İdrak Abbasova qarşı informasiya blokadası və qara piar hazırlığı haqda məlumat yayılıb
On beynəlxalq təşkilat Ilham Əliyevə müraciət etdi, hökumət isə jurnalistin döyülməsini anlaşılmazlıq kimi qiymətləndirdi
Bakının Sulutəpə qəsəbəsində döyülərək xəstəxanaya düşən jurnalist Idrak Abbasov hədələndiyini bildirir. Jurnalist “Azadlıq” radiosuna deyib ki, aprelin 19-da mobil telefonuna gizli nömrədən zəng gəlib: “Danışan şəxs adının Kərim olduğunu dedi. Mən Binəqədi Rayon Polis Idarəsində Kərim adlı bir nəfər tanıyıram, ya o idi, ya da başqası onun adından istifadə etdi. Hədə tonunda danışdı, guya günah məndə olub. Düzü, qorxdum və halım pisləşdi. Həkimlər yardım etdilər”.
I.Abbasov ailəsinin təhlükəsizliyinə görə narahat olduğunu deyib: “Ailəmizin qorunması üçün rəsmi qurumlara müraciət etmişəm. Evimizin ətrafında şübhəli maşınlar dolaşır. Evdəkilər də qorxur. Müxtəlif hədə-qorxular edilir, mesajlar göndərilir”.
I.Abbasov hələ də bədənində ağrılar hiss etdiyini, vaxtaşırı ona ağrıkəsici iynələr vurulduğunu bildirib.
Daxili Işlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahid isə hadisə ilə bağlı araşdırma aparıldığını bildirib:
“Idrak Abbasov şikayət etdi-etmədi, araşdırma aparılır və bu hadisəyə hüquqi qiymət veriləcək. O ki qaldı, polis əməkdaşının hədə-qorxu gəlməsinə, bu, inandırıcı görünmür. Onu hədələmək polisin nəyinə lazımdır”.
Redaktorlara pul paylanır?
“Jurnalistlərə və bəzi redaktorlara pul paylanır ki, Idrak Abbasovla bağlı məlumatı yaymasınlar. Bəzi mətbu orqanlarda Idraka qarşı ”qara piar” və şantaj başlamaq üzrədir”. Bu xəbəri tanınmış jurnalist Azər Rəşidoğlu “Facebook” səhifəsində paylaşıb. Məlumatla bağlı geniş müzakirə açılsa da, A.Rəşidoğlu söhbətin kimlərdən getdiyini bildirməyib.
A.Rəşidoğlu əməkdaşımızla söhbətində yaydığı məlumatı təsdiqləyib, lakin yenə də hər hansı ad açıqlamayıb.
“Azərbaycanda jurnalistə qarşı törədilmiş hər hansı təzyiq, fiziki güc və digər bu kimi addımlar Prezident Administrasiyası tərəfindən qətiyyətlə pislənilir”. Bunu, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Idrak Abbasovun döyülməsi məsələsinə münasibət bildirərkən deyib. Şöbə müdiri bildirib ki, Dövlət Neft Şirkəti bu məsələ ilə bağlı müvafiq işlər görür, bu hadisədə iştirak etmiş şəxslərin müəyyən olunması, onların sorğulanması istiqamətində addımlar atır və araşdırmalar aparır: “Hesab edirik ki, söküntü ətrafında baş vermiş hadisələr qəsdən və ya bilərəkdən jurnalistə qarşı törədilmiş hərəkət deyil, sadəcə olaraq söküntü qarşıdurması fonunda yaranmış anlaşılmazlıqdır. Azərbaycan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, tədbirlərin işıqlandırılması zamanı jurnalist bu və ya digər hadisələrlə bağlı foto və digər çəkilişlər aparan zaman kənarda dayanmalıdır və onlara qarşı da heç məhdudiyyət olmamalıdır. Əminəm ki, bu hadisədə anlaşılmazlıq olub və bununla bağlı araşdırma aparılıb müvafiq tədbirlər görüləcək”.
“Hökumət günahkarları məsuliyyətə cəlb etməlidir”
ABŞ-ın Azərbaycandakı səfirliyi də Idrak Abbasovun döyülməsi faktını pisləyib. Səfirliyin yaydığı məlumatda qeyd olunur ki, medianın azadlığı hər bir demokratiya üçün vacibdir. Eyni zamanda, jurnalistlər hədə və qorxu olmadan azad şəkildə işləyə biməlidirlər. Səfirlik Azərbaycan hökumətini dərhal və əsaslı cinayət araşdırmasını başlatmağa və hücumda günahkar olanları məsuliyyətə cəlb etməyə çağırıb.
Dünən 10 beynəlxalq hüquq-müdafiə təşkilatı Idrak Abbasovun işi ilə bağlı prezident Ilham Əliyevə açıq məktub göndərib.
Məktubda deyilir ki, Azərbaycan hakimiyyəti jurnalist Idrak Abbasova və Günay Musayevə amansız hücumla bağlı müstəqil və şəffaf təhqiqata başlamalıdır. Digər üç jurnalist Esmira Cavadovaya, Elnur Məmmədova və Qalib Həsənova hücumlar da bu təhqiqatın tərkib hissəsi olmalıdır: “Insident zamanı hadisə yerində polislər olub, lakin onlar jurnalistləri hücumlardan qorumaq üçün müdaxilə etməyiblər. Günay Musayeva bildirib ki, Idrak Abbasova hücumda polislər də iştirak ediblər”.
Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu da insident zamanı polisin rolunu yoxlamağa çağırır: “Öz peşə vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı zorakılığa görə məsuliyyət daşıyanların şəxsiyyətləri müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır. Bu hücum Nazirlər Kabinetinin iclasında siz ifadə və fikir azadlığına zəmanət verəndən 24 saat sonra baş verib. Odur ki, bu məsələ sizin təcili diqqətinizi və reaksiyanızı tələb edir.
“Sizi öhdəlik və zəmanətlərinizi sonadək yerinə yetirməyə çağırırıq”
Biz Azərbaycan hakimiyyətini zorakılığa son qoymağa, jurnalistlərə hücum edənləri açıq şəkildə pisləməyə çağırırıq. Hakimiyyət günahkarların və təhrikçilərin cəzalandırılması üçün təxirəsalınmaz, effektiv və müstəqil təhqiqata başlamalıdır. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, həmçinin insan hüquqlarına dair digər beynəlxalq sazişlərin iştirakçısı olan dövlət kimi Azərbaycan Avropa Insan Hüquqları Məhkəməsi və BMT Insan Hüquqları Komitəsi kimi beynəlxalq qurumların müvafiq qərarları da daxil olmaqla, beynəlxalq hüquqa uyğun olaraq insan hüquqlarına dair öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Biz sizi öz öhdəlik və zəmanətlərinizi sonadək yerinə yetirməyə çağırırıq ki, Azərbaycan hakimiyyəti bu hadisənin tam və şəffaf araşdırılması, həmçinin jurnalistlərə qarşı zorakılığın cəzasız qalmadığı atmosferin yaradılması üçün bütün mümkün tədbirləri görsün”.
Müraciəti “ARTICLE 19″un icraçı direktoru Anyes Kallamar, Jurnalistləri Müdafiə Komitəsinin proqram koordinatoru Nina Oqnyanova, “Human Rights House Foundation”ın regional meneceri Ane Bonde, “Senzura Indeksi”nin icraçı direktoru Kirsti Hyuz, Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Bet Kosta, Media Müxtəlifliyi Institutunun icraçı direktoru Milisa Peşiç, Norveç Helsinki Komitəsinin baş katibi Byern Enqesland, “Sərhədsiz Reportyorlar”ın baş direktoru Olivye Basil, Ümumdünya Qəzetçilər Assosiasiyasının direktoru Elison Meston, Beynəlxalq PEN klubun direktoru Sara Vyatt imzalayıb.