Əbülfəz Qurbanlı, ebulfez.qurbanli@yahoo.com
“Inqilab gənc mənlərin ruh yüksəkliyi üzərində qurulur”. Dəqiq və yerində deyilmiş fikirdir. Biz bunu ərəb ölkələrinin nümunəsində gördük. Ərəb ölkələrindən nümunə gətirmək Azərbaycan gəncliyinə ümidsizlik demək deyil. Gənclik bu prosesdə yardımçı rol oynamaqdan yeni bir müstəviyə qədəm qoyub. Indi gənclər bir koalisiya halında mövcuddur. Bu koalisiya müxtəlif qrupları özündə birləşdirir və yeni mərhələnin ilk mitinqi artıq keçirilib. Hazırkı format, siyasi proseslərə sürətlə qoşulma, siyasi partiya gənclər komitələrindən kənarda yeni, ictimai yönümlü gənclər təşkilatlarının formalaşması gəncliyin təşkilatlanmasını 2005-ci ildən xeyli fərqləndirir. Azərbaycanda aparıcı siyasi partiyaların gəncləri partiyanın imkanlarından və başqa amillərdən asılı olaraq çoxsaylı üzvlərlə daim fəaliyyətdə olub. Bu gün də partiya gənclər komitələri gənclərin birləşdiyi aparıcı gənclər strukturlarıdır.
Ictimai gənclər təşkilatları isə yaranıb, fəaliyyət göstərib, əksər hallarda isə sıradan çıxıb. Həm 2005-ci il, həm də sonrakı illərdə ayrı-ayrı gənclər təşkilatları olub, sonra yoxa çıxıb. Azərbaycan kimi ölkələrdə ictimai fəaliyyətli gənclər təşkilatlarına ciddi ehtiyac var. Bu qurumlar siyasi partiyalarda özünü realizə edə bilməyən gənclərin, gənclər qruplarının birləşməsi, fəallığı və maariflənməsi baxımından önəmlidir. Bir çox ölkələrdə ictimai təşkilatlarda formalaşan gənclər sonrakı fəaliyyətlərini siyasi partiyalarda davam etdirir.
Bizim ölkəmizdə ictimai təşkilatlar necə yaranır, nəyi hədəfləyir, hansı faydalar verir? 2005-ci il parlament seçkiləri ərəfəsində xeyli sayda yeni təşkilatlar yaranmışdı. “Yeni Fikir”, “YOX”, “Məqam”, “AN”, “Son”, “Çağrı”, “Dalğa”, “OL” və başqaları. Bu təşkilatlardan bəziləri açıq şəkildə siyasi məqsədlərlə yaranmışdı, konkret siyasi lideri, partiyanı dəstəkləyirdi. Digərləri isə ölkənin demokratikləşməsinin əsas məqsədlərindən biri olduğunu elan etsə də, o zamankı aparıcı siyasi blokun – “Azadlıq bloku”nun atributlarından fərqləndirən rənglər, istiqamətlər seçmişdi. “Yeni Fikir” təşkilatı “Azadlıq bloku”nun mitinqlərində fəal və narıncı rənglərlə iştirak edirdisə, “YOX” və başqaları yaşıl, çəhrayı rənglərlə qeyri-müəyyən addımlar atırdı. Təbii ki, bütün rəngləri heyvani olaraq qırmızı görən hakimiyyət isə yeni fikirçilərə etdiyi təzyiqləri digərlərindən də əsirgəmirdi. Rəng ümumi hərəkatın başlamasına işarə idi, buna qoşulmaq lazım idi. Məqsədlər də eynidirsə, ona başqa don geyindirməyə ehtiyac yoxdur. Daha böyük səhv nə idi? Bütün bu təşkilatlar ictimai adla yaransa da, onların fəaliyyəti siyasi çalarla dolu idi. Bu təşkilatların bəzilərinin fəaliyyətində gerçək müxalifəti bəyənməmək, yeni müxalifət, hər hansı ili hədəf seçmək kimi daha böyük səhv son anda onların yoxluğuna gətirdi. Bu təşkilatlardan yalnız “Yeni Fikir” hakimiyyətin rəzil və sərt repressiyaları ilə fəaliyyətini dayandırmalı oldu. Sədr Ruslan Bəşirli, müavin Ramin Tağıyev şərlənərək həbs olundu, sonradan Səid Nuriyev, Namiq Feyziyev isə ölkəni tərk etmək zorunda qaldı. Yerdə qalan təşkilatlar isə sadəcə, buxarlandı. Səbəb isə strategiyanın düz seçilməməsi idi. Yeni müxalifətçilik arzusu idi. O təşkilatların özünü proseslərdən təcridi idi. Əsas hədəfdən yayınmaqlarını “maarifləndirmək”, “maarifləndiririk” arqumentləri ilə ört-basdır etmək istəyənlər də oldu. Hərçənd ki, bu ölkədə maariflənmək sahəsində ən səmərəli işi görən təşkilat Azad Yazarlar Ocağının nümayəndələri olub, başqalarının maarifçiliyi isə “şən maarifçilik” adı ilə yaddaşlara hopub.
Ölkədə ağır şərtlərlə mübarizə aparan siyasi qüvvəni dəstəkləməyib, hansısa ili hədəfləyib qıraqda qalmaq nə qədər doğrudur? Məhz bu baxımdan hazırda siyasi partiyaların gənclər komitələri ilə bir arada fəaliyyət göstərən ictimai yönümlü bir neçə gənclər təşkilatının doğru seçim etdiyini alqışlamaq lazımdır. Ilk növbədə ona görə ki, onlar özləri üçün əlverişli olanı seçə biliblər. Bu seçim o təşkilatlar üçün geniş ictimaiyyət qarşısında təqdimat baxımından bir fürsətdir. Dəyişilməz prinsipləri, dəqiqləşmiş mövqeləri və düzgün menecerliyi olanlar bu fürsəti qaçırmayacaq.
Kim qazanır?
8 apreldən sonra ölkənin müxalif düşərgəsinə yaxın olanları, burdan qopub o tərəfdə yazıb-pozan hərşeyşünaslar, çoxbilmişlər mitinqləri pisləmək üçün yüz səbəb axtarışındadır. Biriləri deyir ki, 20-ci sahəyə getmək uduzmaqdır, “sərbəst toplaşmaq azadlığı var” deyə Ilham Əliyevə nəfəs verməkdir, başqaları deyir ki, Ilham Əliyev onsuz da sizi eşitmir, siz hər gün ondan danışırsız, o sizdən yox. Bu arqumentlərə bir cavab gəldi, “yağ müşavirəsi” ilə. Baxın, ötən il biz 20-ci sahə ilə razılaşmayıb şəhərin mərkəzində “icazəsiz” mitinq etdik. O ərəfədə dərhal “yumurta müşavirəsi”, “korrupsiya pəhrizi”, rayonlara səfər başlandı. Bu il biz razılaşaraq şəhərin kənarında mitinq etdik, hakimiyyət dərhal xalqa yalvarış, opponentlərə hədələyici mesajlarla dolu müşavirə keçirdi, artıq kiçik məmurlardan biri həbs olunub, yaxın günlərdə də cənub rayonlarına səfər olacaq.
Onlar hər iki halda ehtiyatlanır, bizsə məhz bu məqamda qazanırıq.