Möhtərəmin mötəbər narahatlığı

Nazirlər Kabinetinin iclasında Ilham Əliyev elə beləcə də dedi: “Mötəbər, dünya səviyyəli mətbu orqanlarda çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir altında olan digər mətbu orqanlar yayır. Beləliklə, rəy formalaşır”.
Əvvəla, bu “mötəbər” sözündən başlayaq. Əgər bir nəşr “mötəbər”, “dünya səviyyəli” sözü ilə ehtiva edilirsə, onun “çirkin yalan” yazdığını demək nə qədər məntiqlidir?
Ikincisi, Azərbaycan haqqında “mötəbər”lərin rəy formalaşdırmasından “möhtərəm” niyə indi narahat olur?
Hələ bir neçə il öncə Azərbaycanda insan haqlarının pozulması, korrupsiyanın tüğyan etməsi, rüşvətxorluğun kəlləçarxa çıxması, möhtərəmin Dubayda villalar almasını ABŞ-ın “mötəbər nəşri” yazanda niyə buna qarşı kəskin reaksiya verilirdi? Niyə “mötəbər nəşrin” yazdıqlarından nəticə çıxarmaq əvəzinə ABŞ-dan düşmən obrazı düzəldilir, hakimiyyət mirzələri dünyanın bu güc mərkəzinə qarşı sifarişli hərzə-hədyanlar yağdırırdı?
Bəlkə, elə güman edirlər ki, “mötəbər” nəşrlərin qarşısına möhtərəmin “divar qəzetləri”nin çıxarılması nəticəsində ABŞ mətbuatı “susmağa” məcbur oldu? Doğrudanmı, hakimiyyətin ideoloqları bu qədər bəsit düşüncəyə sahibdirlər?
Heç olmasa, “ümumilliləri”nin dəyər verdiyi, dostluq etdiyi ABŞ və dünya siyasətinin fikir babalarından olan Bzejinskini oxusaydılar… Bzejinski yazırdı ki, ABŞ Şərqi Avropa və Asiya siyasətində Avropanın iki ən nüfuzlu dövləti – Almaniya və Fransa ilə birgə hərəkət etməlidir və siyasətini onlarla uzlaşdırmalıdır.
ABŞ Administrasiyasına yaxınlığı ilə seçilən “Vaşinqton Post”un Azərbaycana yönəlik bir neçə tənqidi yazısının ardınca “estafetin” Avropanın nüfuzlu mətbuat orqanlarına keçməsinin səbəbi də budur!
Uzun illər Qafqaz siyasətində dominantlığı Fransa edib: Heydər və Ilham Əliyevlərin prezident seçilən kimi ilk səfərlərini Fransaya etmələri, Jak Şirakın “Heydər Əliyev ordeni” ilə təltifi, Ilham Əliyevin “legioner”liyinin arxasında bir çox siyasi mətləblər dayanır. Amma Fransa Senatının “erməni soyqırımı qadağası” ilə bu ölkənin Azərbaycanda nüfuz itkisini hesablayanlar sıradan adamlar deyillər.
Bax, məhz ona görə 2012-ci ildə Almaniya önə çıxdı: “Estafetin Almaniyaya keçdiyini” yazmaqla “Yeni Azərbaycan” qəzeti həqiqəti ortaya qoyub. Iqtidar mətbuatının Azərbaycana yönəlik “bu çirkin kampaniyanın arxasında Almaniya hakimiyyəti durduğunu” deməsi də reallığı əks etdirir.
Bəli, artıq Azərbaycan haqqında rəyin formalaşması prosesinin son akkordlarını başa vurmaq missiyasını Almaniya öz üzərinə götürüb. Maraqlı odur ki, Almaniya təkcə mötəbər mətbu orqanları vasitəsilə “çirkin yalanlar” yazmır, həm də alman QHT-ləri, fondları Azərbaycan müxalifəti ilə işləyirlər – iqtidar mətbuatı belə yazır.
Sivil dünyanın Azərbaycan siyasəti tam çılpaqlığı ilə ortada: Avropa artıq qərarını verib – Azərbaycan hakimiyyəti haqqında “mafioz”, “julik” rəyi hazırdır, daha iqtidarla yox, müxalifətlə təmas qurulur.
Belə də gözlənilirdi. Yazılanlardan, tənqiddən nəticə çıxarmamağın aqibəti başqa necə olmalıydı? Nə vaxta qədər “Azərbaycanın daxili işlərinə heç kim qarışa bilməz” deyə korrupsiya, rüşvət siyasətini davam etdirəcək, azadlıqları boğacaqsan? Nə vaxta qədər “insan haqları heç bir ölkənin daxili işi deyil” iradını qulaqardına vurub, öz vətəndaşlarını türməyə soxacaqsan? Nə vaxta qədər dünyada baş verən böyük dəyişikliklərdən Azərbaycanı kənarda tutmağa çalışacaqsan? Dünya xəritəsində zorla görünən və milli problemləri xirdəyəcən olan bap-balaca bir Azərbaycanı təcrid edib, burda xanlıq qurmaq, ölkəni “kefi istədiyi kimi” idarə etmək olarmı?
Neft pullarının gətirdiyi başgicəllənmə nə qədər sürəcək? Milyardarlarla sərvətini Avropa banklarında saxlayıb, Avropa dəyərlərinə nə vaxta qədər arxa çevirmək olar? Niyə hesablamırdılar ki, günlərin birində “mötəbər nəşrlərin arxasından” dövlətlərin özü görünəcək?