Minlərlə insan müzakirə aparır
Internet izləmələri göstərir ki, Ictimai Palatanın mitinqinə yüksələn maraq var
Ictimai Palatanın 22 apreldə keçirəcəyi mitinqə sosial şəbəkələrdə də diqqət böyükdür. Mitinqlə bağlı “facebook”-da ayrıca “22 apreldə ”Sahib Ol” mitinqi keçirilir – sən də qoşul!!” səhifəsi açılıb. Bu səhifədə mitinqin yeri, ora gedən marşrutların və aksiyanın əsas şüar və məqsədi izah olunub. Səhifə vasitəsi ilə 25 minə yaxın şəxsə “mitinqə qatıl” dəvəti göndərilib.
Səhifədə mitinq mövzusunda müxtəlif müzakirələr də aparılır. “facebook”da ayrı-ayrı istifadəçilər də öz profillərinə mitinq və xüsusilə 22 aprelə çağırışla bağlı fotolar qoyaraq ictimaiyyəti fəallığa çağırırlar.
Ötən gün sosial şəbəkədə “22 aprel”lə bağlı iki qeyd xüsusən diqqət çəkmişdi. Onlardan birini Sabirabad rayonunda Sahib Rüstəmli adlı istifadəçi yazmışdı. O bildirirdi ki, danışıq və eşitməsində qüsur olan övladı öz dostları ilə aksiyaya qatılacaq. Onların çox sayda problemləri var, o problemlərin öhdəsindən dövlətin verdiyi 35 manatlıq müavinətlə ayaqda qalmaq müşküldür. Sahib Rüstəmli facebook dostlarına oğlunun xahişini çatdırmışdı: “Bizim tələblərimizi nümayiş etdirəcək şüarların yazılmasında kömək edin”.
Şirvandan isə I.Niftiyev adlı istifadəçi şəkər xəstəliyi olmasına rəğmən aksiyada olacağını yazmışdı və bildirmişdi ki, təşkilatçılar bu cür həssas qrupun mitinqi normal izləməsi üçün xüsusi iş aparmalıdır.
Bəstəkar Firudin Allahverdi isə mitinqdə səsləndiriləcək musiqi hansı olsun deyə “facebook”da müzakirə açaraq dostlarının təkliflərini dəyərləndirmişdi.
Ümumiləşdirsək, keçən vaxtlarla müqayisə etdikdə, mitinqlərlə bağlı neqativ tonda müzakirə və rəylərə sosial şəbəkələrdə təsadüfü hallara rast gəlinir. Əksəriyyət dəyişiklik və demokratikləşmə üçün 22 apreli müsbət qiymətləndirərək ya özünün aksiyada olacağını bildirir, yaxud da çevrəsini mitinqə səsləyir.
Novruz