Dəfələrlə axtarsam da naziri tapa bilmədim

Şəhər polis rəisi də son saata qədər tapılmadı

4 iyun, səhər saat təqribən 10.00 idi…

709-cu hərbi hissənin ərazisində atəş səsləri eşidilirdi, aşkar hiss olunurdu ki, səhər tezdən olmasına baxmayaraq, orada artıq keflənmiş adamlar var. Dərhal operativ hissəyə zəng vurdum və tələb etdim ki, məni nazirlə calaşdırsınlar. Onu tapmadılar. Bu halda mənə 709-cu briqadanı mühasirəyə almaq, oraya silahlı adamların giriş-çıxışını önləmək üçün təcili olaraq əlavə qüvvə göndərilməsini tələb etdim. Xahiş etdim ki, naziri yerin dibində də olsa, tapsınlar, DIN və MTN-dən əlavə qüvvələr cəlb edilsin. Və yanımda bir mühafizəçidən başqa heç kim olmasa da, 709-un ərazisinə keçməkdən başqa çıxış yolu görmədim. Bilirdim ki, bu, həyatım üçün də çox təhlükəlidir, amma onları sakitləşdirmək, əlavə qüvvə gələnə qədər ləngitmək yeganə çıxış yolu idi. 709-un ərazisində qarşılaşdığım ilk adam komandir Eldar Əliyev oldu. O, kefli idi və əlində tapança vardı. Tələb etdim ki, tapançanı yığışdırsın, zabitləri bir yerə toplasın, çünki mən şəxsi heyətlə danışmalıyam. Ona özümü təqdim etdim, vəzifəmin adını və buraya gəlməkdə məqsədimi dedim. O, bir qədər sakitləşdi, zabitləri qərargahda bir otağa topladı.

İsa Sadıqov

əvvəli ötən saylarımızda

Onlarla açıq danışdım, hərbi hissənin tərxis olunması ilə bağlı əmrin mahiyyətini izah edərək bildirdim ki, konkret müddət qoyulub və bu müddətə uyğunlaşmaq lazımdır. Bildirdim ki, hərbi hissə buraxılandan sonra kim istəsə qalıb xidmətini davam etdirə, istəməyənlər də çıxıb gədə bilər. Izah etdim ki, ölkədə müharibə gedir və bu sayaq qarşıdurma bizim vəziyyətimizi mürəkkəbləşdirə bilər. Söhbət dinc axarda gədirdi. Zabitlərin çoxu məni tanıyırdı və ya haqqımda eşitmişdi. Buna görə də onlarla anlaşma problemi yox idi. Onların arasında Fərhad və ya Fikrət adlı birisi, – adını dəqiq xatırlamıram, – israr edirdi ki, bu məsələləri Surətlə razılaşdırmaq lazımdır. Mən izah etdim ki, Surətin bu hərbi hissəyə heç bir aidiyyəti yoxdur, zəruri bir problem olsa, onunla da söhbət ediləcək, indi isə təcili olaraq hərbi hissənin təhvil vərilməsi işinə başlamaq lazımdır. Əlavə etdim ki, biz eyni zamanda yeni hərbi hissənin formalaşdırılması işinə başlamalıyıq və ən qısa müddətdə torpaqlarımızın azad edilməsi işinə qoşmalıyıq. Onlar mənimlə razılaşdılar və bu zaman Eldar Əliyev xahiş etdi ki, o, əmrlə tanış olmaq istəyir. Amma məsələ burasında idi ki, əmr Bakıda verilmişdi. Eldar Əliyəv əmrlə tanış olmaq üçün oraya çağırılsa da getməkdən imtina etmişdi. hər halda, əmrdə söhbətin nədən getdiyini dəqiq bilirdi. Mən Eldar Əliyevdən xahiş etdim ki, şəxsi heyəti meydana yığıb mənim əmrlə geri dönməyimi gözləsin. Onları sakitləşdirib vaxt udmağa çalışırdım. Əlavə yardım gəlməli idi. Çünki mənim Maqomedova verdiyim 25 nəfərdən və Prezident Qvardiyasının bir bölməsindən başqa heç bir qüvvə yox idi. Vəziyyəti başa düşürdüm və nəyə görəsə, mənə elə gəlirdi ki, Surəti artıq hansısa şəkildə təcrid ediblər. Ən azı zərərsizləşdirildiyini ehtimal edirdim, çünki bunu etmək üçün lazımi orqanlara göstəriş verilmişdi.ÿ
Eldar Əliyevlə ilk görüşdən sonra mən hiss etdim ki, əmri yerinə yetirə bilərəm, hətta əlavə qüvvə gələnə qədər hərbi hissəyə giriş-çıxışı nəzarət altına almaq mümkündür. Məni narahat edən əsas məsələ bu idi ki, şəhərdə əhaliyə silah paylanmışdı və hansısa qarşıdurma olsa, onlar dinc əhalini qabağa verə bilərdilər. Buna görə də zabitlərdən birini Polis Idarəsinə yolladım ki, rəisi bura çağırsın. Əhalini buralara buraxmamaq üçün onun imkanlarından yararlanmalı idim. Amma son saata qədər onu tapmaq mümkün olmadı.
Beləliklə, 709-un zabitləri ilə danışıb onlardan şəxsi heyəti toplamağı və əmrin surətini gətirənə qədər məni gözləmələrini xahiş edərək oradan çıxdım. Operativ hissəyə zəng edərək təcili olaraq əmrin surətinin göndərilməsini, nazirin tapılmasını tələb etdim və əlavə qüvvənin nə zaman gələ biləcəyini soruşdum. Nazir tapılmadı, əlavə qüvvə məsələsində heç nə dəyə bilmədilər, amma təqribən 40 dəqiqədən sonra əmrin surətini mənə çatdırdılar.ÿ4 iyun, səhər saat təqribən 10.00 idi.ÿ(Sonrakı istintaq sənədlərində belə bir cəfəng iddia irəli sürülmüşdü ki, guya səhər saat 5-6 radələrində Qazax briqadası 709-cu briqadanın ərazisinə hücum edərək orada adamları öldürmüşdür. Baxmayaraq ki, mən dəfələrlə istintaqa və məhkəməyə bunun ağ yalan olduğu barədə ifadələr verdim, amma bu da kimlərəsə lazım idi və bu planı da belə qurmuşdular).
Əmri alan kimi yenidən 709-un ərazisinə getdim. Mənimlə birlikdə oraya Prezidənt Qvardiyasından Balakəndən və ya Zaqataladan olan Maqomedov familiyalı, avar millətindən olan bir nəfər də getdi. Hərbi hissəyə daxil olanda gördük ki, bütün şəxsi heyət, əsgər və zabitlər meydandadır. Burada bir müddət əvvəl Qazaxda həbs edərək qauptvaxta saldığım rusları gördüm. Onlar sıravi əsgər deyildilər, sıravi əsgər forması geymiş təlimatçılar idilər.
Burada mən özümün keçmiş əsgərlərimdən Kazımov familiyalı birini də gördüm və təbii ki, dərhal tanıdım. Ondan nə üçün burada və nə üçün silahlı olduğunu soruşdum…
1980-82-ci illərdə Almaniyada hərbi xidmətdə olarkən mənim batareyamda Naxçıvandan olan bir neçə əsgər vardı. Həsən Həsənov, Rasim Zeynalov, Məmməd Məmmədov. Kazımov isə arıq, uzunburun birisi idi və təsərrüfat vzvodunda idi.
Burada gördüyüm də həmin Kazımov idi. 11 il keçməsinə baxmayaraq, mən onları adbaad tanıyır və sifətlərini də xatırlayırdım.ÿ
Kazımov kobud şəkildə cavab verdi ki, onların hamısı burada, şəhərcikdədir. Və əlavə etdi ki, onların sayı burada çoxdur. Ton mənə qəribə gəldi. Biz Almaniyada bir yerdə olmuşduq. Orada mən yeganə azərbaycanlı zabit idim və azərbaycanlı əsgərlərlə də çox gözəl münasibətlərim olmuşdu. Normalda burada görüşərkən çox mehriban olmalıydıq. Amma eyni zamanda dərk edirdim ki, buraya toplaşanların hansısa xüsusi niyyətləri də ola bilər. Amma mən buna əhəmiyyət vermədim və kabinetə keçdim. Biz qərara gəldik ki, bir daha zabitlərlə toplaşıb əmri necə, hansı ardıcıllıqla icra edəcəyimizi müzakirə edək, ondan sonra isə şəxsi heyətin önünə çıxaq.ÿ
Eldar Əliyev qoluma girib bir kənara çəkdi və dedi: “Yoldaş polkovnik, mən hərbçiyəm, situasiyanı və əmrin yerinə yetirilməsinin məsuliyyətini anlayıram. Amma mən bunu etsəm, ailəmi və özümü məhv edərlər. Yaxşısı budur, siz bu məsələni Surətlə danışıb həll edin.ÿ
Mən ona dedim ki, əmri yerinə yetir, sənin özünün də, ailənin də təhlükəsizliyinin təminatı üçün söz verirəm, əgər zərurət olarsa, Surətlə də danışaram.
Biz kabinetdə toplaşdıq və praktik olaraq hamı yekdilliklə əmrin icrasına başlamağa razılıq verdi…

ardı var