Sergey Lavrov NATO-Rusiya Şurasının toplantısından acıqlı çıxdı
Brüsseldə keçirilən Rusiya-NATO Şurasının toplantısında Avropanın raketdən müdafiə sistemləri və Əfqanıstanda vəziyyətlə yanaşı, anti-terror strategiyaları, Suriyada hadisələr və İranın nüvə proqramı da müzakirə edilib. İclasın açılışında çıxış edən NATO baş katibi Anders Foq Rasmussen bildirib ki, bütün məsələlərlə bağlı razılıq əldə olunmasa da, tərəflər onların müzakirəsinin davam etdirilməsində qətiyyətlidir. “Raket müdafiəsi üzrə əməkdaşlıq bizim əlaqələrimizə təsir göstərə və hamımız üçün təhlükəsizliyi gücləndirə bilər. Çünki biz eyni təhlükələrlə üzləşirik və onlara qarşı effektli mübarizədə əməkdaşlığın bizim üçün əhəmiyyəti böyükdür.”
Anders Foq Rasmussen Avropanın raketdən müdafiə sistemlərinin Rusiyaya qarşı yönəlməyəcəyinə və strateji balansı pozmadığına bir daha əmin edib.
O, Əfqanıstana Rusiya üzərindən tranzit yük keçidinin də çox yaxında genişlənəcəyini qeyd edib. Bunu və NATO-nun Əfqanıstanda təhlükəsizliyin təminatında Rusiyanın da dəstəyini yüksək qiymətləndirdiklərini deyən Rasmussen yeni prezident seçilmiş Vladimir Putinlə alyansın gələn ay Çikaqo sammiti ərəfəsində görüşəcəklərini və müzakirələr aparacaqlarını bildirib.
NATO baş katibi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə Gürcüstan məsələsini də müzakirə etdiklərini deyib. Anders Foq Rasmussen NATO olaraq Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiklərini vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə mətbuat konfransında bəyan edib ki, Gürcüstanın NATO-ya üzvlüyə namizəd statusunun saxlanması Moskvada təəccüb və ehtiyatlıq hissi yaradır. Onun sözlərinə görə, Gürcüstanın 2008-ci il müharibəsindən sonra yenidən hərbiləşdirilməsi prosesi çox sürətlə gedir.
Şuranın iclasına toxunan Sergey Lavrov orada əsas müzakirələrin Suriya ilə bağlı olduğunu deyib. Sergey Lavrovun sözlərinə görə, NATO baş katibi alyansın Suriya böhranı ilə məşğul olmadığını dəfələrlə desə də, bu iclasda həmkarlarının hansısa səbəblərdən, demək olar ki, hamısı Suriya haqqında danışıb. Rusiya-NATO Şurasının iclası çərçivəsində Sergey Lavrov ABŞ-ın dövlət katibi Hillari Klintonla da danışıqlar aparıb. Suriya böhranı bu görüşdə də müzakirə edilib.
Sergey Lavrov bildirib ki, Moskva Suriyaya beynəlxalq müşahidəçilərin göndərilməsinin bu ölkədə zorakılığa təşviq edənlərə qarşı mübarizədə kömək ola biləcəyini hesab edir. Onun sözlərinə görə, Suriyada vəziyyət qeyri-sabitdir və onu daha da pozmaq istəyənlər, iri miqyaslı zorakılığa təşviq edənlər var (ans press).