Norveçli cani yeni terrorla bağlı xəbərdarlıq etdi

Anders Breyvik: «Imkan olarsa, etdiklərimi tərəddüdsüz təkrar edərdim»

Ötən ilin iyulunda Norveçin paytaxtı Osloda və Utoya adasında həyata keçirdiyi terror aktlarıyla 77 nəfərin ölümünə səbəb olan Anders Breyvikin məhkəməsi davam edir. O, prosesin əvvəlində törətdiyi qanlı olayları etiraf edərək “iyulda etdiklərim Ikinci Dünya müharibəsindən sonra dünyanın diqqətini çəkən ən səs-küylü hadisə oldu” deyib. Breyvik müdafiə çıxışında Islama və müsəlmanlara qarşı fikirlərini dilə gətirib.
Norveçli cani imkanı olarsa yenə də qanlı hadisələr törətməkdə tərəddüd etməyəcəyini bildirib. O, ölkəsində fəaliyyət göstərən iki millətçi təşkilatın olduğunu, onların da yeni hücumlara hazırlaşdığını söyləyib. Breyvik türklərin də qatı düşməni olduğunu açıqlayıb. O, Almaniyada türkləri qətlə yetirən radikal millətçilərə də bəraət qazandırıb: “Türkləri öldürənlərlə qurur duyuram”.
Breyvik ötən gün keçirilən növbəti məhkəmə iclasında onun etdiklərini hər kəsin edə biləcəyini söyləyib. Cani əlavə edib ki, hər kəs ürəkli və cəsur olmasa da sonradan dəyişə bilər. Breyvik tək olmadığını, bundan sonra da onun fikirlərini bölüşən və onun kimi hərəkət etmək istəyənlərin çoxluq təşkil etdiyini deyib. Terrorçu xarici əlaqələriylə bağlı suala cavabında bildirib ki, o, London və Liberiyada mühüm görüşlər keçirib. O, Londona Avropanın tanınmış siyasi xadimləri və hərbi dairələriylə görüşdüyünü, onların da dəstəyini aldığını söyləyib. Breyvik Liberiyada olduğu zaman isə serb millətçisi ilə görüşdüyünü bildirsə də, həmin şəxsin kimliyini açıqlamayıb.