Zati-alilərinin Nazirlər Kabinetinin iclasında telekanallardakı yemək verilişlərini tənqid etməsi çox xoşuma gəldi. Sitat: “Mən o verilişlərə hərdənbir baxıram və bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir”.
Əlbəttə, şən ölkəmizdə, hər yanı gülşən ölkəmizdə bütün problemlər həll edilib, məsələn, yoxsulların kökü kəsilmək üzrədir, düzdür, bir az qalıblar, onlar da intihar etdimi, bu iş tamamdır. Işsizlik ləğv edilib, hazırda ölkədə o qədər iş yeri açılıb ki, indi də işçi tapmaq olmur, iş yerləri ağzıgünə yatır. Obama şəxsən xahiş edib ki, həmin iş yerlərindən birini onun üçün saxlasınlar. Çünki Amerika səfeh ölkədir, orada prezidenti xalq seçir, odur ki, bir də gördün camaatın beyni qızdı, növbəti dəfə Obamanı prezident seçmədi, o da qaldı boş-bekar. Gəlib həmin iş yerlərindən birinə düzələr, balaları ac qalmaz. Medvedevi isə Putin yenidən prezident seçildikdən sonra Qaradağdakı yeni açılan karxanaların birində daş atarkən öz gözləri ilə görənlər var.
Qarabağdı – narahat olmağa dəyməz, nəinki müharibəyə, heç sülh danışıqlarına da ehtiyac yoxdur. Onsuz da Ermənistan sürətlə boşalır. Bir azdan Qarabağ da bizə qalacaq, üstündə Göyçə, Irəvan da.
Erməni dəyirmanına su tökənlərdi – allaha şükür, “Azərsu”nun sayəsində bu problem də həll edilib. Bu saat camaat heç çimməyə su tapmır, qalmışdı onu Ermənistanın dəyirmanına töksün.
Illik düşən yağıntının və göz yaşının miqdarına görə regionun lider dövlətiyik. Uçurulan evlər sayəsində isə adambaşına düşən daşa görə dünyada birinci yeri tuturuq.
Bir sözlə, ölkəmizdə hər yer abad, hər kəs xoşbəxtdir. Gül gülü çağırır, bülbül bülbülü. Qurd quzuyla otlayır. Insanların gözündən sevinc, üzündən yağ damır.
Yağ dedim, yadıma düşdü, zati-alilərinin bəyanatından danışırdıq axı. Həqiqətən də hazırda ölkəmizdə həllini gözləyən yeganə problem yeməklərin yağın içində üzməsidir. Buna yol vermək olmaz. Mən əminəm ki, belə yeməkləri təbliğ edən verilişlər də Azərbaycanı sevməyən daxili və xarici qüvvələrin işidir, onlar istəyirlər ki, xalqımızı piy bassın, onun igid övladları sürətlə kökəlsin, bayrağımızı Qarabağın ən uca zirvəsinə sanca bilmək üçün yuxarı dırmaşa bilməsin, tövşüyüb yarı yolda qalsın, ya da polis dubinkalayanda vətəndaşlarımız çox ətli-qanlı olduğu üçün az əziyyət çəksin.
Ironiyanı bir qırağa qoyuram. Tam ciddi deyirəm, baxmasam belə, mən də bu cür verilişləri şiddətlə qınayıram. Amma məsələ ondadır ki, bu saat Azərbaycanda yağ içində üzən yeməklər ancaq həmin verilişlərdə və bir də bir ovuc adamın evində bişirilir. Bunun çoxluğa nə dəxli var? Çoxluğun dərdi telekanallarda yağ içində üzən yeməklərin göstərilməsi deyil, öz evində yağ içində üzən yeməklər bişirmək imkanının olmamasıdır.
Günlərdir ölkə mediası Nərimanov rayonunda acından ölmək təhlükəsi ilə üzləşən dörd uşağın fəryadını, o uşaqların valideynlərinin imdad səslərini car çəkir. “Yağ içində üzən yeməkləri” ağrı ilə qarşılayan ürək buna görə niyə ağrımır bəs?
Həm də yalnız onlar deyil. Bu ölkədə hər gecə yüz minlərlə uşaq yatağına ac girir. Bətnindəki dörd aylıq körpə ilə bir qarın çörək üçün Türkiyəyə gedib orada fahişəliyə sürüklənən analar, övladına pul tapa bilməyib intihar edən atalar, anasına dərman almağa pulu olmadığına görə qışın sazağında evindəki peçi, əynindəki paltonu satmağa məcbur olan övladlar bu ölkədə. Ona görə də ağrımazmı ürək?
Ən əsası, yağ içində üzən yeməkləri bəyənmirsiniz, bildik, bəs yağ içində üzən məmurlar? Onları niyə bəyənirsiniz? Onları niyə toxunulmaz saxlayırsınız?

Yağ içində üzən məmurları bəyənir, amma yeməkləri yox
•
•