“Forbes” jurnalı 2011-ci ilin yekunlarına əsasən, dünyanın ən yüksək ödənişli futbolçularının reytinqini açıqlayıb.
Lent.az-ın məlumatına görə, siyahıda birinci pilləni ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun yarımmüdafiəçisi Devid Bekhem tutur.
İngiltərəli oyunçu hesabat dövründə 47 milyon dollar qazanıb. Bunun 37 milyon dollarını reklam və sponsor gəlirləri tutub.
İspaniya “Real Madrid”inin hücumçusu Kriştianu Ronaldu 42 milyon dollar gəlirlə ikincidir. Qazancın təqribən yarısı sponsor müqavilələrindəndir. “3-lüy”ü “Barselona”nın futbolçusu və “Qızıl top” sahibi Lionel Messi tamamlayır. Argentinalı hücumçu ötən il 39 milyon dollar qazanıb ki, bunun da 19 milyon dolları sponsorlardandır. İngiltərə “Mançester Yunayted”inin forvardı Ueyn Runi (24 milyon dollar) 4-cü, “Real Madrid”in yarımmüdafiəçisi Kaka (21 milyon dollar) 5-cidir.
Qeyd edək ki, bir müddət öncə “France Football” nəşri Lionel Messini dünyanın ən bahalı futbolçusu adlandırıb. Kriştianu Ronaldu isə 3-cü olub.