Davadan sonra

Anarın gənc yazarlara həsr etdiyi həcv gündəmdədir. Onun qeyri-rəsmi, Ilham Əliyevin isə rəsmi vəkili Rəşad Məcid fəxrlə, “bir mətn günlərlə insanları məşğul edir, deməli, onu yazan böyük adamdır”, deyib.
Rəşad müəllim anlamır ki, müzakirə edilən həcvin bədii məziyyəti deyil, böyük ziyalı və ağsaqqal tituluna iddialı birinin naqolay hərəkətidir. Bu, təxminən hörmətli bir tədbirdə adamın belindən şalvarı düşməsi kimidir. Insanlar bu hadisədən illərlə də danışa bilər, bu o anlama gəlmir ki, onun səbəbkarı yüksək məziyyət yiyəsidir.
Anar müəllimin gənc yazarlara həsr etdiyi həcvə yönələn ən böyük tənqid onun içərisində aşağılayıcı ifadələrin olmasıdır. Təəccüblənmirəm, mətnin adı üstündə – həcv. Anar ədəbiyyat adamıdır, məncə, hələ heç kim ona hansısa janrda özünü sınamağı qadağan etməyib.
Sadəcə o mətnə ancaq gülmək olardı. Bu həcv döyüşçünün düşmənə atdığı qumbaranın öz əlində partlaması kimidir. Zədələnən Anar müəllim özü oldu.
Anarın həcvindən müxalifət də zərərdidə oldu. Anar heç, o, hər zaman müxalifətdən küsülülük saxlayıb, aşkar-gizli müxalifətə antipatiyasını ifadə edib. Ancaq bu həcvdən sonra Anarın hədəflədiyi gənc yazarlar müxalifətə də əl buladılar.
Məsələn, tanınmış yazar Elnur Astanbəyli Müsavat başqanının müavini Tofiq Yaqublunun “Anarofil” məqaləsinə görə müxalifətlə iqtidarı bir medalın tərs üzü adlandırdı. Ölçü hissinin bu qədər itirilməsinə nə ad vermək olar, anlamıram. Tofiq Yaqubluya axı necə qadağan etmək olar ki, Anarın yaradıcılığını, fəaliyyətini bəyənmə. Adam belə düşünür. Əlbəttə, şərin buyruğunda duran insanların bəyənilməsini həzm etmək rahat deyil. Ancaq bir ədəbi simpatiyaya görə müftəxorları, yetim malını və xalqın haqqını yeyənləri, bu yaramazlığa qarşı dirəniş göstərənlərlə necə eyniləşdirmək olar?
Bu elə Elnurun özünün vaxtilə tənqid etdiyi Ramiz Rövşən mövqeyidir (“Mən eyni zamanda iqtidardan da, müxalifətdən də iyrənə bilərəm”. R.Rövşən).
Düşünürəm, azad yazarlar sıra və fəaliyyətlərində bir səfnəzər işi aparmalıdırlar.
Bu gün gənc yazarların Şərif Ağayar, Qan Turalı nümunələri var. Adamlar Anar pisdir, pisdir deyə-deyə gedib “Jalə” şirəsinə yığışıblar. Və orda da dayanmayıb müxalifəti zədələyən obyektiv olmayan rəy yaradırlar. Mən əminəm ki, indi Qan Turalı “Anar” sözünü yazanda dörd dəfə qələmini yerə qoyub, qaldırır. Bu adamlara və o qəbildən olanlara döyüşüb təslim olanlar da demək olmur. Təslim olan oturub cəzasını çəkər, daha tərk etdiyi yerə güllə atmaz. Keçən ilin yazında kəskin mövqe dəyişikliyi edən Qan Turalı bunu doğru sayır, amma ilin yazında müxalifətin Bibiheybətə getmək qərarını indi dəyişməsini səbatsızlıq.
Sadaladıqlarım Anarın zərərli ictimai-siyasi mövqeyinə haqq qazandırmaq üçün heç kimə əsas vermir, ancaq demoqogiya və müxalifətə tənə üçün zəngin baza yaradır.
Yaxud astronomik sürətlə müxalifətə baş vuran və həmin sürətlə də müxalifət düşərgəsini tərk edən Əli Əkbəri deyək. Mən Əli Əkbərin “Amneziya”sını Anarın bütün külliyatından çox sevirəm.
Ancaq ortada heç bir tutarlı fakt olmadan Əli Əkbərin indi müxalifətə “çuşka” deməsi Anarın müxalifə fikirə zərbəsinə təndir ki, az deyil.
Heydər Əliyev Fondunun xoşməramlı layihələrində iştirak edən, naməlum səbəbdən populyarlaşan Mir Cəlal Paşayevin dünya ictimaiyyətinə tanıdılması üçün səy göstərən Əli Əkbər müəllim və Anar… Ictimai-siyasi baxımından bu iki şəxs də mənim üçün bir medalın tərs üzləridir.
Ədəbiyyat sahəsində yaranan son qovğada təəccübləndiyim tək adam Seymur Baycan oldu. “Mən heç vaxt kişilərə yönələn ”novruzəli” tənəsindən narahat olmuram. Çünki özümü Novruzəli saymıram” deyən Seymur bəy, Anarın olduqca zəif “Sirkə Badımcan” atmacasından narahat ola bildi.
Sonda… Gənc yazarlar şəxsən mənə təkcə yaşları 20-30 həndəvərində olduğuna, yazdıqlarına görə deyil, sərgilədikləri vətəndaş mövqeyinə, ölkədəki zülmə qarşı dirənişlərinə görə əziz və mübarəkdir. Mövqe yoxdursa, hər yazar aşağı-yuxarı Anardır.