ABŞ bütün dünyanı nəzarətə götürür

Dünyanın bütün telefon danışıqları və internet əməliyyatları bir mərkəzdən izlənəcək

ABŞ administrasiyası Yuta səhrasında dünyanın ən böyük dinləmə mərkəzini inşa etdirir. Dünyadakı bütün telefon danışıqları, internet trafiki, gizli yazışmalar dərhal nəzarətə götürülərək yaddaşa köçürüləcək. “Telefonda nə dediyinizə, internetdə nə etdiyinizə diqqət yetirin!” deyə ABŞ mediası dünyanın ən sirrli və kompleks kəşfiyyat xidməti sayılan nəhəng sistemi şərh edib.
2009-ci ildə “yaddaş mərkəzi” olaraq açıqlanan işin ilk addımları 2003-cü ildə, 11 Sentyabr hadisələrindən 2 il sonra o zamankı ABŞ prezidenti Corc Buş tərəfindən atılıb.

Ötən ilin yanvarında təməli atılan sistem “Xalqın ən böyük kiber təhlükəsizlik layihəsi” kimi təqdim olunub. Maraqlı burasındadır ki, ölkədə kiber təhlükəsizliyə məsul olan Daxili Təhlükəsizlik Nazirliyindən heç kim sistemin təməlqoyma mərasiminə qatılmayıb. İnşaat işləri davam etdikcə səhrada ucalan nəhəng obyekt haqqında fərziyyələr də yayılmağa başlayıb. Mediaya məlumat sızdıran kəşfiyyat mənbələri Yuta səhrasındakı obyektin dünyada ən böyük dinləmə mərkəzi olacağını deyib. Peyklərdən, yeraltı və dəniz altındakı kabellərdən keçən hər cür ünsiyyət, qısası dünyanın bütün ünsiyyət trafiki bu mərkəz tərəfindən izlənilərək qeydə alınacaq.

Obyektin bu əməliyyatları reallaşdıra bilməsi üçün 93 min kvadrat metrlik yığım sahəsi və dünyanın indiyədək görünməmiş, ən sürətli əməliyyat reallaşdırma gücünə malik super komputerindən istifadə ediləcək. Həmin komputer saniyədə 1 katrilyon əməliyyat həyata keçirə bilmək gücünə sahibdir. Sistemin məlumat toplama gücü hər il 2 milyarddan çox insanın internetdə etdiyi bütün əməliyyatların cəmindən 1 milyon dəfə çoxdur. Bundan əlavə məlumatların içində açar sözlərdən istifadə olunacaq, ABŞ təhlükəsizliyini təhdid edən hər şey ayırd edilə biləcək. Çünki mərkəzin server tutumu 500.000.000.000.000.000.000 (5 kentilyon) səhifə məlumat yaza biləcək gücə malikdir.
Kəşfiyyatçıların verdiyi məlumata görə, mərkəzin qeydə alacağı ünsiyyət trafiki belədir: Fərdi telefon danışıqları (mobil və sabit xəttlərdən edilən bütün danışıqlar), elektron poçt trafiki, fərdi “Google” axtarışları, elektron ticarət məlumatları, səyahət məlumatları (hava yolu və səyahət şirkətlərindən verilən məlumatlar bazasında), maliyyə məlumatları, xarici ölkələrin ordularına aid hər cür gizli məlumatlar, bütün diplomatik yazışmaların trafiki.

İnformasiya şöbəsi