtay Gülalıyev siyasi məhbusdur”

Vəkil İntiqam Əliyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev barəsində cinayət işi qaldırılmasını şərh edib.

“Media forum” saytına açıqlamasında vəkil deyib: “Cinayət işi Sabirabad rayon prokuroru Seyfulla Aslanovun qərarı əsasında açılıb, işin istintaqı rayonun polis idarəsinin müstəntiqi Qurbanəli Quliyevə həvalə edilib. İstintaqın Sabirabadda aparıldığını, Oqtay Gülalıyevin isə Bakıda saxlanacağını nəzərə alaraq gələn həftədən onun müdafiəsinə Zərdabda yaşayan Əlayif Həsənovla yanaşı Bakıdan olan vəkil Yalçın İmanov qatılacaq”.

İntiqam Əliyev bildirib ki, Oqtay Gülalıyev barədə 2 aylıq həbs qətimkan tədbiri qərarını onu 12 günlük inzibati həbsə məhkum edən şəxs – Sabirabad Rayon Məhkəməsinin hakimi Firdovsi Əliyev çıxarıb: “Hakim qanunvericiliyin tələbini kobud surətdə pozaraq həmin proses barədə onun vəkili Əlayif Həsənova məlumat verməyib. Daxili İşlər Nazirliyinin məlumatı yayılandan sonra Əlayif Həsənov qərarın surətini məhkəmədən əldə edə bilib və həmin qərardan apellyasiya şikayəti məhkəməyə təqdim ediləcək.

Oqtay Gülalıyevin əməlində nəinki cinayət tərkibi, heç inzibati xəta da yoxdur. Onun barəsində inzibati həbs seçilməsi də qanunsuz idi. Bu qərarın Prezident Administrasiyasından gəldiyinə və Oqtay Gülalıyevin siyasi məhbus olmasına heç bir şübhə yoxdur”.

Qeyd edək ki, İctimai Palatanın Koordinasiya Şurası da aprelin 20-də keçirdiyi iclasda O.Gülalıyevin həbsi məsələsinə toxunaraq onu siyasi məhbus kimi tanıyıb.

Oqtay Gülalıyev 2 aylıq həbs edildi

Oqtay Gülalıyev 12 gündəlik inzibati həbs cəzasının başa çatmasına bir gün qalmış Sabirabad Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Kürdəxanıdakı istintaq təcridxanasına aparılıb (contact.az).

***

Aprelin 8-dən Sabirabad rayon polis idarəsinin təcridxanasında saxlanılan «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyevə qarşı cinayət işi aşılıb.
 
Bu barədə “Azadlıq” radiosuna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
 
Onun barəsində cinayət işini Sabirabad rayon prokurorluğu açıb.
 
Oqtay Gülalıyev Cinayət Məcəlləsinin 220.2 maddəsi ilə (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) ittiham olunur.
 
İttiham təqsdiqlənərsə o, 3 il azadlıqdan məhrum edilə bilər.
 
Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunda Minbaşı kəndində daşqınlarla bağlı monitotinq apararkən saxlanılıb. Bir gün sonra rayon məhkəməsi onun barəsində 12 sutka inzibatı həbs qərarı çıxarıb. Onun kənd bələdiyyəsinin sədrinin şikayəti əsasında saxlandığı bildirilir. Bələdiyyə sədri Oqtay Gülalıyev tərəfindən təhqir olunduğunu idda edir.

Oqtay Gülalıyev isə vəkili ilə görüşündə heç kimi təhqir etmədiyini deyib və həbsinin də apardığı işlə bağlı olduğunu diqqətə çatdırıb.
 
Aperelin 20-də o azadlığa buraxılmalı idi.

O.Gülalıyev 2010-cu ilin yayından daşqınların nəticələrinin aradan qaldırılması məsələləri ilə fəal məşğul olan“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatorudur. Qərargah tərəfindən çoxsaylı dələduzluq, korrupsiya, icra orqanlarının vətəndaşları aldatması faktları aşkar edilib. O.Gülalıyevin vasitəçilik fəaliyyəti sayəsində minlərlə adam dövlət tərəfindən ala bilmədiyi kompensasiyanı, evi və digər yardımı alıb.

Son qərar Aran zonasında 8 rayonu əhatə etmiş daşqının nəticələrinin aradan qaldırılması üçün əlavə olaraq 50 mln. manatın ayrılması barədə Azərbaycan prezidentinin fərmanıdır.