“Məni ən azı 10 nəfər vururdu”

Döyülən jurnalist danışdı

Aprelin 18-də Sulutəpə qəsəbəsində yaşayış evlərini sökən ARDNŞ işçilərinin ölümcül döydüyü jurnalist İdrak Abbasov başına gələnlər barədə “Azadlıq” radiosuna danışıb. 1 saylı Klinik Tibb Mərkəzinin travmatologiya şöbəsində müalicə olunan Abbasov deyib: «Əraziyə çatanda telefonu çıxarıb çəkməyə başladım. Elə bil məni gözləyirdilər. Hamı cumdu üstümə. Əvvəlcə telefonu əlimdən aldılar. Mən buna etiraz etdim. Sonra üstümə hücum çəkib məni təpikləməyə başladılar. Yerə yıxılmışdım, məni tapdalayırdılar. Məni ən azı 10 nəfər vururdu. Əllərində dubinka, taxta var idi. Onların əynində ADNŞ-nin hərbi ala-bula forması, bir də özlərinin polis formasına oxşayan formaları var idi».
Çətinliklə danışan, arada bir az fasilə edən jurnalist deyib ki, döyülən vaxt ətrafda polislər olsa da müdaxilə etməyiblər: «Polislər kənarda idilər. Onlar məni döyəndə əvvəl-əvvəl böyrümə – başıma dəyən təpikləri hiss edirdim. Mən 15-20 dəqiqə dayanmadan döyüblər. Sonradan heç nə  yadımda qalmayıb».

Həkim Almazxan Zeynalov deyib ki, İdrak Abbasovun vəziyyəti kafidir, o, ətraflı müayinə olunub, sağ gözünün ətrafında, bədəninin müxtəlif yerlərində əziklər var. İdrak Abbasov özü deyib ki, dünəndən özünü nisbətən yaxşı hiss etsə də ağrıları var: «Həkim deyir ciddi bir şey yoxdur. Gözüm elə də ağramır, belim, kürəyim ağrayır. Elə bil içalatım tökülür».