İsrail İranı ABŞ-sız vura bilər?

Vəfa Quluzadə: «Iran danışıqların davam etdirilməsi üçün şərait yaradacaq və çalışacaq ki, ona zərbə dəyməsin»

Israil növbəti dəfə Irana qarşı hərbi əməliyyatlara başlayacağı günü açıqlayıb. Bunun üçün son tarix kimi mayın 23-ü göstərilib. Artıq Israilin “Kanal 10″ telekanalı Iranın nüvə obyektlərinə qarşı planlaşdırılmış hərbi əməliyyatlar barədə bir neçə həftə davam edən təhqiqatının nəticələrini efirə verib.
Telekanalın bildirdiyinə görə, Israil Iranın nüvə silahı ambisiyalarından geri çəkilməsinə yönələn beynəlxalq diplomatik səylərin nəticəsini mayın 23-nə qədər gözləyəcək. Bu tarixin seçilməsi də təsadüfi deyil. Çünki məhz həmin gün Bağdadda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın Iranla nüvə danışıqlarının ikinci raundu olacaq. Danışıqların birinci raundu aprelin 12-də Istanbulda keçirilib və Qərb rəsmiləri ”müsbət irəliləyişlərin” əldə olunduğunu bildiriblər. Lakin Israil tərəfi bu danışıqlarda heç bir nəticənin əldə edilmədiyini və hərbi əməliyyatlar planının gündəmdə qaldığını bildirib.

Belə olan halda Qərbin, xüsusilə də ABŞ-ın razılığı olmadan Israil Irana qarşı hərbi əməliyyatlara başlaya bilərmi?
Politoloq Vəfa Quluzadə Israilin Iranı təzyiq altında saxlamaq üçün belə bəyanatlar verdiyini deyir. Baxmayaraq ki, nəzəri baxımdan müharibənin başlaya biləcəyi mümkündür.
Ekspertin sözlərinə görə, Amerika ilə Iran arasında razılıq əldə olunsa və Iran danışıqları davam etdirərək müsbət nəticənin olacağına söz versə, Israil danışıqların sonunu gözləməli olacaq. Bunu anlayan Iran isə danışıqların davam etdirilməsi üçün şərait yaradacaq və çalışacaq ki, ona heç bir zərbə dəyməsin.

Fizzə