Azərbaycanın şərəf lövhəsi

Ilham Əliyev yağlı yeməkləri tənqid edən məlum və məşum çıxışında bir cümlə də işlətmişdi, demişdi: “Azərbaycanda bütün azadlıqlar var”.
Amma bu gün dəmir barmaqlıqlar ardında 16 vicdan məhbusu da var. Bəs bu necə olsun?
Bəs bu ziddiyyəti, absurdu necə izah edir əlahəzrət? “Bütün azadlıqların olduğu” ölkədə də söz azadlığına, sərbəst toplaşmaq azadlığına görə insan həbsdə olarmı?
Ilham Əliyev yağ içində üzən yeməkləri tənqid edir, ancaq yağ içində üzən məmurları tənqid edənləri də həbsə atdırır. Yəqin “Azərbaycanda bütün azadlıqlar var” deyərkən də zati-aliləri elə yağlı yeməkləri tənqid etmək azadlığını nəzərdə tutur. Sərbəst toplaşmaq azadlığı isə böyük ehtimalla, məsələn, hər səhər bir dəstə adamın ANS-in studiyasına yığışıb günə baxmasıdır.
***
16 vicdan məhbusu!
Azərbaycan üçün, Azərbaycanın həqiqi istiqlalı, hürriyyəti, çağdaş, modern, demokratik dünyanın bir parçasına çevrilməsi üçün döyünən 16 ürək!
Bir ölkənin, bir xalqın gələcək taleyini, yönünü müəyyənləşdirəcək 16 insan taleyi!
Biz onlara “vicdan məhbusu” deyirik, amma bunu da unutmuruq: bu ölkənin həbsxanalarında heç də həmişə vicdan məhbusları olmayacaq.
Əlbəttə, gün gələcək, onların yerində başqaları olacaq. Ədalət divanı qurulacaq Azərbaycanda və ölkəni bu yerlərə gətirənlərdən illərlə davam edən sümürücülüyün, yağmaçılığın, yalanın, saxtakarlığın, hüquqsuzluğun, zülmün hesabı istəniləcək.
Və onlar etdikləri bunca pisliklərin, cinayətlərin bədəlini azadlıqlarını itirmək bahasına ödəyəcəklər. Mütləq ödəyəcəklər. Əsla cəzasız qalmayacaqlar.  
Yəqin onda biz belələrinə də özlərinə layiq ad qoyacağıq – məsələn, “vicdansızlıq məhbusları”…
Hələliksə zindanlarda vicdan məhbuslarıdır.
“Azadlıq”ın 3-cü səhifəsini çevirin.
Səhifənin yuxarısında onların ard-arda şəkilləri düzülüb. Şəkillərin üstündə isə “Vicdan məhbuslarına azadlıq!” yazılıb.
Mən olsam, “Azərbaycanın şərəf lövhəsi” yazardım.
Başqa sözə nə hacət?
Mənasız narahatlıq
Qeyri-rəsmi atmosferdəki söhbətlərdə şahidi oluram, sosial şəbəkələrdə də tez-tez rastıma çıxır, bəzi dostlarımız “Eurovision”dan sonra ilə bağlı narahatdırlar.
Deyirlər ki, müsabiqədən sonra sonuncu əcnəbi də şələ-küləsini yığışdırıb getdimi, rejimin intiqam duyğusu yenidən alovlanacaq, ağzımızı qaşıyacaq-filan.
Mən bu narahatçılığa heç bir əsas görmürəm. Sanki başqa vaxt ağzımıza balmı sürtürlər?
Elə dünən baş verənlər də bir çox dostlarımızın narahatlığının nə qədər mənasız olduğunu ortaya qoydu. Iki jurnalistimizin – Günay xanımın döyülməsi, təhqir edilməsi, Idrak bəyin qanının tökülməsi göstərir ki, irtica nəfəs dərmir, o, hər zaman iş başındadır. “Eurovision”-lu da, “Eurovision”-suz da.
Siz baxmayın bunların yağ içində üzən yeməkləri bəyənməməsinə, jurnalistin qan içində üzməsindən zövq alırlar.
40 nə vaxtdan 20-dən kiçikdir?
Əkrəm Əylisli müsahibə verib, özünün Elçin Əfəndiyevlə, Anarla bir sıraya qoyulmasına etiraz edib. Deyib: “Məni 20 il vəzifədə oturan adamla yanaşı qoymayın”.
Mən bilirəm ki, Əkrəm müəllimin doğrudan da öz adının Anarla, Elçin Əfəndiyevlə yanaşı çəkilməsinə bir qıcığı var. Özü də bu çox ciddi qıcıqdır, ona görə də keçmişdə dəfələrlə onu əsəbiləşdirmək üçün bundan istifadə eləmişəm.
Mən elə bilirdim, bunun səbəbi Əkrəm müəllimin onları istedadca özündən aşağı hesab etməsi ilə (həm də haqlı olaraq!) bağlıdır. Ona görə də səmimi qəbul edirdim.
Məgər belə deyilmiş. Məsələ Elçinin, Anarın 20 il eyni postda oturması imiş.
O zaman soruşmazlarmı: 40 il hakimiyyətdə oturan adamı mədh edə-edə 20 il eyni postda oturan adamı bəyənməmək hansı səmimiyyət ölçüsünə aiddir? Məntiq bu işin harasındadır?