Rusiya Ermənistanda RLS tikməyəcək

«Nezavisimaya qazeta»: «Rusiya Dnestyanında «Voronej» tipli radiolokasiya stansiyası yerləşdirmək niyyətindədir»

Rusiya Dnestyanında “Voronej” tipli radiolokasiya stansiyası yerləşdirmək niyyətindədir. Bu barədə dünən “Nezavisimaya qazeta” ölkə prezidentinin çevrəsinə yaxın mənbələrə istinadən məlumat yayıb. Yeni stansiya Tiraspolda tikilə bilər və bu, Rusiyanın Rumıniyada NATO hərbi bazaları və Avropa RƏM-in yaradılmasına cavablarından biri olacaq.
Eyni zamanda, qəzetin Rusiya Müdafiə Nazirliyindəki mənbəsi bildirib ki, Moskva, əvvəllər bildirildiyi kimi, Ermənistanda “Voronej” tipli stansiya yerləşdirmək niyyətində deyil. Bunun əvəzində Rusiya ərazisində – Leninqrad, Kalininqrad və Irkutsk vilayətlərində və Armavir yaxınlığında RLS şəbəkəsi tikiləcək.
Bir müddət əvvəl Moskvada yarımrəsmi mənbələr iddia edirdilər ki, Bakı və Moskva Qəbələ RLS-in icarə müddətinin uzadılması haqqında razılıq əldə etməsələr, Rusiya Ermənistanda RLS tikəcək. Öz növbəsində, Ermənistanın baş naziri Tiqran Sarkisyan ölkəsinin bunun üçün ərazi ayırmağa hazır olduğunu bildirib.
Bakı və Moskva hələlik icarə qiyməti barədə razılıq əldə edə bilmir. Hazırda bu məbləğ ildə 7 mln. dollar təşkil edir, Bakı qiyməti 300 mln. dollara qədər qaldırmaq istəyir.