Anormallığa diqqət edin, bu dövlətin yaradıcısının adı gələndə dövləti idarə edən bəzi şəxslərdə, xüsusən YAP yetkililərində abdominal sancılar baş qaldırır. Kişinin ərsəyə gətirdiyi bayrağı başlarının üzərinə tuturlar, onun dünyaya tanıtdığı himni oxuyurlar, qəbul etdiyi gerb möhürlərinə həkk olub, di gəl ki, adına hörmətsizlik edirlər.
Bu gün Azərbaycanı ələk-vələk etsən, iki-üç məkanda Məhəmməd Əmin Rəsulzadənin abidəsinə rast gələrsən. Heykəli doğulduğu Novxanı kəndindədir və o kənddəki hakimiyyət nümayəndələrinin bir dəfə də olsun milli öndərə sayğı göstərib abidəsi önünə gəlmir. Ötən yay Gəncədə dəmiryol vağzalı ətrafında bir parkda büstünü gördüm. Iki-üç metrliyində pivəxana açmışdılar. Bir büstü də Sabirabad rayonunda qalıbmış. Və bu rayonun təzə icra başçısı indi onu götürməyə qərar verib. Büstü oradan götürsə, mən o başçıya minnətdar olaram. Gəncənin icra başçısı da Məhəmməd Əmin Rəsulzadənin büstünü götürməyə qərar versə, ona da minnətdarlığımı bildirəcəm. Novxanıdakı heykəli götürsələr, söz verirəm, ölkə rəhbərliyinin və YAP-ın ünvanına bir məmnunluq teleqramı yollayacam.
Əminəm ki, belə bir mövqe sərgilədiyimə görə milli öndərin heyranları məndən inciməz. M.Ə.Rəsulzadənin nəvəsi, dostum Rəis Rəsulzadəyə də demişəm, indi də deyirəm, o KIŞININ HEYKƏLƏ-FILANA ƏSLA EHTIYACI YOXDUR.
Nədən ki, Məhəmməd Əmin Rəsulzadənin ilk dəfə qaldırdığı üçrəngli bayrağımız onun ən böyük abidəsidir.
Bütün dünya bilir ki, Şərqdə ilk demokrtik dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadədir.
Üçrəngli bayraq görəndə yeddidən-yetmişyeddiyə hər kəsin yadına milli öndər düşmürmü?
Yaxınlarda Gürcüstan prezidenti YAP üzvlərindən və yapsevərlərdən ibarət Milli Məclisdə çıxış edərkən Azərbaycan türkcəsində Məhəmməd Əminin müəllifi olduğu “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözlərini təkrar etmədimi?
Heykəl ürəklərdə qoyular. O BÖYÜK INSANIN heykəli ürəklərdə qoyulub. Gedib Azərbaycanın istənilən guşəsində sorğu aparsınlar, qapıları bir-bir döyüb Məhəmməd Əmin barəsində soruşsunlar və cəsarətləri varsa, Bakıya dönüb eşitdiklərini, gördüklərini bəyan etsinlər.
Onlar Məhəmməd Əmin Rəsulzadə haqqında obyektiv danışa bilmirlər.
O zatlar bolşevik xislətlərinə rəğmən Məhəmməd Əmin Rəsulzadəni dərk etmək iqtidarında deyillər.
Bu gün Azərbaycanın dörd tərəfinə Heydər Əliyevin heykəllərini, büstlərini düzürlər. Adına parklar salırlar, guşələr yaradırlar. 20 ildir ki, belə edirlər. 20 ildir ki, telekanallar Heydər Əliyevi təbliğ edir, onu göylərə qaldırır. Fəqət, Məhəmməd Əmin Rəsulzadənin ilk dəfə qaldırdığı bayraqdan yuxarı qaldıra bilmirlər.
YAP iqtidarı Azərbaycandan Məhəmməd Əmin Rəsulzadənin heykəllərini yığışdırmağa nail oldu. Ancaq ürəklərdə qoyulmuş heykəli kimsə dağıtmaq gücündə deyil.
Məhəmməd Əmin Rəsulzadənin adını tarixdən silmək olmaz. Bu əsla mümkün deyil.
SSRI kimi şər imperiyası belə bunu bacarmadı.
YAP iqtidarı bəlkə bacaracaq?
Parka, meydana qoyulmuş daş heykəllərin ömrü çox uzun olmur. Tarix sübut edir bunu. Ürəklərə qoyulmuş heykəllər, qan yaddaşına yazılmış abidələrin ömrü isə əbədidir.
Götürün, Məhəmməd Əminin daş heykəllərini!
Çünki Məhəmməd Əmin Rəsulzadənin heykəli Azərbaycan türkünün ürəyində, abidəsi Azərbaycan türkünün qan yaddaşındadır.
Milli öndərin ən uca abidəsi isə Azərbaycanın başının üzərində dalğalanır.
Dünya durduqca, Məhəmməd Əmin Rəsulzadənin adı ürəklərdə, qan yaddaşında və Azərbaycanın başının üzərində olacaq.

Götürün, o kişinin heykəllərini!
•