“Ilham Əliyev, elə demişdin, bəs niyə belə oldu?” ritorikasında şərhlər artıq məndə ikrah yaradır. Bəli, 3 gün öncə hökumətin iclasında bir daha Azərbaycanda azadlıq olduğunu, söz azadlığının qorunduğunu, hətta toplaşma azadlığının mövcudluğunu bəyan etmişdi. Ölkədə hər şeyin gözəl olduğunu söyləmiş, yalnız insanların yağlı yeməklərə öyrəşdirildiyini pisləmişdi. Kim inanmışdı ki?!
Hamı da bilir ki, bunlar yağlı yalanlar ölkəsinin çoxdan öyrəşdiyi və heç kimin inanmadığı şüarlardır. Indi biz necə deyək ki, söz azadlığından danışırdınız, amma jurnalist döyüldü. Mənası varmı? Söz azadlığının olduğundan həmişə danışılıb. Bu yalan həmişə mövcud olub. Amma biz yalnız söz azadlığının boğulması və jurnalistlərin tapdanması azadlığını görmüşük.
Idrak birinci dəfə döyülmür. Bəlkə bu adamı döyüb öldürmək istəyirsiniz? Ailə üzvləri də döyülüb. Başına gəlmədiyi dərd qalmayıb. Övladını maşınla vuran adamı prokurorluq cinayət məsuliyyətindən azad edib. Başqasının maşınını sürücülük vəsiqəsi olmadan idarə edərkən azyaşlı uşağı vuran adamı sərbəst buraxıblar və hər cür məsuliyyətdən azad ediblər. Üstəlik, srağagün prokurorluq Idrakın özünü borclu çıxaran bəyanat verdi. Bərəkallah ölkəmizin yağlı demokratiyasına, tomatlı qanunçuluğuna.
Sual oluna bilər, Idrak niyə tez-tez döyülür? Çünki bu sadə, təmənnasız, vicdanlı jurnalist hər zaman ekstremal hadisələrin mərkəzinə gedir, işini görməyə çalışır, insanların harayının eşidilməsi üçün əlindən gələni etməyə çalışır.
Dünən Bakının Sulutəpə qəsəbəsində də insanların döyülməsini videolentə çəkirdi. Axı orada evi sökülən sakinlər də döyülüb. Bundan öncəki olaylarda da Idrak hadisənin, həqiqətin, haqsızlığın gizlədilməsinin qarşısını almaq üçün xəbər toplayırdı. Naxçıvana da ona görə getmişdi, heç kimin getmədiyi bir vaxtda oradan xəbər gətirsin. Orada isə oğurlanıb döyüldü.
Elə bilməyin Idrak döyülməyə öyrəşib və buna adi baxır. Insanın həyatını zəhərləyiblər. Gündə başına bir dərd gəlir. Izləyirlər, hədələyirlər. Srağagün axşam internetdə mənə yazmışdı: “O qədər döyülmüşük ki, evin qapısı döyüləndə səksənirik”.
Sabahısı yenə döyüldü. Amansızlıqla. Əynində jurnalist jileti olduğu halda.
Döyənlər də cəzasız qalır
Dəfələrlə döyülsə də, Idraka qarşı bu cinayətləri törədənlər heç vaxt cəzalandırılmayıb. Hətta bu cinayəti edənlərin kimliyi bilindiyi halda da. Ailə üzvlərini döydülər, yenə də heç kimə gözün üstdə qaşın var deyən olmadı. Övladını maşınla vuranı ortadan çıxarıblar. Bu nə deməkdir? Bu adamı öldürmək istəyirsiniz?
Şüşəqıranların kimliyi
Bu fotoya baxın. Məlumunuz olsun ki, dünən Idrakı döyənlər onu hadisə yerinə aparan maşının ön şüşəsini də sındırıb, dörd yanını əzişdiriblər. Maşına baxanda adam artıq bu adamların normal olduğuna inamını itirir. Maşın sizə neyləyib? Cansız maşını niyə döyürsünüz?
Gəlin onu da unutmayaq ki, məhz şüşə qırmaq ittihamı ilə günahsız insanlar – siyasi fəallar bir ildən çoxdur həbsdədir. Dünyanın vicdan məhbusu kimi qəbul etdiyi bu adamları bizim hakimiyyət məhz bu adla həbsdə saxlayır. Heç bir sübutları da yoxdur.
Amma dünənki olay bir daha göstərir ki, şüşələri kim qırır. Kimlər şüşələri qırır və cəzasız qalır.

Bu adamı öldürmək istəyirsiniz?
•