Ölkəmizin antidemokratik seçkidən gələn başçısı adı var, özü yox Nazirlər Kabinetinin yığıncağını keçirib. Bizlər – ata-oğul Əliyevlər teatrının 19 illik bezgin tamaşaçıları – bir az yüngülləşdik. Oğul Əliyevin Seyfülislam çıxışına görə! Yadınızdadı, bütün demokratik dünyanın basqısı qarşısında başını itirən Qəzzafi oğlu Seyfülislam televiziya ekranlarından xalqına, xalqı ilə birlikdə demokratik dünyaya barmağını silkələməklə necə meydan oxuyurdu?! Bildiyiniz kimi, 42 illik Qəzzafi hakimiyyəti çoxdan devrilib, tutuqlu Seyfülislam isə özünün məhkəmə qərarını gözləməkdədir.
Bir-birinin ardınca yıxılan ərəb diktatorlarının hamısı bugünlər I.Əliyev etdiyini edərək… yıxıldılar. Bu baxımdan I.Əliyevin getdiyi yol öz yolu deyil, ondan qabaq yıxılmış diktatorların yoludur. Onun indi etdiyi çıxışlar da özündən az öncə yıxılmış diktatorların çıxışlarıdır. Ölkəni rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq içində boğan, bütün bu neqativ görsənişləri DÖVLƏT SIYASƏTINƏ çevirən, özünün, komandasının etdiklərindən doğan reaksiyaları qıraqdan yönəldilən siyasət adlandıran I.Əliyevin dediklərinə baxın: “Ancaq bu siyasətin heç bir nəticəsi yoxdur və olmayacaqdır. Çünki bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki, bu kürsüdəyəm heç vaxt olmayacaqdır. Biz öz yolumuzla gedəcəyik”.
Dönə-dönə oxuyun, sonra da bir-birinin ardınca yıxılan ərəb diktatorlarının yıxılana yaxın etdikləri çıxışları yadınıza salın: elə bil onlar prosesin haralara apardığını qabaqcadan bildiklərindən çıxışlarının kserokopiyasını BIZƏ göndəriblər. Bizdəsə, açıq plagiat olmasın deyə, aldıqları kserokopiyanın ora-burasına düzəlişlər eləyib Nazirlər Kabinetinin yığıncağına çıxarıblar. O yığıncağa baxan nənəm nə desə yaxşıdır: “Ay oğul, bu çıxış o Qəzzafinin, Seyfülislamın çıxışına yaman oxşuyur, yoxsa, indi də bunları yıxırlar?”.
Iran Islam Respublikasının keçmiş prezidenti Rəfsəncani bugünlərdə demişdi: “Boynumuza almalıyıq, bugünkü dünyada ABŞ-dan üstün güc yoxdur. Bugünkü dünyada bir supergüc var, o da ABŞ-dır”. Mən onda Rəfsəncaniyə inanmışdım, indi inanmıram. Supergüc Əliyevlərin Azərbaycanıdır. Görün I.Əliyev nə deyir: “bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki, mən bu kürsüdəyəm heç vaxt olmayacaqdır”. Gördünüz? Indi mən azacıq da olsa qorxub-çəkinmədən deyirəm: Rədd olsun Amerika! Amerika bizə yol göstərməsin, prezidentimiz demiş: “Biz öz yolumuzla gedəcəyik”- bu yol bizi cəhənnəmə aparsa belə! Diktator özümüzün, cəhənnəm özümüzün – ondan kimə nə var?! Bizim yolumuz SUVEREN DEMOKRATIYA yoludur. Bu bizim administrator-filosof seçimindən gələn yolumuzdur. Bu yol bizim ailəvi IPƏK YOLUMUZDUR. 40 ildən artıqdır bu yolu gedirik – bilirsiz bu necə gözəl, necə sevimli yoldur! Keçmiş sevimlimiz Nemət demiş: “Biz ölərik, bu yolu tərk etmərik!”.
I.Əliyev çıxışında çox düzgün olaraq demokratik dünya basınını da ələşdirir: “… nəinki hər həftə, hər gün (doğru buyurur – X.B.) Azərbaycan ilə bağlı çirkin, böhtan xarakterli yazılar gedir”. Bu yöndə sonra I.Əliyev bildirir: “Mötəbər, dünya səviyyəli mətbu orqanlarda çirkin yalanlar dərc edilir”. Burasını anlamadıq. “Mötəbər” ərəb sözüdür, bizim dildə sayğılı, sayılan, doğru-düzgünlüyünə inanılan deməkdir. Indi biz kimə inanaq: doğru-düzgünlüyünə inanılan basının Azərbaycanla bağlı yazdıqlarına, yoxsa, doqquz illik hakimiyyəti boyunca bu xalqa çoxlu yalanlar yağdırmış ölkə başçısına?
Kimlərinsə bizi qonşu ölkələrlə …üz-üzə qoymaq istəmələrinə gəlincə, Vikiliks saytı konkret faktlar göstərməklə, bizi qonşu ölkələrlə üz-üzə qoyan adamın adını çəkmişdi. Ad-soyadı bizdəki ölkə başçısının ad-soyadı ilə bütünlüklə üst-üstə düşən o adam Türkiyə, Iran, Rusiya ilə bağlı düşməncəsinə çıxışlarda bulunmuşdu.

İlham Əliyev: Bizi yıxırlar!..
•