Hakimiyyət orqanları deyəsən, qəsəbə sakinlərinə qarşı repressiyaya hazırlaşır
Daxili İşlər Nazirliyi Sulutəpədə baş verən insidentlər bağlı məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən məlumata görə, aprelin 18-də Dövlət Neft Şirkətinin əməkdaşları, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz tikililəri sökərkən 200-250 nəfər qəsəbə sakini buna etiraz əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini, Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetirib. Bu zaman sakinlərdən İdrak Abbasov və Camal Əliyev də xəsarət alıb. İ.Abbasov və C.Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir. Sakinlər Bakı-Şamaxı yolunun 13-cü km-də avtomobil yolunu bağlamağa cəhd göstərib. Cəhdin qarşısı alınıb, onlardan 10 nəfəri Binəqədi RPİ 40-cı PB-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə protokol tərtib olunduqdan sonra buraxılıb.
Məlumatda adı çəkilən İdrak Abbasov jurnalistdir və hadisə yerində peşə borcunu yerinə yetirərkən ARDNŞ-in qoluzorluları onu ölümcül döyüb. Onunla yanaşı “Yeni Müsavat”ın əməkdaşı Günay Musayeva da döyülüb, lakin DİN-in məlumatında bu barədə heç nə deyilmir.
Məlumatın özü isə ehtimal etməyə əsas verir ki, hakimiyyət orqanları zorakılığa məruz qalan, evləri başına uçurulan sakinlərə qarşı üstəlik repressiyaya da hazırlaşır. Sakinlərin etirazlarının qarşısını almaq üçün onları istintaqa çəkib incidə, bəzilərini isə məsuliyyətə cəlb edə bilərlər. Xatırladaq ki, hakimiyyət orqanları artıq Quba olayı ilə bağlı belə bir taktikaya əl atıb.
ARDNŞ-dən isə ötən gün açıqlama vermişdilər ki, jurnalistləri döyənlərə qarşı cinayət işi qaldırılacaq. Şirkət baş verənlərlə bağlı bu gün mətbuat konfransı da keçirəcək. Gözləniləndir ki, ARDNŞ də Sulutəpədə əhaliyə və jurnalistlərə divan tutulmasının məsuliyyətini yerli sakinlərin üzərinə atacaq.
Hadisələrin inkişafını diqqətdə saxlayacağıq.
İnformasiya şöbəsi