General baş leytenantı həbs etdirmək istəyir

Vaqif Axundovun sifarişilə İlham Əliyevin mühafizəçisi barədə cinayət işi başlanıb

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundov qanunsuz olaraq işdən çıxardığı baş leytenant Asif Lətifovu həbs etdirmək istəyir.
Bu barədə “Azadlıq”a Asif Lətifovun özü məlumat verib: “Bir müddət əvvəl məni Baş Prokurorluğa çağırmışdılar və Vaqif Axundova böhtan atmaqda ittiham etmişdilər. Bu gün (dünən-red) isə məni Hərbi Prokurorluğa çağırıblar. Bəlli olub ki, Baş Prokurorluqda barəmdə Cinayət Məcəllisinin 228.1-ci maddəsilə (döyüş sursatını saxlama) cinayət işi başlanıbmış. Sonradan iş Hərbi Prokurorluğa göndərilib. Müstəntiq Amil Rəhimov 4 saat məni dindirdi və mən baş verənləri olduğu kimi onun diqqətinə çatdırdım”.
Asif Lətifov bildirib ki, ona qarşı irəli sürülən ittiham saxtadır: “Mən mətbuata bildirmişdim ki, işçilərdən biri gülləni itirmişdi və mən tapmışdım. Səhəri gün gülləni idarənin daxili təhqiqat şöbəsinə təhvil vermişdim. Bunu mən mətbuatda da demişəm. Bu işdə cinayət tərkibi yoxdur. Əgər mənim əməlimdə cinayət tərkibi var idisə, niyə o zaman cinayət işi başlanmamışdı? Niyə mən Vaqif Axundovu ifşa etməyə başlayandan sonra bu iş yada düşüb? Bu sualların cavabı aydındır: Vaqif Axundov məni həbs etdirmək istəyir”.