Dünya Bakıda jurnalistlərin döyülməsinə etiraz edir

Beynəlxalq təşkilatlar aprelin 18-də Sulutəpə qəsəbəsində İdrak Abbasovun və digər jurnalistlərin zorakılığa məruz qalmasına görə rəsmi Bakını tənqid edib.  

Nyu York Jurnalistləri Müdafiə Komitəsi, Amnesty İnternational, Freedom House, bundan əvvəl isə “Sərhədsiz reportyorlar” İdrak Abbasovu vəhşicəsinə döyənlərin və digər reportyorlara hücum edənlərin dərhal cəzalandırılmasını tələb edib. Hücumda Dövlət Neft Şirkətinin təhlükəsizlik xidmətinin 20-yə yaxın əməkdaşı iştirak edib. Onlar jurnalistləri ən amansız üsullarla  döyüblər.

“Məni futbol topu kimi ora-bura ataraq döydülər”, – ağır xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Abbasov telefonla bildirib.
Baş verənlərə baxmayaraq, ARDNŞ-nin mətbuat xidməti indiyədək ittihamlara cavab verməyib. Jurnalistləri Müdafiə Komitəsi hesab edir ki, polis baş verənləri sakitcə müşahidə edib və İ.Abbasovu, “Yeni  Müsavat” qəzetinin reportyoru Günay Musayevanı, Liberty radiosunun müxbiri Esmira Cavadovanı, Qalib Həsənovu və Elnur Məmmədovu  müdafiə  etməyib.

“Biz öz işini yerinə yetirən İdraka və onun həmkarlarına vəhşicəsinə hücumdan şoka düşmüşük”, – Komitənin nümayəndəsi  Nina Oqnyanova bildirib. “Əgər hakimiyyət Eurovision müsabiqəsinə beynəlxalq mətbuatı dəvət  etmək istəyirsə, onda hücum faktını araşdırsın və göstərsin ki, jurnalistlərə qarşı kobudluq yolverilməzdir”, – o vurğulayıb.

“Hakimiyyət düşünür ki, Eurovision ərəfəsində gözəl şəkilləri yaymaqla müsbət imiç formalaşdırır. Lakin məlumdur ki, hakimiyyət ölkədə mənfi məqamların işıqlandırılması cəhdlərini açıq şəkildə boğur”. Bunu isə Amnesty İnternational təşkilatının nümayəndəsi Con Dalussen bildirib. “Azərbaycan mətbuat azadlığına hörmət etməlidir, Eurovision müsabiqəsinin təşkilatçısı – Avropa Yayım Birliyi jurnalistləri müdafiə etməlidir”, – deyə o, vurğulayıb.

“Günün günorta çağı təhlükəsizlik xidmətinin İdraka hücum edərək döyməsi Azərbaycanda cəzasızlıq atmosferindən və jurnalistlərin hüquqlarının açıq şəkildə pozulmasından xəbər verir”,- Human Rights Watch təşkilatının nümayəndəsi Hyu Vilyamson bildirib. O, Avropa Yayım Birliyini baş verənlərə öz münasibətini bildirməyə çağırıb.  

Freedom House isə öz bəyanatında qeyd edib ki, Azərbaycan jurnalistlərin işləməsi üçün ən pis yerlərdən biri olaraq qalır, burada müstəqil mətbuat daim təqib olunur. İdrakla  bağlı insident bu cür çoxsaylı hallardan biridir.

“Jurnalistin döyülməsi mümkün olan şey deyil. Bu, olmamalıdır”. Aİ-nin Bakıdakı missiyasının rəhbəri, səfir Rolan Kobia məsələyə münasibət bildirərkən deyib. Kobia bildirib ki, Aİ missiyası məlumatları öyrənir və İ.Abbasovun işi üzrə faktları yoxlayır. O, araşdırmanın yekunları ilə bağlı Aİ-nin xüsusi bəyanat qəbul etməsinin mümkünlüyünü istisna etməyib.