Sahibkar Əliyevləri ifşa etdi

Böyükağa Abdullayev: «Onların mənə qarşı törətdikləri cinayətin analoqu yoxdur»

Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevin sifarişilə həbs olunduğunu bildirən, hazırda Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılan Böyükağa Abdullayev “Azadlıq”a müraciət ünvanlayıb. Müraciəti ixtisarla oxucuların diqqətinə çatdırırıq:
“Azərbaycanda insanlar Prezidentin qohum-əqrabaları tərəfindən məhv edilirlər. Insanlar, caşqınlıq səfalət-aclıq icərisində yaşayırlar . Haqq səsini cıxardanlar, haqqını tələb edənlər həbsxanalara atılırlar. Insanlar dövlət cevrilişi, qanunsuz silah gəzdirmək, narkotik alışı-satışı kimi şər-böhtan maddələri ilə məhv edilirlər, həbsxanalara atılırlar.
Mən Ilham Əliyevin əmisi, Heydər Əliyevin qardaşı Aqil Əliyevin oğlu Ilqar Əliyevin sifarişi əsasında qanunsuz olaraq (22 iyul 2011-ci il tarixdə) həbs edilmişəm.
Baş Prokurorluq yanında Korrupsiya Idarəsi tərəfindən mənə verilmiş ittihamda konkret olaraq qeyd olunur ki, mən 2003-cü ildə prezidentin əmisi mərhum Aqil Əliyevin, 2006-cı ildən sonra isə Ilqar Əliyevin əmlakını, pulunu mənimsəmişəm.
Aqil Əliyev 2006-cı ildə vəfat edib. Bunlar isə 2009-cu ildə iddia qaldırırlar. Indi mən Aqil Əliyevi haradan tapım və desin ki, mən onun əmlakını, pulunu mənimsəmişəm, ya yox? Aqil Əliyev özü bu barədə tədbir görə bilməzdimi?
Mənə qarşı Əliyevlərin törətdiyi cinayət Azərbaycanda analoqu olmayan cinayətdir. Ona görə ki, məni kimi sadə insanların haqqını tələb edən insanları ancaq “ölülərə borcun var deməklə” ittiham edirlər, həbs etdirirlər.
Mənim həbsimin əsaslı olmasını sübut etmək üçün mərhum Aqil Əliyev dindirilməlidir, Ilqar Əliyevin ifadəsi alınmalıdır. Bunların heç biri olmayıb. Bununla da təsdiq olunur ki, mənim tərəfimdən Aqil Əliyevə və onun oğlu Ilqar Əliyevə qarşı heç bir cinayət törədilməyib.
Mənim həbsim sifarişdir, bütün bunlar mənim əmlakımı əlimdən almağa hesablanıb.
Faktiki olaraq, hal-hazırda bütün əmlakım Ilqar Əliyev tərəfindən alınıb. Əmlakım Ilqar Əliyevin yaxın adamları tərəfindən idarə və istifadə olunur. Bu özbaşınalıq deyilmi? Bunlar prezidentin qohum-əqrəbalarının özbaşınalığından xəbər vermirmi? Bunlar Azərbaycanda qanunların işləməməsindən xəbər vermirmi?
Bildirmək istəyirəm ki, haqq səsimi çıxartmamaq üçün mənim ailəmə hücum edirlər, hədə-qorxu gəlirlər, səsimizi beynəlxalq təşkilatlara çatdırarıqsa, şəxsi mülkümüzü, evimizi əlimizdən almaqla bizi qorxudurlar.
Mən bəri başdan deyirəm, mənim sifarişimi Baş Prokurorluğa verənlər və Ilqar Əliyev bilsin ki, artıq mənim pulum, gəlir gətirən obyektlərim yoxdur. Məndən Allah verdiyi canı almaq, ailəmi məhv etmək istəyirlərsə fikirlərindən daşınsınlar
Mən ailənin yeganə gəlir gətirəni olmuşam. Üç azyaşlı uşaq atasıyam. Təsəvvür edin, ailəmə bir manat qazanc gətirən yoxdu. Ailəm hal-hazırda aclıq və səfalət içərisində yaşayır.
Prezidentin qohum-əqrəblarının bu kimi hərəkətləri nə insanlığa, nə müsəlmanlığa, nə də azərbaycanlıya yaraşan hərəkətdir.
Azərbaycanda haqsız məhv edilənlər, təzyiqə, zorakılığa, şərə, böhtana məruz qalanlar, zindana salınanlar çoxdur! Ancaq mənim kimisi yoxdur. Ona görə ki, məni altı il bundan əvvəl (2006-cı ildə) dünyasını dəyişmiş mərhum Aqil Əliyevi aldatmaqda ittiham edirlər. Mənə qarşı irəli sürülmüş ittiham nəinki Azərbaycanda, deyərdim ki, dünyada analoqu olmayan yeganə ittihamdır ki, prokurorluq orqanları tərəfindən “sübut” olunub.
Çünki, fəaliyyətdə olan, hərəkətdə olan canlı, diri şəxsi – mənim 6 il bundan əvvəl dünyasını dəyişmiş ölüyə borclu olmağımı, onun etibarından sui-istifadə etməyimi ancaq Azərbaycanın prokurorluq orqanları “sübut”a yetirə bilər.
Mənə qarşı irəli sürülmüş ittihamdan görünür ki, Azərbaycanın prokurorluq orqanları dünyada yeganə orqandır ki, irəli sürdükləri ittihamı sübut etmək üçün dünyasını dəyişmiş insanlarla ünsiyyətdə, təmasda olublar.
Çox təəssüflər olsun ki, Azərbaycanın prokurorluq orqanları mərhuma olan “borcumu”  “sübut” ediblər, ancaq mərhumun ifadəsini ala bilməyiblər“.