Sərgilədiyi ictimai mövqeyə görə zaman-zaman mənim də tənqid etdiyim yazıçı Anara təşəkkür etdiyim an gəlib çatdı. Anar müəllimin gənc yazarlara həsr etdiyi həcv məni çox sevindirdi. Təşəkkür etməyə bilmərəm. Illərdir bu adamın gerçək kimliyini başqalarına tanıda bilmirdik. Anar müəllim öz əlləri ilə özünü hamıdan yaxşı tanıtdı. Sözün geniş anlamında. Buyurun, Anarın mənəvi siması və ədəbi istedadı ortadadır…
Əkrəm Əylislinin “məktəbli səviyyəsində yazılmış bir mətn” kimi qiymətləndirdiyi bu şeiri ilk dəfə oxuyanda gözlərimə inanmadım. Dedim, bəlkə kimsə müəllifin adından parodiya yazıb. Hətta düşündüm ki, haqqında həcv yazılanlar özləri bunu yazıçının adından uydura, Anarla zarafat edə bilərlər.
Amma heç kim belə gülməli zarafat edə bilməzmiş. Bernard Şounun “həqiqət ən gülməli zarafatdır” deyimi özünü doğrultdu. Hansı qəzetdə çıxdığını biləndə isə, bu şeirin məhz Anarın yaradıcılığı olduğuna şübhəm qalmadı.
Bu dəfə özümdən şübhələnməyə başladım. Dedim ki, hazırda Vladimir Nabokovun dünya ədəbiyyatı barədə Harvardda və digər məşhur universitetlərdə oxuduğu mühazirələri oxuyuram, bəlkə bunun təsiri ilə zövq tələblərimdə aşırı olmuşam, necə deyərlər, göylə gedirəm. Bir daha oxudum və doyunca güldüm. Düzü, Anarın istedadlı olub-olmaması heç vaxt xüsusi maraq dairəmə aid olmayıb, ədəbiyyat adamı olmadığım üçün də bu barədə yazmamışam, amma dostlar arasında həmişə demişəm ki, o, istedadlı yazıçı deyil. O, keçmiş ədəbi axınların və zəngin şəxsi mütaliə bulaqlarının yaratdığı çayın gətirdiyi orta səviyyədən xeyli aşağı çəkisi olan quru ağacdır. Sadəcə sarmaşdığı siyasi budaqlar ondan par-par yanan qızıl ağac düzəldib. Hacıbala Abutalıbovun bayramlarda Çindən gətirdiyi işıqlarla bəzədiyi Bakı ağacları necə görünürsə, bu da elədir.
Anar Viktor Hüqonun Kozettanın otağını təsvir etdiyi kimi bir bədii mətn yaza bilərmi? Andrey Platonovun “Takır”ını icad edə bilərmi? Berhard Şlinkin “Qiraətçi”si kimi nəsr əsəri yarada bilərmi? Qurban Səidin dünya miqyaslı uğurunun yüzdə birini təkrar edə bilərmi? Bu, aydındır.
Heç olmasa, həcv yazarkən hamıya bəlli olan Aristofanın “Buludlar” və “Qurbağalar”ını yaxşı-yaxşı yamsılamaq olardı. Nəhayət, türk şairi Nəcib Fazil Qısakürəyin hökumət başçısına yazdığı həcvdən təsirlənə bilərdi…
Düzdür, sonuncu müqayisə lap ağ oldu. Anar hara, dövlət başçısını tənqid etmək hara?! O, dövlət başçısını tərifləyir, gənc həmkarına isə həcv yazır. Onun mahiyyəti budur. Onun xalq yazıçılığı bundan ibarətdir. O, xalqa zülm edənlərin yazıçısıdır, aldada bildiyi xalqın yox. Baxın, bu adam gənclərə yazdığı həcvdə də imkan tapıb analoqu olmayan yalançı uğurları tərifləyir, gəncləri ölkədəki inkişafı görməzlikdə suçlayır. Bu kiçik ədəbi davada da iqtidara arxalanır, onu köməyə çağırır.
Bu həcvin Rəşad Məcidin qəzetində çıxması da çox simvolikdir. Anar Rəşad Məcidi Yazıçılar Birliyinin katibi vəzifəsinə gətirmişdi ki, ona kömək edəcək. Kömək də edir. Amma məşhur filmdə deyildiyi kimi, bəziləri qədərdən qaçdığı halda, qədərə doğru gedir. Rəşad Məcidin köməyi Anar üçün tarixi biabırçılıq oldu. Bunu hiss etdiyi üçün Rəşad Məcidin özü də indi çox qəzəbli və emosional duruma düşüb. Amma gerçək Anarı tanımaq üçün çox tutarlı bir vasitə olan həmin şeiri çap etdiyi üçün ona da təşəkkür etməliyik.
Hər şey gün kimi aydın olduğu halda, kimsə mənim yanaşmamla razılaşmaya bilər. Olsun. Tutaq ki, zövq məsələsini və siyasi baxışları dartışmaq olar. Amma kimsə Anarı hələ əsl yazıçı sayırsa, buyursun haqqında danışdığımız həcvin ilk misralarına baxsın:
Qaraçı ləçərlər kimi
Həyasız və tərbiyəsiz
Cızma-qaraları yazar.
Necə? Məgər qaraçılar həyasız və tərbiyəsiz cızma-qaraları yazmaqla tanınır? Müəllif bunu haradan çıxardı? Bu nə cür müqayisə, bu nə metaforadır? Ədəbi ustalıq budurmu?
Bəs bir xalqı elə ağır sözlə necə təhqir etmək olar?
Siz yuxarıda adını xatırladığım Viktor Hüqonun qaraçı qadını Esmeralda obrazını (“Paris Notr-Dam kilsəsi”) və Anarın “qaraçı ləçər” kəlməsini müqayisə edə bilərsinizmi? Bilmirəm, gözəl qaraçı qızını şərləyən keşiş Klod Frollonu xatırladınızmı?
Amma bilin ki, bu həcvə qədər Anar yalnız bir xalqdan üzr istəməli idi. Öz xalqından – onu talayanlara təriflər yazdığına görə. Indi o, daha bir xalqdan da üzr istəməlidir. Ləçər adlandırdığı qaraçı xalqından da…

Yazıçı Anara təşəkkürlərim
•