Vahid Əhmədov: “Azərbaycanda nəinki icazəsiz ev tikmək, daşı-daş üstünə də qoymaq olmaz”
Milli Məclisdə gündəliyə çıxarılan cari məsələlərin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov son günlər qanunsuz tikililərlə bağlı yaranan problemlərə toxunub. Deputat bildirib ki, evlərin sökülməsi insanlar üçün çox ciddi problemlər yaradır. V.Əhmədovun sözlərinə görə, problemim kökündə dövlət ehtiyacı olan torpaqların qiymətləndirilməsi və dəyərin ödənilməsi məsələsi dayanır:
“Evlərin sökülməsi ilə bağlı insanlar cox ciddi problemlərlə üzləşirlər. Sulutəpə və Keşlə qəsəbəsi ilə bağlı hazırda ciddi problemlər üzə çıxır.Düşünürəm ki, dövlət ehtiyacı olan torpaqların qiymətləndirilməsi və dəyərin ödənilməsi məsələsi həll olunarsa, problem də olmaz. Amma hadisələrin gedişi onu göstərir ki, bu sahədə ciddi problem yaşanır”.
Deputat həmçinin qeyd edib ki, evlərin “icazəsizdir” deyə sökülməsi düzgün deyil. Çünki, Azərbaycanda icazəsiz nəinki ev tikmək, daşı-daş üstə qoymaq belə mümkün deyil.
“Qeyd edirlər ki, bunlar icazəsizdir. Amma Azərbaycanda icazəsiz daşı-daş üstünə qoymaq mümkün deyil. Bunu hamı bilir. Öncə qiymətləndirmə siyasəti dəyişdirilməlidir. Azərbaycanda inkişafın getdiyi bir zamanda bu qiymətləndirmə məsələsi ciddi problem yaradır. Buna görə də, biz bu məsələni ciddi müzakirə etməli və bununla bağlı bir sənəd hazırlamalıyıq”-deyə V.Əhmədov vurğulayıb.
Deputat daha sonra torpaqların qiymət artımında yaranan özbaşınalıqlara toxunaraq məsələnin ciddiliyini diqqətə çatdırıb.
“Hərə bir şəkildə dəyər ödəyir. Müxtəlif qiymətlər qoyulur. Bu doğru deyil. Hərə bir şəkildə torpağa qiymət qoyur. Bunu bazar müəyyən etməlidir. Məmurların ixtiyarına buraxanda insanlar ciddi problemlə üzləşirlər. İnsanların problemlərini nəzərə alaraq, biz mütləq bu məsələdə qanunvericiliyimizə dəyişiklik etməliyik” (modern.az).